Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər nazirinin müavinindən əcaib mövqe: “Bu halda yekun qərar verəcəyik...”
2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistan ərazisinə silahlı hücumları ilə bağlı təşkilatın üzvləri, o cümlədən Rusiya tərəfindən siyasi bəyanat verilməsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı “yekun qərar” verməyə hazırdır. Musavat.com xəbər verir ki, bu əcaib fikirləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu gün hökumətin iclasından sonra jurnalistlərin suallarına cavab olaraq deyib.
"Biz artıq KTMT-dən eyhamlarla deyil, açıq mətnlə danışırıq: bu, uzun müddət davam edə bilməz. Əgər bizim tərəfdaşlarımız, o cümlədən Rusiya Federasiyası Ermənistanın suveren ərazisinə hücumlarla bağlı öz mövqelərini bildirməsələr, biz yekun qərarları qəbul edəcəyik", - diplomat vurğulayıb.
O vurğulayıb ki, İrəvan “eyham vurmur, birbaşa danışır”. Kostanyan əlavə edib ki, Ermənistan suveren dövlət olduğu üçün “bu və ya digər addımı” özü müəyyən edəcək.
Yada salaq ki, ötən il fevralın 22-də Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirmişdi. 2024-cü ilin mayında isə Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan etmişdi. Ardından həmin ayın sonunda Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməmişdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə KTMT Xarici İşlər Nazirləri Şurasının ötən ilin iyunun 21-də Almatıda keçirilən iclasına da qatılmamışdı. Nəhayət, baş nazir Paşinyan ötən il noyabrın 28-də Astanada Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentlərinin iştirakı ilə baş tutan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasına getməkdən imtina etmişdi.
Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən də imtina etdiyini rəsmən elan edib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanı öz təhlükəsizlik imkanlarını, o cümlədən KTMT çərçivəsində kollektiv formatda səmimi və realist şəkildə yenidən qiymətləndirməyə çağırıb.
Pankin bildirib ki, Ermənistanın KTMT-dəki fəaliyyətini “dondurması” və qərarların qəbulunda iştirak etməməsi fonunda ölkənin öz təhlükəsizliyini necə təmin edəcəyi sual altındadır: “Bütün tərəflər anlayır ki, Ermənistan artıq təşkilatın qərarlarında iştirak etmir. Amma bu ölkə KTMT-nin kollektiv mexanizmlərinə və öz təhlükəsizlik ehtiyaclarına obyektiv yanaşmalıdır”.
Pankin həmçinin bildirib ki, Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi məsələsi 2025-ci ilin dekabrından sonra müzakirəyə çıxarılacaq. Bu qərarın hansı formatda veriləcəyi isə hələlik bəlli deyil.
Pankinin timsalında rəsmi Moskva növbəti dəfə İrəvana xəbərdarlıq edib və ən əsası, ilin sonuna qədər vaxt verilib. Dekabrdan sonra Ermənistan KTMT ilə bağlı cığallığına və oyunpozanlığına aydınlıq gətirməli, seçim etməlidir – ya de-yure blokdan çıxır, ya da “dondurma”nı uzun müddət davam etdirə bilməyəcək.
İndi belə görünür ki, Ermənistan özü üçün daha bir çıxış yolu tapıb: KTMT-ni Azərbaycanla şantaj etmək...
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ