İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi - Şirvanov azadlığa 1 il tez çıxacaq  

Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun barəsində verilən kassasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesində qərar qəbul olunub.

Qərara əsasən, Mahir Şirvanovun vəkili tərəfindən verilən kassasiya şikayəti qismən təmin olunub və onun cəzası 1 il azaldılıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin olunub və Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Həmin ilin sentyabrın 9-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan mərhum edilmişdi.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev DTX-nin vəsatəti əsasında həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılan cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər birinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR