Onlayn ictimai-siyasi qəzet
İnsan, konkret Rusiya vətəndaşı, vicdanının diqtəsilə ölkəsinin Ukraynaya qarşı apardığı müharibəyə etiraz edirsə, niyə “agent” adlandırılmalı, hətta "hüquqi cəhət"dən belə təsnif edilməlidir?
Adamın Kiyevdən “göstəriş” almasını və ya ABŞ-dən, nə bilim, Avropadan maddi dəstək əldə etməsini təsdiq edən fakt varmı?..
Ukraynayla müharibə üç ildən artıqdır davam edir. Bu müddət ərzində etiraz edən Rusiya vətəndaşaları az olmayıb.
Təsadüfən aralarında keçmiş müəllimlərimizdən birinin, o vaxtki qrupumuzun “kurator”unun - rəhbərinin adını da oxumuşdum.
Təəccüblənmədim. İctimai elmlərin adamları inciməsin, dəqiq elmlərin təmsilçiləri daha “dikbaş” olur - ən azı Saxarovu yada salın! Həm də belə etiraz həqiqi ziyalı, vətəndaşçün qeyri-adi görünməmlidir. Bir daha soruşuram ki, beləsi niyə görə “agent” və ya “təsir agenti” kimi diqqətə alınmalıdır?..
Bəlkə məsələnin kökü başqa müstəvidədir? Çox ölkələr var (Rusiya da onların sırasındadır) ki, insanlar rəsmi mövqe və ideologiyayla səsləşməyən fikir deyəndə agent -şpion, daha nə bilim, kim elan olunur!
O günlərdə oxuyuram ki, bəs bir nəfər sovet marşalı Georgiy Jukov haqqında fikir dediyinə görə “agent” kimi qeydə alınıb! Halbuki həmin fikir vaxtilə dəfələrlə səslənib Rusiyada, özü də müharibədən, Stalindən bəhs edən filmlərdə! Həm də, deyəsən, tamamilə doğru-dürüst bir faktdır.
Məsələ bundadır ki, bir neçə il əvvəl prezident Putin hətta tarixi təftiş etməyi yasaq etdi, çünki çox yalanlar üzə çıxacaqdı və çox “tarixi”, hətta indiki “böyük simalar”ın “kitabı” bağlanacaqdı...
Yaxud da sovetlərin süqutundan sonra keçmiş sovet alimləri də ən müxtəlif təşkilatlardan, fondlardan qrantlar almağa başladılar. Bunların arasında indi Rusiyanın birinci düşməni sayılan NATO-nun da qrantları vardı. Dünyada elm və alimlər bu cür maliyyələşdirilir, heç kim elmə və alimlərə bəzi postsovet ölkələrində hələ da qaldığı kimi “Akademiyaya filan qədər, filan instituta filan qədər!” prinsipilə maliyyə ayırmır, yox, konkret elmi layihələr təqdim olunur və onlar maliyyələşdirilir - əlbəttə, bu layihələr müsaqibədən keçirsə, qrantlara layiq görülürsə.
Bir dəfə NATO-nun qrantını udan alimlər kimi iki keçmiş və özü də tanış sovet tədqiqatçısının da adını oxudum. İndiki məntiqlə bu adamlar da agent adlandırılmalıydı! Təsəvvür edin, onların ikisi də astrofizik-kosmoloq idi, milyardlarla illər əvvəl kainatda baş verən prosesləri öyrənir, tədiqiq edirdilər. Agenturanın, ya kəşfiyyatın bura nə dəxli var? Yoxsa bunları da, alimləri də “agent” adlandırmaq lazımdır?..
Hələ onu demirik ki, postsovet ölkələrinin demək olar, hamısında alimlərin sosial vəziyyəti ürəkaçan deyil, xarici qrantlar əksər hallarda onlarçün alim kimi qalmaqçün demək olar ki, yeganə imkandır. İndi nə olsun? Bundan da məhrum olsunlar? Sovet quruluşu çökən kimi Rusiyadakı alimlərin az qala, səksən faizi ölkəni tərk etdi. Ruslar özləri bu haqda ağrılı-ağrılı yazr və “beyin axını”ndan gileylənirdilər. Bəlkə Putin və ətrafı bu haqda düşünsün? Stalinin, sovetlərin dövründən bir-iki texnologiya qalıb, sonra nə olacaq? Almaniyada Hitler hakimiyyətə gələndə böyük alimlərin hamısı ABŞ-yə qaçdı və bu ölkə texnoloji-elmi cəhətdən xeyli irəlilədi. Sovetdən sonra da amerikalılar soruşulanda ki: “ABŞ universitetləri nədir?” Zarafatla deyirlər: "Birinci növbədə rusiyalı (əlbəttə, daha çox yəhudilər) professorlar!" Odur, qoy, Rusiyanın siyasi elitası bunu da düşünsün.
Gələk əsas məsələyə-ictimai fəalların probleminə. Dünyada “üçüncü sektor”un - QHT-lərin spektri çox genişdir. Heç kim onların hamısının, özü də müxtəlif ölkələrdə (nəinki Rusiya, hətta Gürcüstan kimi kiçik ölkələrdə) detallarınadək nə ilə məşğul olduğunu deyə bilməz.
Mümkündür, bəzisi həqiqətən başqa dövlətlər tərəfindən “təsir agenti”, “təzyiq qrupu”, hətta “siyasi dəyənək” kimi istifadə olunur. Amma buna nəzarət etmək üçün hər dövlətdə müvafiq strukturlar var. Onlar hara baxır? Hər şeyi götürüb qadağan etmək məsələni çox primitivləşdirmək deyilmi? Bəs Rusiyada indi qeyd etdiyim strukturların əməkdaşları nəyə görə maaş alır?..
Bu müstəvidə də oxşar arqumentlər səsləndirmək mümkündür. Bilirsiniz, qlobalizm labüd prosesdir. Bu seqmentdə də insanların əməkdaşlığına, hətta kooperasiyasına ehtiyac var. Daxili məsələləri bir tərəfə qoyaq, axı insanları narahat edən regional, hətta qobal problemlər var. Niyə insanlar onları həll etmək üçün səylərini birləşdirməsin, niyə birgə müzakirələr, forumlar keçirməsinlər, araşdırmalar aparmasınlar? Hər şeyi dövlətlərin, hökümətlərin üstünə yıxmaq olmaz axı...
Təkcə Putin Rusiyasında yox, Gürcüstanda da belə qanun qəbul olunandan sonra çox müzakirələr oldu. İlk belə qanun ötən əsrin əvvəlində ABŞ-də qəbul olunub! Amma o, çox dəyişdirilib və lobbizm haqda (Tamam başqa şeydir. ABŞ hökuməti bu sferada əsasən şəffaflıq tələb edir və düşünürük ki, normal tələbdir) qanun qəbul olunanda, xüsusən sonrakı illərdə “agentlər haqda qanun”un təsir sferası xeylı daraldılıb, demək olar ki, passiv qanunlardan birinə çevrilib: ABŞ-nin öz mənbələri belə yazır.
Rusiyada lobbizm yoxdur. Bir daha deyirik ki, əgər insan vicdanının diqtəsilə nəsə deyir və ya edirsə, bu, lobbizmdirmi? Təkrar soruşuram: sübut olunubmu ki, onları Kiyev və başqa bir ünvan malliyyələşdirir və yönəldir? Daha çox “əcinnə ovu” deyilmi bu?
Səhv etmirəmsə, prezident Putin sovetin vaxtında kəşfiyyatçı olub və guya hətta ölkələrin birindən (deyilənə görə!) deportasiya da olunub! Bəlkə bunun üçün hamıya “agent” kimi baxır? Necə ki, paranoik (rus prixoloqlarının bəzisi belə iddia edir) Stalin hamını “sinfi düşmən”, “ziyankar”, “sui-qəsdçi” və “xalq düşməni” kimi görürdü, hətta özünün repressiyalarını “təmizləmə əməliyyatları” adlandırırdı. Bəlkə elə Putin cənablarını da keçmiş 37 ruhlandırır?..
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ