İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın səssiz ordusu, səsli səfiri: ritorika reallığa qarşı

Yaxın Şərqdə son aylar ərzində baş verən hadisələr, xüsusilə də İran ərazisində həyata keçirilmiş yüksək dəqiqlikli hücumlar regionda güc balansını kökündən dəyişdi.

İran uzun illər ərzində özünü “regionun lider dövləti” kimi təqdim etməyə çalışsa da, İsrailin həyata keçirdiyi genişmiqyaslı kəşfiyyat və dron əməliyyatları bu illüziyanı darmadağın etdi.

Müasir texnologiyalar qarşısında aciz qalan İran rejimi bu hücumlar nəticəsində təkcə hərbi resurslarını deyil, həm də regional nüfuzunu itirmək üzrədir.

İRAN EN SON.jpg (133 KB)

Əldə olunan açıq məlumatlara görə, hücumlar zamanı istifadə edilən PUA-ların 75 faizi məhz İranın öz ərazisindən havaya qalxıb.

Bu fakt təkcə texniki boşluq deyil, İranın təhlükəsizlik və kəşfiyyat orqanlarının tam gücsüzlüyünün, sistemin içəridən deşildiyinin bariz sübutudur.

İsrail xüsusi xidmətlərinin İranın strateji qərarların qəbul olunduğu institutlara sızması, məlumatları real vaxt rejimində əldə etməsi və obyektləri cərrah dəqiqliyi ilə neytrallaşdırması rejimin daxili təhlükəsizlik strukturunu praktiki olaraq iflic vəziyyətinə salıb. Bu, artıq daxili məsələ deyil – regionda güc münasibətlərinə təsir edən fundamental bir zəiflikdir.

Bütün bu proseslər fonunda İranın hərbi-hava qüvvələrinin, aviasiyasının və hava hücumundan müdafiə sistemlərinin faktiki olaraq hərəkətsiz qalması rejimin real imkanlarının nə qədər şişirdilmiş olduğunu göstərdi. İran rejimi illərdir daxili təbliğatla yaratdığı "məğlubedilməzlik" mifini təkcə düşmən qarşısında deyil, öz ictimaiyyəti qarşısında da qorumaqda aciz olduğunu nümayiş etdirdi. Hücumlar nəticəsində zərbə alan hərbi və nüvə obyektləri haqqında cəmiyyətə dolğun məlumat verilmədi, zərər miqyası gizlədildi, məsuliyyət daşıyan qurumlar susdu.

NUVE SON.jpg (162 KB)

Ən ciddi və təhlükəli məqam isə ondan ibarətdir ki, bu zəifliyin məsuliyyətini daşımalı olan qurumlar və şəxslər hesabat vermək əvəzinə diqqəti yayındırmaq yolunu seçdilər. Siyasi və diplomatik ritorika üzərindən regionda yeni "düşmən obrazı" formalaşdırmaq cəhdləri başladı. Və burada klassik bir sxem işə düşdü: günahkar yenə də Azərbaycan göstərildi.

Bu kontekstdə İranın İrəvandakı səfiri Mehdi Sübhaninin 27 iyun tarixində keçirdiyi mətbuat konfransı xüsusi diqqət tələb edir. Səfirin verdiyi açıqlamalar təkcə diplomatik qüsur deyil, həm də İranın rəsmi siyasətindəki riyakar və ziddiyyətli yanaşmanın açıq təzahürüdür. Sübhaninin “Qərbi Azərbaycan” ifadəsinin işlədilməsinə qarşı emosional və sərt reaksiya verməsi, bunu “qıcıq doğuran”, “saxta termin” adlandırması, eyni zamanda Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qaldırdığı haqlı məsələləri tənqid etməsi bir çox suallar doğurur.

Əvvəla, “Qərbi Azərbaycan” ifadəsi tarixi, coğrafi və inzibati reallığı əks etdirən rəsmi terminologiyadır. İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamədə bu ifadənin yer alması beynəlxalq hüquqa, eləcə də siyasi etika normalarına tam uyğundur.

İfadənin guya Ermənistana qarşı “ərazi iddiası” kimi yozulması isə ya diplomatik savadsızlıqdan, ya da məqsədli siyasi təxribatdan qaynaqlanır. İkincisi daha ağlabatandır.

Sübhaninin çıxışı həm də İranın bölgədəki geosiyasi meyillərini və selektiv yanaşmasını tam çılpaqlığı ilə üzə çıxarır.

Azərbaycan 30 il ərzində ərazilərinin işğalı ilə üz-üzə qaldıqda, İran bu işğalı açıq şəkildə qınamadı, əksinə, işğalçı Ermənistanla enerji, ticarət və logistika sahələrində dərin əlaqələr qurdu. O zaman “ərazi bütövlüyü” prinsipi Tehran üçün prioritet deyildi. Amma indi Azərbaycanın beynəlxalq platformalarda öz haqlı mövqeyini ifadə etməsi İran səfirini narahat edir. Niyə? Çünki İran regionda güc balansının dəyişməsini, Azərbaycanın daha müstəqil və prinsipial siyasət yürütməsini qəbul edə bilmir.

Mehdi Sübhaninin timsalında İran diplomatiyasının öz daxilində çökdüyü görünür. Onun çıxışında nə strateji uzaqgörənlik, nə hüquqi əsas, nə də diplomatik dil var. Əvəzində populist, emosional və yerli radikal dairələrə mesaj verən, region ölkələrinə isə etimadsızlıq yayan bir ritorika var. Bu isə təkcə Azərbaycanla münasibətlərə deyil, İranın bütövlükdə regional reputasiyasına ciddi zərbə vurur.

Əgər İran real təhlükə mənbəyini görmək istəyirsə, ona Azərbaycanın sərhədlərindən yox, özünün zəif təhlükəsizlik strukturundan baxmalıdır. Əgər İran hansısa “ərazi iddiaları” axtarırsa, onu region ölkələrinin siyasi leksikonunda deyil, İsrailin dərin əməliyyat şəbəkəsində tapmalıdır. Və əgər İran öz xalqı qarşısında hesabat vermək niyyətindədirsə, onda bu hesabatın ilk cümləsi belə olmalıdır: “Biz öz ərazimizə nəzarət edə bilmədik.”

İRAN SON.jpg (89 KB)

Azərbaycan isə bu ritorikaya cavab vermək üçün heç bir səs-küyə ehtiyac duymur. Azərbaycanın cavabı suverenliyini gücləndirmək, bölgədə sülh və təhlükəsizlik üçün real addımlar atmaq, ikili standartlara qarşı beynəlxalq platformalarda prinsipial mövqe nümayiş etdirməkdir. İran isə hələ də reallıqla üzləşmək istəmir. Amma tarix, siyasət və texnologiya göstərir ki, gec-tez hər kəs həqiqətlə üzləşir. O cümlədən Tehran rejimi də.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR