Onlayn ictimai-siyasi qəzet
Yusif Bağırzadə: “Moskva bizə müttəfiq olmadığını sübut edib”
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq və sülh masasına qayıtmaq üçün Rusiyaya təxminən iki aylıq vaxt verib. Lakin rəsmi Moskva bu xəbərdarlığı görməzlikdən gəlir və Ukraynaya raket, dron yağdırmağa davam etməkdədir. Rusiya rəhbərliyi öz işğalçı hədəflərinə çatmayınca atəşkəsə getməyəcəyi barədə davranış sərgiləməkdədir.
Bir sıra təhlilçilər əsas səbəbi Kremlin neoimperiya maraqları üçün Ukraynanın oynadığı həlledici rolla bağlayır. Qərb nəşrlərinin də yazdığı kimi, belə hesab olunur ki, əgər Rusiya Ukraynanı saxlamaqla Qafqaz arasında seçim qarşısında qalsa, o zaman diqqətini Ukraynaya yönəldəcək. ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan da eyni fikirdədir.
Onun qənaətincə, Rusiya üçün Qafqaz nə qədər vacib olsa da, Ukrayna ondan da vacibdir: “Rusiya üçün vəziyyətin nə dərəcədə çətin olduğunu - yəni bu cür sərt seçim qarşısında qalıb-qalmadığını dəqiq bilmirik. Lakin əgər belə bir zərurət yaranarsa, Rusiya məcbur olub öz qüvvələrini və resurslarını Ukrayna üçün saxlayacaq və məhz ora yönəldəcək. Mənə elə gəlir ki, bu halda Rusiya Qafqazdan geri çəkiləcək”.
Qriqoryana görə, Moskva üçün Qafqazda mövqelərini qorumağın nə qədər çətin olacağını dəqiq söyləmək çətindir. “Əgər biz (Ermənistan - red.) faktiki olaraq Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmağı hədəfləyən "araba"ya qoşulmasaydıq, Kreml üçün vəziyyət bu qədər ağır olmazdı", - o əlaqə edib.
Belədirmi, Rusiyanın regiondan çıxarılmasında Ermənistan həqiqətənmi həssas, eyni zamanda zəif “bənddir”? Rusiyanı sıxışdırıb çıxarmaq mümkün olacaqmı? Onu hansı güc əvəzləyə bilər? Nəhayət, Bakının narahatlığına əsas varmı?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın imperiya maraqlarının olduğu ortadadır: “Bu isə Cənubi Qafqazın hər üç ölkəsinin narahatlığı üçün əsas verir. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda hakimiyyətin məhz Qərbin diqtəsi və dəstəyi ilə formalaşması təbii olaraq rəsmi İrəvanın üzərinə müəyyən öhdəliklər qoyur. Paşinyanı hakimiyyətə gətirən güclərin onun qarşısında qoyduqları öhdəliklər məlumdur. Rusiyanın forpostu qismində çıxış etməyə son vermək, Rusiya ilə məsafəli davranmaq və ən nəhayət, Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna son vermək. Ərazisində Rusiya hərbi bazasının olması və eləcə də iqtisadi cəhətdən Rusiyadan asılılıq səbəbilə bu öhdəliklər Ermənistan üçün həqiqətən də icrası çətin olan öhdəliklərdir. Bu mənada Rusiyanın Ukrayna cəbhəsində ilişib qalması həqiqətən də rəsmi Moskvanın Cənubi Qafqazda mövqelərinin zəifləməsinə gətirib çıxardı. Əgər Ukrayna ilə müharibə olmasaydı, Ermənistan çətin ki, KTMT üzvlüyünü dondurmaq və ya Avropa İttifaqına üzvlük proseduruna başlamaq haqqında qərar qəbul edərdi. Çünki bayaq da qeyd etdiyim kimi, Rusiyadan asılılıq səviyyəsi ən yüksək həddədir və bu da Ermənistanı avtomatik olaraq "zəif bənd" durumuna salır. Düzdür, Ermənistan hələ ki Rusiyanın beşinci kolonu qismində çıxış edən siyasi müxalifətə və eləcə də kilsə rəhbərliyinə qarşı duruş gətirə bilir, amma Rusiyanın iqtisadi rıçaqları işə salacağı halda vəziyyət bir xeyli ağırlaşacaq".
Politoloq hesab edir ki, rəsmi İrəvan həm Qərb qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, həm də Ermənistanı düşdüyü bataqlıqdan qurtarmaq üçün Rusiyanın sıxışdırılıb çıxarılması üçün konkret addımlar atmaq məcburiyyətində qalacaq: “İlk addım olaraq KTMT-dən çıxmaq haqqında qərar qəbul edilə bilər. Şübhəsiz ki, bu zaman ciddi təzyiqlər olacaq. Enerji problemi, qida və s. Rusiyadan asılı sahələrdə ciddi problemlər ortaya çıxa bilər. Odur ki, Ermənistanın Rusiyanı əvəz edə biləcək yeni gücə ehtiyacı var. İndiki halda Ermənistanın Qərb tərəfdaşları ən yaxşı halda onun hərbi təhlükəsizliyinə bu və ya digər şəkildə töhfə verə bilərlər. Ermənistanı iqtisadi cəhətdən ayaqda saxlaya biləcək və Rusiyanın asılılığından xilas edə biləcək tək güc isə Türkiyədir. Bunu Ermənistan rəhbərliyi və Ermənistanın havadarları da kifayət qədər yaxşı bildikləri üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına olduqca böyük diqqət ayırırlar. Türkiyə ilə münasibətlərin normallaşması isə Azərbaycanla sülhdən keçir. Odur ki, Ermənistanın Rusiyadan gələn təzyiqləri neytrallaşdıra bilməsi üçün Azərbaycanla sülhə və nəticə etibarilə Türkiyə ilə sərhədlərin açılmasına və ticari-iqtisadi münasibətlərin bərpasına ehtiyacı var”.
Y.Bağırzadə qeyd etdi ki, Azərbaycan Rusiyadan nə iqtisadi, nə hərbi, nə də siyasi cəhətdən asılı olmadığına baxmayaraq, hər zaman hazırlıqlı olmalıdır, çünki rəsmi Moskva bütün davranışları ilə dost və müttəfiq ölkə olmadığını artıq sübut edib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
20 Iyul 2025
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ