Onlayn ictimai-siyasi qəzet
Tədqiqatçı: “Universitet xətrinə universitet, diplom xətrinə diplom mexanizmi həm maddi, həm mənəvi itkilərə, gələcəklə bağlı peşmanlığa gətirib çıxarır”
Tələbə qəbulu mövsümünün başlandığı bir dönəmdə Qırğızıstandan belə bir xəbər gəlib ki, bu ölkənin dövlət universiteti Qazaxıstan, Özbəkistan və Rusiyadan olan 59 əcnəbi tələbəni xaric edib. Səbəb audit zamanı “tələbə”lərin universitetdə təhsil almadıqlarını və ölkədən kənarda olduqlarının üzə çıxması olub.
Yəni onları adlarını necəsə universitetə yazdırıblar, tələbə siyahısında göstəriliblər. Əgər ifşa olunmasalar, bir neçə ildən sonra “məzun” olacaq, ali təhsil haqqında diplom olacaqlar.
Qeyd edək ki, bu məsələ ölkəmizdə də aktualdır. Öncəki illərdə yüzlərlə həmvətənimiz Kiyevdə, Mahaçqalada, Dərbənddə, Girəsunda “attestatla universitetə qəbul olur”, evlərində otura-otura “oxuyur”, bir müddətdən sonra “diplom” alırdılar. Hansısa saxta universitetdən ölkəmizin ən yaxşı universitetlərinə “köçürülmə” hadisələri də baş verirdi.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Yeni Müsavat”a şərhində bildirdi ki, vurğulanan problem və onun həlli yolları ilə bağlı Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xüsusən də son illərdə çox ciddi şəkildə məşğul olur:
“Təkcə, ötən il-2024-cü ildə xaricdə təhsil aldıqdan sonra diplomlarının tanıdılması məqsədilə müraciət edən 6058 nəfərdən 1117-nin diplomu tanınmayıb. Üstəlik, bu ilin təkcə yanvar ayında 402- müraciətçinin 102-nə mənfi cavab verilib. Təbii ki, hər ay üçün statistik göstəricilər var. Vətəndaşlar həmin rəqəmlərlə TKTA-nın rəsmi saytında təqdim olunan aylıq hesabatlarda tanış ola bilərlər. Onu deyə bilərəm ki, bu işlərlə bağlı şəffaflıq, ciddilik son illərdə xeyli artırılıb. Hazırda xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
Diplomların etibarlılığı məhz həmin prinsiplərə uyğun olaraq dəyərləndirilir. Kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli yerli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması (enic-naric.net keçidindən istifadə etməklə müvafiq məlumatı əldə etmək mümkündür) tələb olunur.
Məhz bu meyar diplomların tanıdılması zamanı diqqət edilən əsas faktordur. Vətəndaşlara dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında “Tanınmayan universitetlərin siyahısı” (https://www.tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi) və “Ən çox imtina alan universitetlərin siyahısı” (https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi) dərc edilib və mütəmadi yenilənir.
Halbuki diqqət ediləsi ən vacib məsələ məhz bu olmalıdır. Universitet xətrinə universitet, diplom xətrinə diplom mexanizmi həm maddi, həm mənəvi itkilərə, gələcəklə bağlı peşmanlığa gətirib çıxarır. Bunu TKTA-nın rəsmi saytından öyrənməklə, həmçinin, quruma sorğu əsasında müraciət etməklə öyrənmək çox asandır. Amma təəssüf ki, biz bu asan və ən vacib prosesə əhəmiyyət vermirik, 4 ildən sonra isə sırf bu səbəbə görə mənfi cavab alanda, diplomun etibarlılığı olmayanda narazılıq hədəfimizi də yanlış seçirik. Mənfi rəy alan, tanınmayan diplomların böyük əksəriyyəti məhz bu səbəbdən “geri qayıdanlardır”. İkinci meyara da diplomların tanıdılması zamanı xüsusi diqqət yetirilir. Bu meyar xaricdə alınan təhsilin əyani əsaslarla təşkilidir. Yəni, diplomunu təqdim edən şəxs yalnız ənənəvi formada, sırf xaricdə universitetin özündə oxumaqla diploma yiyələnməlidir”.
E.Nuri son illərdə qonşu dövlətlər və bir neçə Şərqi Avropa, MDB ölkəsindəki universitetlərdə distant üsulla təhsil alanların sayının artdığına diqqət çəkdi: “Bizdə bu tədris forması tanınmadığı üçün diplomlar da avtomatik olaraq etibarsız sayılır. Təsəvvür edin, hətta həmin universitet bizdə akkreditasiyadan keçsə də, məhz tədris formasının əyani olmaması səbəbindən diploma müsbət cavab verilmir. Üçüncü səbəb isə xüsusən Ukrayna və Rusiya universitetlərində alınan qiyabi əsaslı təhsillə, Türkiyədən isə açık öğretim formasında alınan təhsillə bağlıdır.
Qiyabi əsaslarla təhsil alan tələbənin azı ildə iki dəfə ölkədən çıxması, normativə uyğun təhsil aldığı ali təhsil müəssisəsində dərs və imtahanlarda iştirak etməsi (hər il 3-4 həftə, tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması, tibb və səhiyyə ixtisaslarına münasibətdə isə təhsilin bütün normativ müddətində təhsil alınan ölkənin ərazisində olmaq) tələb olunur.
Amma qiyabi əsaslarla oxuyanların bir çoxu diplomlarını təqdim edən zaman yoxlama prosesində uğursuzluqla üzləşir. Məlum olur ki, onların xarici pasportlarında bu 4 il ərzində oxuduqları ölkələrə getməkləri ilə bağlı yalnız iki rəsmi möhür var. Bu isə təhsilin formallığını göstərir. Nəticədə isə müraciətçi mənfi cavab alır.
ETN tabeliyində olan TKTA əsasən bu 3 meyar əsasında çox ciddi işlər görməklə saxta xarici diplomların
qarşısının alınmasında ciddi işlər görür”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ