Onlayn ictimai-siyasi qəzet
İranın Ermənistandakı səfiri olmaqdan çox, “Ermənistanın Ermənistandakı səfiri” statusunda çıxış edən Mehdi Sobhani yenə də katalizator funksiyasını icra etməkdədir. Azərbaycan Prezidentinin iranlı həmkarına başsağlığı verməsi, iki prezident arasında normal telefon söhbətinin baş tutması, İranın Azərbaycana təyin etdiyi yeni səfirinin öz etimadnaməsini dövlət başçımıza təqdim etməsi görünür ermənidən çox erməni olan diplomata yer eləyib, dərhal ağlına və ağzına gələni ixrac etməyə başlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Tehranın İrəvandakı elçisinin sərsəmləmələrinə operativ və kəskin reaksiyası təqdirolunandır. Artıq bir səfirin səfeh-səfeh iddialarına dözmək mümkünsüz hala gəlib və İran rəhbərliyinin ölçü götürməsi zərurətə çevrilib. Mehdi Sobhanı illərdir ki, Azərbaycanın daşı ilə əlləşir, bir sıra hallarda Ermənistan rəhbərliyini, hətta separatçıları da anti-Azərbaycan mövqeyinə görə kölgədə qoyur. Bu dəfə də 12 gün ərzində İsrailin İrana endirdiyi zərbələrə görə...Azərbaycanı ittiham edib. Absurda və axmaqlığa baxın. İsrailin kəşfiyyatı illər ərzində İran ərazisində fəaliyyət göstərib, dranlor istehsal edib, məxfi obyektlərin de-şifrə olunmasının ardınca nöqtəli zərbələr endirib, digər tərəfdən İsrail müxtəlif ölkələrin başının üstündən keçən raketləri ilə İranın hərbi obyektlərini hədəfə alıb, generallarını, alimlərini öldürüb, Sobhani isə Azərbaycanı günahlandırır.
Məhz buna görə də rəsmi Bakı sərt şəkildə “İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik”, bəyanatını verib. Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycan ərazisindən guya İrana qarşı istifadə edilməsi ilə bağlı əsassız iddiaların cavabında bildirib: “Bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir. Azərbaycan Prezidentinin İran Pezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda İran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk”. Başqa ad vermək mümkün deyil, bunun bir adı var: təxribat!
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında onu bir daha İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək toplantısına dəvət edib. Dəvət reallaşacaqsa, bu, Pezeşkianın son aylarda ölkəmizə ikinci səfəri olacaq. İranın Azərbaycan türkü olan prezidentinin ölkəmizə səfərini pozmaqdan ötrü hər cür təxribatlara əl atan ayrı-ayrı qüvvələrin sırasında İrəvandakı diplomat da yer alır. İlk səfər ərəfəsində də kirimirdi, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verirdi. Elə bu gün Sobhani açıqladı ki, yay aylarında Pezeşkianın Ermənistana səfəri reallaşacaq. Belə aydın olur ki, Məsud Pezeşkianın Ermənistana səfər etməzdən öncə Azərbaycana ikinci səfərini reallaşdırması ermənilərdən çox, onun özünü rəncidə edib. Ermənilərlə İran diplomatının hansısa çirkli əlaqələrinin olduğuna da artıq şübhə yoxdur, çünki bu adamın fəaliyyəti artıq İranın Ermənistandakı təmsilçiliyindən çıxıb və Ermənistanın mövqeyinin ifadəçisi halını alıb. İrəvanda oturub, İsrail dronlarının guya Azərbaycan ərazisindən İrana qarşı əməliyyatlarda istifadə olunması ilə bağlı əsassız iddialar irəli sürməkdənsə, Ermənistandakı Avropa İttifaqının cəsus şəbəkəsinə, ABŞ-nin hərbi varlığına, İrəvanda mövcud olan 3 min nəfərlik amerikalıların fəlaiyyətinə niyə göz yummasına aydınlıq gətirsə, daha məntiqli olardı. Azərbaycan XİN-in bəyan etdiyi kimi, “Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur”. Sobhani heç zaman dəlil-sübutla danışmayıb. Necə ki, Ermənistan adlanan və Paşinyanın da söylədiyi kimi, kadastr sənədi olmayan bu ölkənin əslində Azərbaycanın tarixi əraziləri olduğunu “unudan” Mehdi Sobhani Qərbi Azərbaycan ərazisinin İran ərazisində olduğunu iddia edib. Buna bənzər iddialar Ermənistan rəsmiləri tərəfindən də səslənmişdi, səfir ermənilərə xoş gəlməyə çalışır. Əks təqdirdə Sobhani niyə yaxasını cırıb-dağıdır ki? Əvvəla, Azərbaycan və azərbaycanlılar tarixi torpaqlarının sərhədlərinin haradan keçdiyini çox yaxşı bilirlər, bunu Sobhanidən öyrənəsi deyilik. İkincisi, Azərbaycan Qərbi Azərbaycandan deportasiya edilən 300 min nəfər azərbaycanlıya ədalət tələb irəli sürərkən İran ərazisinə, yaxud Qərbi Azərbaycan ostanına iddia ortaya qoymur ki, Sobhani cin atına minir. 1918-ci ildə tarixi İrəvan şəhərinin güzəşt edilməsi ilə yaradılan Ermənistanı bu şəkildə, ifratcasına müdafiə etmək rəzillikdir, düşüklükdür. Hətta Ermənistanın İrandakı səfiri Qərbi Azərbaycan ifadəsinə etiraz etsəydi, bu, nisbətən anlayışla qarşılana bilərdi. Soruşan gərək, cənab Sobhani, sənin nə dərdinə qalıb ki, Ermənistanda Qərbi Azərbaycanın olmadığını iddia edirsən? Ümumiyyətlə, tarixdən xəbərin varmı? Ermənilərlə alverin var, get, başqa mövzularla məşğul ol! Azərbaycan dövləti Qərbi Azərbaycanla bağlı mövqeyində qətidir, prinsipialdır və beynəlxalq hüquqa əsaslanır. Bu günlərdə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının sessiyasında da Qərbi Azərbaycandan olan azərbaycanlıların öz yurdlarına qayıdışının ədaləti bərpa edəcəyinə dair qətnamə qəbul olunub və İran da bu təşkilatda təmsil olunur. Belə çıxır ki, Sobhani ermənilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyinə görə ortaya çıxıb və sərsəmləyir...
İran diplomatı Zəngəzur dəhlizindən də danışıb və yenə “qırmızı xətt”dən bəhs edib. Ölkəsinin yüksək rəsmiləri 12 günlük müharibədə dəfələrlə bəyan etdilər ki, İsrail İranın qırmızı xətlərini tapdayıb keçib. Təsəvvür edin, İranın qırmızı xətlərini tapdayan başqa ölkə(lər), amma Azərbaycanın əsas hissəsindən Naxçıvan bölgəsi ilə quru əlaqəni təmin edəcək tarixi yolun bərpasını Sobhani qırmızı “xətt adlandırır”. Bu sayaq açıqlama ilk deyil, bəli. Hətta İsrailin İrana zərbə endirməsindən bir neçə saat əvvəl İran dini liderinin müşaviri Vilayəti sevincək açıqlama ilə çıxış etmişdi ki, Zəngəzur dəhlizinin açılmasına onun ölkəsi imkan vermir. Hələ bilinmir İsrail və ya ABŞ-nin İranla bağlı bundan sonrakı mövqeyi, planları necə olacaq, amma iranlı diplomat öz ərazisindən İrana qarşı istifadəyə “YOX” deyən Azərbaycanı şərləyir, onun beynəlxalq hüquqa əsaslanan tələbinin icrasına qarşı çıxır. Sənin paytaxtının səmasını aşsüzənə döndərənlərlə işin olsun, başını niyə Zəngəzur dəhlizinə soxursan?! Yaxud İsrail dronlarının Azərbaycan ərazisindən İrana hücum etdiyini nə vaxt yuxudas görmüsən?!
12 günlük müharibə göstərdi ki, İran öz ərazisinə nəzarət edə bilmir. İranın təhlükəsizlik və kəşfiyyat orqanları özlərinin tam gücsüzlüyünü nümayiş etdirdilər. İsrail İranda böyük şəbəkəyə malik olub, strateji qərarlar qəbul edən orqanlardan belə lazımi məlumatlar əldə edib. Heyrətamiz olanı budur ki, İsrail PUA-larının 75 faizi İran ərazisindən qalxıb. İsrail ordusu hər şeyin yerini dəqiq bilib və neytrallaşdırmağı bacarıb. Amma İranın Hərbi Hava Qqüvvələri və aviasiyası gözə çarpmadı, heç bir fəaliyyəti olmadı. Bütün bunlarla bağlı İran xalqına hesabat vermək əvəzinə, İranın bəzi diletant rəsmiləri məsuliyyəti üzərlərindən yayındırmaq üçün günahkarı kənarda axtarır, Azərbaycanı hədəf göstərməyə çalışırlar. Öz zəifliklərini ört-basdır etmək istəyənlər xarici düşmən kimi ölkəmizi təqdim edirlər, şər-böhtanlarla diqqəti yayındırmağa çalışırlar. Üstəlik də 12 günlük müharibədə meydanda tək qalmış Pezeşkianın Azərbaycanla normal münasibətlər saxlamasını sinirə bilməyib gərginlik yaratmağa çalışırlar. Hələ də bunkerlərdən çıxa bilməyən İranın ayrı-ayrı çevrələri üçün Azərbaycanı hədəf göstərməkdən asan iş yoxdur. Bu prosesdə İrəvandakı səfir də məmnuniyyətlə iştirak edir.
Ermənistan adlanan, əslində Qərbi Azərbaycan olan türk-müsəlman torpaqlarında 500-ə yaxın məscid dağıdılıb, iranlı səfir nə vaxtsa bundan danışıbmı? Qərbi Azərbaycanda 600-ə yaxın qəbristanlıq yer üzündən silinib. Özünü müsəlman adlandıran səfir nədən bu barədə danışmayıb? Mehdi Sobhani faktiki olaraq diplomatik terrorla məşğuldur və nəhayət, susdurulmalı, cəzalandırılmalıdır! Şübhəsiz ki, bir səfir iznsiz bu qədər “quş” buraxa bilməzdi. Amma Azərbaycan cənub qonşusu ilə normal münasibətlər tərəfdarı olduğunu daim nümayiş etdirib, eləcə də İrana ilk zərbələr endiriləndə İsraillə dost münasibətlərimiz olsa da, bu hücumlarda narahatlığımızı rəsmən bəyan etdik. Lakin ötən günlər ərzində İsrail İranla müharibə apardı, İranın ayrı-ayrı media orqanları, rəsmi, qeyri-rəsmi şəxsləri, ermənipərəst qüvvələri Azərbaycanla döyüşdü, ölkəmizi hədəfə çıxartmağa çalışdı, üstümüzə kin püskürdü. Bu yandan da erməni məramlı səfir. Nəhayət, İran dövləti bu adamı geri çağırmalıdır, Sobhani ilə İrandakı səfriliyimizə “Kalaşnikov”la hücum edərək terror törədən Yasin Hüseynzadə arasında elə də ciddi fərq yoxdur. Sobhaninin terroru daha geniş arealı əhatə edir. Azərbaycan XİN bəyan edib: “İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik”.
Əminik ki, rəsmi Bakının tələbi əsasında səfirliyimizdə terror törədən cani edam olunduğu kimi, Sobhani də layiq olduğu cəzanı alacaq...
Eyni gündə Azərbaycan-İran münasibətləri barədə Bakıdakı müzakirələrə diqqət edin: “Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd etdi. Prezident İlham Əliyev vurğuladı ki, Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub.Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə etdi. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat olduğunu bildirdi”.
Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərliyinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb. Rəsmi: “Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd etdi. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğuladı və buna görə də təşəkkürlərini çatdırdı. Səfir qeyd etdi ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz. Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi. Görüşdə Azərbaycanla İran arasında ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində inşa olunan, Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi, ümumilikdə Araz nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olundu”.
Bütün bunlardan sonra Mehdi Sobhaninin sayıqlamalarına nə ad vermək olar? Tehranın Azərbaycandakı elçisi Müctəba Dəmirçilu “İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz”, deyir, İrəvandakı səfiri isə ağzına gələni danışır. İndi Tehran aydınlıq gətirsin, onun sözünü kim bəyan edir, Azərbaycandakı, yoxsa Ermənistandakı səfir?..
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ