Onlayn ictimai-siyasi qəzet
(milli folkorumuzdan yanıltmac)
Soydaşımız Cəfər Pənahinin Kann film festivalında baş mükafatı – Qızıl Palma budağını alması, şübhəsiz, böyük hadisədir. Pənahi indiyə qədər dünyanın ən nüfuzlu 3 sənət-film festivalında (Oskarı adətən bura daxil etmirlər və məncə düz də edirlər) baş mükafatı qazanmışdı: Lokarno, Venesiya və Berlin festivallarında. Bircə Kann qalmışdı, şükür, onu da aldı. Dünyada ünlü italyan rejissor Antonionidən başqa belə şəxs – 4 “qızıl ödülü” alan şəxs yoxdur.
Mən Pənahinin bütün filmoqrafiyasını izləmişəm, hətta oğlu Pənah Pənahinin filminə də baxmışam və doğrudan da Cəfər bəy olduqca gözəl filmlər yaradıb. Onun filmlərində insanların üzləşdiyi sosial-iqtisadi problemlər, adət-ənənələr, miqrasiya, sənətin senzura önündəki çətinlikləri, xüsusilə İranda qadın hüquqlarının dözülməz vəziyyəti əksini tapır. Vaqif Mustafayev, Ayaz Salayev, Oqtay Mirqasımov, Şeyx Əbdül, Rasim Balayev, Şəfiqə Məmmədova kimilərini Cəfər bəyin yanına kursa göndərmək lazımdır, necə kino çəkməyi öyrənsinlər deyə. Hərçənd, adlarını sadaladıqlarımın bəziləri öz ana dillərini unudublar və Pənahi ilə hansı dildə danışacaqları mənə qaranlıqdır. Cəfər Pənahi İranın o ağır molla rejimində, türk (Azərbaycan) dilinə qadağalar olan mühitdə bir çox filmlərində azərbaycancaya geniş yer verir, hətta bəzi filmlərinin az qala bütün dialoqları ana dilimizdədir, bu da mənə ikiqat xoşdur.
Ümumiyətlə, Pənahi elə mükəmməl kino dilinə malikdir ki, onun filmlərini izləyəndə bəzən özündən asılı olmayaraq qəhqəhə çəkərsən, bəzən də xəbərin olmadan yanağından yaş süzülər. Onun yumoru da, kədəri də səmimidir, safdır, təmizdir, qurama deyil. Bunu xüsusi olaraq, guya tragikomediya çəkən bambılı rejissorlarımız üçün yazıram.
Ancaq Azərbaycanın Kann uğuru tək bununla bitmədi, müğənnilərimizdən biri də qırmızı xalıya müqəddəs qədəmlərini basaraq həqiqətlərimizi Lacivərd sahillərdən dünyaya yaydı. Onun xalıya çıxması kino müzakirələrini kölgədə qoydu, başqa cür ola da bilməzdi. Sənət, mədəniyyət adına başqa nəyimiz qalıb ki? Necə deyərlər, çal oynasın, Əjdər əmi. Bəyənmədiyimiz molla rejimində sənətə diqqət bizdən çox imiş. Təklif edirəm Qız qalasının üstündəki şüşə maneələr müvəqqəti aradan qaldırılsın, sənətə baxan məmurlarımız ora çıxıb aşağı tullansınlar. Qorxusu yoxdur, çox əzilməzlər, lazım olan qədər piylənmişlər.
Yeri gəlmişkən, Kanndakı qırmızı xalının Azərbaycan xalısı olduğunu bilirdinizmi? Etibarsız qaynaqlardan aldığım dəqiq informasiyaya görə, həmin xalı milli palaztoxuma sənətimizin “Kabinetxana” cərəyanına məxsusdur. Adətən idarələrdə, hələ sovet vaxtından bəri dəhlizlərdən müdirin kabinetinə gedən yollara məhz bu milli xalılarımız sərilirdi. Bu da ikiqat sevindirici hadisədir, çünki az öncə Vatikanda papanın tabutunun altında milli xalımız sərilmişdi. Hələ nə qədər parlaq hadisələr bizi gözləyir...
Kann xalısına çıxan sənətkarımızın, xalq artistimizin (qədim latın ata sözü var, deyir xalq öz artistinə oxşamasa sənət inkişaf etməz) zənən qismindən olması isə üçqat sevinc doğurur. Deməli ölkəmizdə qadınların taleyi parlaqdır, onları təkcə 15 yaşında Şeyx Nəsrullaha verib Kürdə boğdurmuruq. Hətta, təsəvvür edin, keçən həftə bir zənən xeylağımız dünyanın ən hündür zirvəsinə, Comolunqma dağına dırmaşaraq Azərbaycan həqiqətlərini ucaltdı!
Bu dağ əhvalatı bir qədər qəribə notlarla müşaiyət olundu. Xanım əfəndi ən hündür dağa çıxan ilk azərbaycanlı qadın olduğunu açıqlamışdı, lakin başqa bir qadın dərhal onu təkzib etdi, bildirdi ki, hələ 3 il qabaq Comolunqmanın başından Əhmədliyə tamaşa etmişdir. Nəticədə millət bir az karıxdı, hələ də dəqiq bilmirik dağı fəth edən birinci qadın hansıdır.
Ən əsası, şükür eləyək eyni vaxtda çıxmayıblar, yoxsa dağın başında saçyoldu başlanardı, nəticədə yıxılıb əzilərdilər, dünya-aləmdə biabır olardıq. Ümidvaram Nepal Dağ Nazirliyi “Azərbaycanlı qadınlar zirvəyə tək-tək buraxılacaqdır” adlı qərar qəbul edər.
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ