İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhərrəmlikdə toy etmək haramdırmı? - Deputatın sözlərinə təpki

Kənan Rövşənoğlu: “Quranda yazılmasa da, Aşura matəmi dini əsaslıdır; əməvi saxtakarlığına uyanlar Aşuranı bayram kimi təqdim edirlər”

“Məhərrəmlikdə toy etmək olmaz” fikri insanlarda haradan formalaşıb? Belə bir qadağa nə Quranda, nə də İslam dinində mövcuddur. Bu, insanların özlərinin uydurduğu bir dindir - nə Məhəmməd peyğəmbərə, nə də onun yoluna aidiyyəti olmayan bir anlayışdır. Hər kəs özündən bir qayda icad edə bilər, amma biz qaydaların mənbəyinə - Qurana baxmalıyıq. Quranda isə bu mənada heç bir qadağa yoxdur".

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa News365.az-a açıqlamasında deyib.

“İnsanlara "mətəm ayı", “matəm günü” kimi anlayışlar sırınıb. Əgər bu, doğrudan da dini bir anlayış olsaydı, müsəlmanlar peyğəmbərin vəfat gününü də hər il matəm kimi qeyd edərdi. Deməli, bu düşüncə cəhalətdir, xurafatdır", - deputat qeyd edib.

F.Mustafanın fikrincə, insanlar daha ağıllı, maarifçi və sağlam düşüncəli seçimlər etməlidirlər, həyatlarını dünyəvi dövlətin və milli dəyərlərin üzərində qurmalıdırlar. “Din ideologiyaya çevrilə bilməz. Din - inancdır. Əgər kimsə hansısa başqa ölkənin dini-ideoloji təsirini, yaxud hansısa "intibah" axınının elementlərini Azərbaycana gətirməyə çalışırsa, buna yol verilməməlidir. Biz həm öz dinimizə, həm də milli dəyərlərimizə sahib çıxmalıyıq", - deyə Fazil Mustafa vurğulayıb.əə

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib | Modern.az

Kənan Rövşənoğlu

Dini mövzular üzrə mütəxəssis, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini belə bölüşüb: “İslamda bütün hökmlərin Quranda yer aldığı, bütün addımların yalnız Qurandan götürülərək atıldığı iddiası doğru deyil. Bəli, İslamın əsas mənbəyi Qurandır, bu barədə heç kim mübahisə etmir. Lakin dini hökmlərin digər mənbələri də mövcuddur.

İslam tarixində İmam Hüseynə (ə) ilk əza və matəm məclisini Peyğəmbərimizin (s) səhabəsi Cabir ibn Abdullah Ənsari keçirib.

Bəli, Quranda “Aşura günü toy etmək olmaz” kimi bir hökm yoxdur. Amma Quran matəm və bayram günlərini əhatə edən bir kitab deyil. Aşurada və Məhərrəm ayında matəm saxlayan insanlar Peyğəmbərin nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin (s.ə) oğlu Həzrət Hüseynin (ə) və ailə üzvlərinin amansızcasına qətlə yetirilməsini, onların əsir alınıb işgəncə ilə xəlifənin hüzuruna aparılmasını hüznlə yad edirlər. Bu hadisə sadəcə bir qətl deyil, Peyğəmbərin ailəsinə qarşı törədilmiş böyük bir zülm idi və müsəlmanlar hər il bu günü anırlar.

Əlbəttə, bu mərasimləri keçirməyənlər də var. Amma bu, Aşura günü matəm saxlamağın yanlış olduğunu göstərmir. Bu məclislər dərin fəlsəfi məna daşıyır: haqsızlığa qarşı çıxmaq, zülmə boyun əyməmək, İslamda səltənət prinsipinin olmadığını göstərmək.

Buna qarşı çıxanlar da olub. Hətta bəzi saxta hədislər uyduraraq Aşura günü - yəni Məhərrəm ayının 10-cu günündə digər dinlər tarixində bayram hadisələri baş verdiyini iddia edənlər də tapılıb. Lakin bunlar qəbul edilməyib, çünki bu iddialar əməvi saxtakarlığının nəticəsi idi.

Əlbəttə, Aşura mərasimlərinin keçirilməsində bəzi ifrat hallar müşahidə olunub və bu gün də bəzi ölkələrdə belə hallara rast gəlinir. Lakin bu, nadir haldır. Şükür Allaha, bizdə bu cür ifratçılıq yoxdur. Hər kəs bacardığı qədər Peyğəmbər nəvəsinə və Əhli-Beytə (ə) ehtiramını bildirir. Kim bu matəmdə iştirak etmirsə və ya əleyhinədirsə, bu, onun şəxsi mövqeyidir. Amma “yoxdur” demək böyük iddiadır və heç bir əsas daşımır".

Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO  Pravda.az

 Hacı Surxay Məmmədli

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədlinin mövzu ilə bağlı yazısında bildirir ki, klassik şair Məhəmməd Füzulinin “Mahi-Muhərrəm oldu, məsərrət haramdır” kimi bir misrası var. “Bu beytdə Məhərrəmin hüzn və qəm ayı olduğu, sevinclə keçməsinin doğru sayılmadığı vurğulanır”, - o yazır.

İlahiyyatçı vurğulayır ki, İmam Hüseynin (ə) 14 əsr əvvəl Kərbəla çölündə şəhadətə ucalması bu ayı müsəlmanlar üçün fərqli mənəvi səviyyəyə qaldırıb. Azərbaycanda da bu məsələyə həmişə həssas münasibət göstərilib. Əsrlərdir ki, Məhərrəmlik dövründə qadınlar xına, bəzək və kosmetik vasitələrdən, kişilər isə rəngli geyimlərdən uzaq durub. Toylar, şadyanalıqlar keçirilməyib.

Hacı Surxay Məmmədli fikrini belə davam etdirir: “Əgər bir xalq şəhid veribsə, analar göz yaşı axıdırsa, o zaman hansı sevincdən, hansı toydan danışmaq olar? 44 günlük Vətən müharibəsində Azərbaycanın igid oğulları şəhidlik zirvəsinə ucaldılar. Bu, bizim üçün qürurdur. Amma o qürurun arxasında həm də itki və kədər var. Məhərrəmlik bizə şəhidliyi, fədakarlığı, Hüseyn (ə) yolunu xatırladır”.

İlahiyyatçı qeyd edir ki, toy - şənlik və çal-çağırla müşayiət olunan ictimai hadisədir və əlbəttə ki, hər kəsin toy etməyə haqqı var. Bu da xalqımızın ənənəsinin bir hissəsidir. Lakin Məhərrəm ayının daşıdığı mənəvi və tarixi məna, şəhadət fəlsəfəsi, Əhli-Beytə ehtiram kimi dəyərlər bu dövrdə şadyanalıqların keçirilməsini mənəvi cəhətdən uyğun hesab etmir.

Surxay Məmmədlinin fikrincə, toyların bu ayda keçirilməsi nə dini, nə də milli dəyərlər baxımından doğru addım deyil. Bu, təkcə fiqh məsələsi yox, şəhidliyə sayğı, haqq-ədalət mübarizəsinə ehtiram məsələsidir. “Məhərrəmlik - şəhidlik ayıdır. Bu ayda Peyğəmbərimizin nəvəsi İmam Hüseyn şəhid olub. O günlərə hörmət göstərmək, şəhadətə sayğı ilə yanaşmaq hər bir müsəlmanın mənəvi borcudur”, - deyə ilahiyyatçı vurğulayır.

Afaq MIRAYIQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR