İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Trampa müharibəni dayandırmağın ƏSAS ŞƏRTini bildirib: Dünya şokda

“Donetsk Ukraynaya məxsus ola bilməz” – Xerson və Zaporojye ilə bağlı gizli şərtlər üzə çıxdı

Musavat.com xəbər verir ki, The Washington Post qəzetinin yeni araşdırmasında ABŞ və Rusiya prezidentləri arasında baş tutmuş son telefon danışığının təfərrüatları açıqlanıb. Məlumata görə, söhbətdən xəbəri olan iki yüksək vəzifəli mənbə bildirib ki, Vladimir Putin Donald Trampa Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üçün Donetsk vilayətinin tamamilə Rusiya nəzarətinə keçməsini əsas şərt kimi irəli sürüb.

Qəzet yazır ki, bu, Moskvanın müharibəni dayandırmaq üçün irəli sürdüyü ən sərt və konkret tələbdir. Kreml Ukraynanın Donetsk üzərindəki hüquqlarından imtina etməsini sülh danışıqlarının başlanması üçün ilkin baza hesab edir.

Lakin məsələ bununla bitmir. The Washington Postun məlumatına görə, bir neçə digər mənbə Putinin Trampla söhbətində Xerson və Zaporojye vilayətlərindəki müəyyən ərazilərlə bağlı “nəzəri güzəşt” imkanlarını da dilə gətirdiyini bildirib.

Bu iddiaya əsasən, Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair mümkün razılaşmanın tərkib hissəsi kimi həmin ərazilərdə müəyyən sərhəd korrektələrinin “mümkünlüyünü” nəzəri səviyyədə qəbul edib. Lakin Rusiya hakimiyyəti bu barədə rəsmi təsdiq verməyib və ərazi güzəştlərinin “heç bir halda danışıqlar mövzusu olmadığını” bəyan edib.

Bizə görə (Musavat.com) Putinin bu mövqeyi Tramp administrasiyasına ünvanlanmış strateji siqnaldır. ABŞ prezidenti Donald Tramp hələ seçki kampaniyası dövründən Ukrayna müharibəsini dayandırmağı öz əsas vədi kimi göstərib və indi Moskvanın təkliflərini “sülh üçün ilkin bazis” kimi qiymətləndirə bilər.

Buna baxmayaraq, Vaşinqtonun siyasi dairələrində bu məsələ ciddi fikir ayrılığı yaradıb. Dövlət Departamenti və Pentaqona yaxın mənbələr qəzetə bildiriblər ki, Donetsk, Xerson və Zaporojye ilə bağlı güzəştlər Ukraynanın ərazi bütövlüyünü sual altına qoyar və bu, həm NATO, həm də Avropa İttifaqı üçün qəbuledilməz nəticələr doğurar.

Trampın komandası isə məsələyə daha praqmatik yanaşır. Onların fikrincə, əsas məqsəd müharibəni dayandırmaq, ABŞ və Avropanın üzərindəki iqtisadi və siyasi yükü azaltmaqdır.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu sızma məlumatlar Ukrayna müharibəsində yeni diplomatik mərhələnin başlandığından xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR