Bu gün Milli Məclis “İstilik təchizatı haqqında” Qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
Musavat.com bildirir ki, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev qanunu şərh edib. Bildirib ki, Qanun enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərər vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtləri rəhbər tutularaq istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi nəticələrin əldə edilməsinə imkan verəcək: “Qanunun qəbul edilməsi ilə əlaqədar ehtimal olunan nəticələrinin proqnozlaşdırılması:
- mərkəzi istilik təchizatı sistemlərindən istifadənin genişləndirilməsi;
- özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
- əlverişli investisiya mühitinin yaradılması;
- rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
- istehlakçıların hüquqlarının müdafiəsi;
- bərpaolunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi, enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
- istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.
İşlərimiz çoxdur. “İstilik enerjisindən istifadə qaydaları”, “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”, “İstilik təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”, “İstilik qurğularının quraşdırılması qaydaları”, “İstilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”, “İstilik qurğularının texniki istismar qaydaları” hazırlanmalıdır”.
İ.Mirzəliyev əlavə edib ki, eyni zamanda, tənzimləyici tərəfindən “Monitorinq qaydaları”, “kommersiya uçotu qaydaları”, “Şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydaları”, “İstilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları” təsdiq edilməlidir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ