İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmur bəyan etmir, vətəndaşdan bəyan etməsini tələb edir

Tanınmış hüquqşünas Əkrəm Həsənov korrupsiya ilə mübarizə sahəsində atılması zəruri olan addımlardan biri – gəlir bəyannaməsi haqda fikirlərini bölüşüb.

Musavat.com xəbər verir ki, Əkrəm Həsənov qeyd edib ki, 20 il əvvəl, 24 iyun 2005-ci il tarixli 945-IIQ nömrəli Qanunla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilib.

“Bu Qanuna əsasən, korrupsiyaya qarşı mübarizə çərçivəsində məmurlar və onların ailə üzvləri ildə bir dəfə gəlirlərini bəyan etməli idilər. Zatən bu olmadan korrupsiyaya qarşı mübarizədən danışmağa dəyməz. Prezidentin 2005-ci il 9 avqust tarixli 278 nömrəli Fərmanı ilə Nazirlər Kabinetinə tapşırılmışdı ki, iki ay müddətində həmin bəyannamənin formasını müəyyən etsin. Ötən 20 il ərzində bu tapşırıq icra olunmayıb. İki il əvvəl həmin formanı özüm hazırlayıb Baş nazirə göndərdim ki, təsdiq etsin. Amma mənə indiyədək cavab verməyib. Məktubumu belə bitirmişdim: 'Ümid edirəm ki, tezliklə Nazirlər Kabineti Prezidentin tapşırığını icra edərək bu sənədləri təsdiq edəcək. Bununla həm beynəlxalq öhdəliyimizi yerinə yetirəcəyik, həm də korrupsiyaya qarşı əsaslı mübarizəyə başlayacağıq. Əks halda, cəmiyyətdə belə fikir formalaşacaq ki, Nazirlər Kabineti bu mübarizəni aparmaqda maraqlı deyil,” – deyə Əkrəm Həsənov bildirib.

Qeyd edib ki, maraqlısı həm də odur ki, son dövrdə adi vətəndaş xarici valyuta alanda, hətta ƏDV-ni geri qaytaranda və s. hallarda məmurlar ondan vəsaitinin mənbəyini soruşurlar. Amma öz gəlirlərini bəyan etmək istəmirlər:

“Unikal ölkəyik: xalqın xidmətçisi və yalnız dövlət büdcəsindən aldığı pulla dolanmalı olan məmurlar gəlirlərini bəyan etmir, amma qanunla qadağan edilməyən hər hansı fəaliyyətlə məşğul olan və gəlir əldə edə bilən sıravi vətəndaşdan gəlirlərini bəyan etməyi tələb edirlər...”

Əkrəm Həsənov 2023-cü ilin mayında “Yeni Müsavat”a demişdi ki, məmurların gəlir bəyannaməsi Azərbaycanın qoşulduğu Konvensiya və Qanunun tələbidir. Əkrəm Həsənov baş nazirə yolladığı məktubu və bəyannamə formasını da ictimailəşdirmişdi.

Elşən Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR