Onlayn ictimai-siyasi qəzet
Oğluna şəhidlik statusu almaq istəyən qadın aldadılıb. Onu aldadan şəxs “Dünya TV”nin efirində hüquqşünas kimi çıxış edirmiş. Bu işdə həmin TV-nin əməkdaşının da adı keçir.
Musavat.com xəbər verir ki, zərərçəkmiş Dilda Kərimova hüquqşünas kimi tanıdığı Elmir Laçınlıya 4500 manat pul verib. Bunun qarşılığında onun 2002-ci ildə daxili işlər orqanlarında xidmət edərkən vəfat edən oğluna şəhidlik statusu alınmalı imiş. Lakin Dilda Kərimova aldadılıb.
Dilda Kərimovanın ifadəsindən məlum olub ki, onun “Dünya TV”də aparıcı işləyən Narınc Vəliyeva ilə münasibəti yaranıb və hüquqşünası da onun vasitəsi ilə tanıyıb:
“1999-cu ildən Almaniyada yaşayıram. Həm Azərbaycan, həm də Almaniya vətəndaşıyam. Azərbaycana tez-tez gəlirəm. 2017-ci ilin may ayında Almaniyada olarkən Sumqayıt şəhər Televiziyası olan DTV-yə baxanda aparıcı Narınc Vəliyevə adlı xanımı gördüm. Azərbaycanlı, ziyalı xanım olaraq verilişə zəng edib Narınca işlərində uğurlar arzuladım. Sonradan mütəmadi olaraq zəngləşib mesajlaşırdıq. Verilişə müraciət edib səhhətində problemi olan, maddi yardıma ehtiyacı olan uşaqlara bir neçə dəfə yardım da etmişəm”.
Dilda Kərimovanın dediyinə görə Narınc Vəliyeva ilə münasibəti yaranandan sonra sonuncu onda borc istəməyə başlayıb:
“Aparıcısı olduğu verilişin bağlanmaq üzərində olduğunu deyib 1000 avro borc pul istədi. Rəfiqəm Təzəxanıma zəng elədim, o da 500 avro borc pul verdi. Bir müddət sonra Narınc bildirdi ki, evində hədiyyələr hazırlayır və satır. Həmin işdə köməklik etmək üçün pul lazım olduğunu dedi. Onun kart hesabına 3000 və 1500 avro köçürmüşəm. Evinin ipotekada olduğunu, ödəniş etmədiyi üçün əlindən alacaqlarını deyəndə də 1660, 1270 və 100 evro da pul göndərmişdim.
Bir gün də efirdə özünü vəkil Elmir Laçınlı kimi təqdim edən şəxsi görüb Narınca zəng etdim. Narınca zəng edib Elmir Laçınlıdan Gəncə şəhərində polis nəfəri vəzifəsində xidmət etmiş, 2002-ci ildə xidməti vəzifələrinin icrası zamanı əvvəl almış olduğu xəsarətdən vəfat etmiş oğlumun adının əbədiləşdirilməsinə kömək etməsini istədim. Elmir Laçınlı mənimlə əlaqə saxlayıb bildirdi ki, oğluna şəhidlik statusu ala biləcək. Bunun üçün xidmət qiyməti olaraq 2500 manat istədi. Sonra da əlavə olaraq 3 min manat verdim.
Narınca verdiyim pulların cəmi 22000 manat olub. Söz vermişdi ki, 2022-ci ilin iyun ayının 8-də almış olduğu pulları geri qaytaracaq. Həmin tarixdə Bakıya gəlsəm də Narıncla görüşə bilmədim. Bakıda Elmirlə görüşdüm. Oğlumun adının əbədiləşdirilməsi və şəhid statusu verilməsi ilə bağlı tədbirlərə başladığını dedi. Bir müddət sonra Almaniyaya qayıtdım. Narınc telefonlarıma cavab vermirdi. Elmirlə danışanda dedi ki, Narınc Türkiyədədir. Mənə onun başqa nömrəsini verdi. Narıncla əlaqə saxlayanda pulları verəcəyini dedi. Bakıya növbəti dəfə gələndə Elmirlə yenə görüşdüm. Dedi ki, Narıncdan xeyli şikayət var. Polisdə onun barəsində cinayət işi açılıbmış. Elmirin də heç bir iş görmədiyini, vəkil olmadığını bildim. Sonra o da zənglərimə cavab vermədi”.
Təqsirləndirilən şəxs Elmir əməlini etiraf edib və bildirib ki, zərərçəkmişdən 4500 manat pul alıb və heç bir iş görməyib.
İş üzrə Narınc Vəliyeva da ifadə verib. Deyib ki, təxminən 11 ilə yaxın televiziya verilişlərində aparıcılıq fəaliyyəti ilə məşğul olub: “Sonuncu dəfə 8 ilə yaxın “Dünya TV”-də layihə rəhbəri və aparıcı işləmişəm. 2017-ci ilin may ayında çəkilişdə olan zaman Almaniya nömrəsindən əslən azərbaycanlı olan Dilda xanım mesaj yazıb bildirdi ki, verilişlərini tamaşaçı kimi izləyir və qohumu vasitəsi ilə şəxsi hədiyyə göndərib, lakin hədiyyəni uzun müddət götürməmişəm. Bir neçə aydan sonra saat və geyim hədiyyəsi göndərdi. Sonra da münasibətlər davam etdi. Mənə verilən pullar maddi köməklik məqsədi ilə göndərildiyini hesab etmişəm.
2021-ci ildə Dilda xanımın tapşırığı ilə tanımadığım qohumundan birlikdə iş qurmaq üçün əlbəəl pul götürdüm. Məqsəd Dilda xanımın xahişi ilə “Dilda hədiyyələr” instaqram səhifəsini açmaq olub. Dilda xanım evimin ipoteka kreditinə kömək məqsədi ilə də pul göndərib.
Elmirin görəcəyi iş üçün göndərilən 2500 manat məndə idi. İş yekunlaşmadığı üçün Elmirə vermədim. Sonra Dilda xanımın qohumunun kartında köçürdüm”.
Elmir Laçınlı daha əvvəl də dələduzluqda təqsirli bilinərək məhkum edilib. Hazırda həbsdə olan Elmir Laçınlı bu əməlinə görə 9 ay azadlıqdan məhrum edilib. Cəzası əvvəlki hökmlə birləşdirilməklə onun üzərində qəti olaraq 3 il 9 ay həbs cəzası saxlanılıb.
İ.Muradov
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ