İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmin ərazilərdə 140 min vətəndaşımız məskunlaşacaq

“Konstitutsiyamızın qəbulu və suverenliyimizin bərpasının əsası məhz Ümumilli Liderin yenidən hakimiyyətə qayıtması ilə formalaşdırıldı. 1991–1993-cü illərdə o zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti bütün sahələrdə kəskin böhrana, idarəetmədə ciddi nöqsanlara və anarxiyaya gətirib çıxarmaqla yanaşı, vətəndaşların ən adi konstitutsion hüquqlarının qorunması ilə bağlı ciddi problemlərə səbəb oldu”.

Musavat.com-un məlumatına görə, bunu deputat Vüqar Bayramov parlamentdəki xüsusi dinləmələrdə söyləyib.

Əlavə edib ki, o dövrdəki hakimiyyətin yaratdığı anarxiya ölkə konstitusiyasının qəbuluna imkan vermədi:

“Məhz 1993-cü ilin iyun ayında Milli Liderin yenidən hakimiyyətə qayıtması Azərbaycan üçün böyük zəfərə imza atmanın təməlini formalaşdırdı.

Vüqar_Bayramov.jpg (3.90 MB)

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, möhtərəm Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Suverenliyimizin tam bərpasının banisi Milli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və Şanlı Ordumuz oldu.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi”.

Vüqar Bayramov deyib ki, Milli Lider yenidən hakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375 milyon manat idi:

“2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6,1 milyard manata qədər yüksəldi. Büdcə gəlirlərimiz 100 milyon manat idisə, hazırda gəlirlərimiz 38 milyard manatdan çoxdur.

Əgər ölkə iqtisadiyyatı 1995-ci ildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür.

1993-2003-cü illəri əhatə edən birinci mərhələdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stabilliyin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı.

2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dayanıqlı və inklüziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müasir çağırışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu”.

Deputat qeyd edib ki, hazırda Azərbaycan tarixinin ən şanlı günləri və parlaq səhifələri yaşanır:

“Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir. Bütün bunlar cənab Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu.

27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunan bütün digər ərazilərimiz kimi, Füzuli rayonu da Azərbaycan Prezidentinin rəhbərliyi altında yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyub.

Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR