İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilosu 26 manat olmalıdır, amma 15 manata satılır – Təhlükə siqnalı

Azərbaycanda satışda olan kərə yağlarının əksəriyyəti “yerli istehsal” adı ilə təqdim olunsa da, onların əslində xaricdən gətirilən və emal edilərək qablaşdırılan qarışıq məhsullar olduğu bildirilir. İqtisadçı Akif Nəsirlinin iddiasına görə, bu məhsulların tərkibinə bəzən 40 faizə qədər palma yağı əlavə olunur.

Bəs palma yağı ilə qarışdırılmış kərə yağı orqanizmə necə təsir edir?Tərkibində palma yağı olan məhsulları müntəzəm istifadə edən insanlarda hansı sağlamlıq problemləri yarana bilər?

“Yeni Sabah” məsələni mütəxəssislərlə müzakirə edib. Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzunu belə şərh edib:

“Günü-gündən inkişaf edən dünyada, eyni zamanda, qida çeşidliliyinin artdığı bir vaxtda, təbii ki, bu çeşidlilik heç də həmişə sağlamlıq cəhətdən faydalı olmur. Palma yağının istifadəsi də məhz bu səbəbdəndir ki, həmin məhsulların xarab olma vaxtı gecikir, rəf ömrü uzun olur, daha ucuz xammaldan başa gəlir. Ona görə də çox istifadə olunur. Bəzi ölkələrdə bu yağdan istifadə edilsə də, uşaq qidalarına qatılması qadağan edilmişdir. Avropa qida təhlükəsizliyi agentliklərindən birinin apardığı araşdırmaların nəticəsinə nəzər salsaq, 2016-cı ildə qeyd olunmuşdur ki, gündəlik, davamlı olaraq hər bir qidada palma yağından istifadə edən insanlarda normadana artıq istifadə səbəbindən sağlamlıq problemləri ilə üzləşirlər.

Bu gün paketlənmiş qidaların əksəriyyətinin tərkibində, eyni zamanda restoran və iaşə obyektlərinin qızartma yeməklərində və bir çox şirniyyatların tərkibində palma yağı istifadə olunur. Bəzən bunlar məhsulların tərkibində göstərilmir, bəzən isə adı E-kodlarla verilir. Belə olan halda istehlakçılar aldığı məhsulun tərkibi haqda tam məlumatlı olmurlar”.

Qida eksperti İlkin Şirinov isə qeyd edib ki, bunu edənlər ciddi məsuliyyət daşıyır:

“Biz dəfələrlə bitki tərkibli yağların kərə yağı adı altında satılmağından və palma yağlarının insan sağlamlığı üçün nə dərəcədə təhlükəli ola biləcəyindən danışmışıq. Bu çox böyük bir problemdir. İşbazların bitki tərkibli, spred və soya tərkibli yağları alıcılara satması satış deyil aldatma prosesidir. Bu işlə məşğul olanların hər biri məsuliyyət daşıyır. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə alıcıların diqqətli olmasıdır. Aldıqları məhsulun üzünə baxıb qərar verməsinlər. Məhsulun tərkibini dəqiqliklə oxusunlar. Hər bir satışda olan məhsulun birmənalı olaraq Azərbaycan dilində markalanması lazımdır. Məhsulun yağlılıq dərəcəsi, bitki yağı olub-olmamağı ilə bağlı məlumat yer almalıdır. İnsanların ən çox əziyyət çəkdiyi xəstəliklərin təməlində belə yağlar dayanır. Ürəkdə tromblaşma, xərçəng kimi xəstəliklərin yaranmasına şərait yaradır.

Mütəmadi qaydada palma yağlarından istifadə ürək-damar çatışmazlığı, mədə xəstəliklərinə, böyrək problemlərinə və xroniki bağırsaq xəstəliklərinə yol açan amillərdəndir.

Təmiz kərə yağı əldə etmək üçün 25-30 litr süd lazımdır. Bu zaman 1 kiloqram kərə yağı əldə etmək mümkün olur. Belə hesablayanda bütün xərcləri nəzərə alsaq, sütün kilosu 1 manatdırsa, üzərinə istehsal xərcləri də əlavə edilərsə, normal qiymət 25-26 manat olmalıdır. Bəs onda necə təmiz kərə yağının kilosu 15 manatdan satışa çıxarılır? Təbii ki, məsələ məlumdur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR