Onlayn ictimai-siyasi qəzet
İranın yüksək vəzifəli rəsmiləri ali lider Ayətullah Əli Xamneyinin ABŞ prezidenti Donald Tramp administrasiyası ilə danışıqlara başlamaq qərarını gözləyirlər.
Musavat.com xəbər verir ki, məlumatı “The Jerusalem Post” məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən yayıb. Mənbənin sözlərinə görə, iranlılar bunun əksini açıqlayan bəyanatlara baxmayaraq, ABŞ-la danışıqlarda maraqlı olduqlarını bildiriblər, lakin yekun qərar yalnız Xamneyinin olacaq.
Mənbə qeyd edir ki, İranın Ali Rəhbərinin belə bir dialoqa icazə verməkdən imtina etməsinin onun mövqeyinə görə, yoxsa onunla ünsiyyətdə olan çətinliklərlə bağlı olduğu aydın deyil.
Bir sıra KİV-lər Xamneyinin məxfi yerdə, yeraltı bunkerdə olduğunu, bu isə rəsmilərin ona yaxınlaşmasını çətinləşdirdiyini yazıb.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi IRINN-ə müsahibəsində bildirib ki, Tehran nüvə proqramı üzrə danışıqları bərpa etmək üçün Vaşinqtonla razılaşmayıb: "Danışıqları bərpa etmək üçün heç bir razılıq və ya anlaşma olmayıb. Bu məsələ ilə bağlı heç bir vəd verilməyib və müzakirələr aparılmayıb".
Bu arada, NBC şənbə günü bildirib ki, ABŞ prezidentinin elçisi Stiv Vitkoffun yaxın günlərdə İran nümayəndələri ilə İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmaya dair danışıqlar aparacağı gözlənilir.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ