Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron son bir neçə həftə ərzində intensiv diplomatik səylər göstərərək Böyük Britaniya və Kanadanı Fələstin dövlətinin tanınması ilə bağlı birgə bəyanat verməyə razı salmağa çalışıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata əsasən, məqsəd G7 (Yeddilik Qrupu) ölkələri çərçivəsində bu məsələdə vahid mövqe formalaşdırmaq və Qərb dövlətləri arasında Fələstin məsələsinə dair daha koordinasiyalı və güclü diplomatik xətt yaratmaq olub. Makron bu təşəbbüsü ilə həm də Fransanın Yaxın Şərq siyasətində daha fəal rol oynadığını göstərmək və münaqişənin iki dövlətli həllinə dəstəyin artmasına töhfə vermək istəyib.
Lakin bütün səylərə baxmayaraq, Fransa liderinin bu cəhdi uğursuzluqla nəticələnib. Böyük Britaniya və Kanada ABŞ prezidenti Donald Trampın mümkün reaksiyasından ehtiyat edərək bu addımı atmaqdan imtina ediblər.
Mənbələr bildirirlər ki, xüsusilə Britaniya hökuməti üçün bu məsələ olduqca həssasdır, çünki bir tərəfdən beynəlxalq hüquq və insan haqları prinsiplərinə sadiqliyini göstərmək istəyir, digər tərəfdən isə ABŞ-la "xüsusi münasibətlər"ə zərər vurmaq istəmir. Kanada isə İsrail-Fələstin məsələsində daha balanslı mövqe saxlayaraq tərəfləri dialoqa çağırmağı üstün tutur və birtərəfli tanınmanın hazırkı mərhələdə faydalı olmayacağını düşünür.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ