Onlayn ictimai-siyasi qəzet
İyun gəlməmiş piştaxtalar qarpızla bəzəndi – kimisi nəfsinə uduzur, kimisi isə zəhərlənməkdən qorxur.
Bəs bu erkən giləmeyvə süfrəyə sevinc gətirir, yoxsa xəstəxanaya yol açır?
Havalar isinəndən bəri Bakının bazarları da qızmar günəşin ritminə düşüb. Belə ki, piştaxtalarda alça, çiyələk, gilasla yanaşı qarpız da görünür. Bəli, o klassik “iyulun ortası gəlmədən qarpız alınmaz” deyimini eşidən insanlar artıq bu səhnəyə alışır. Alıcı var, amma sual da çoxdur: bu vaxtı qarpız yemək doğrudanmı təhlükəlidir?
Musavat.com olaraq bu suala cavab axtarmaq üçün paytaxtın ən gur bazarlarından birinə üz tutduq.
Günorta günəşi adamın başını qızdırsa da, satıcılar qarpızları soyumağa qoymur.
Elə satıcı Əli də piştaxtanın arxasından birbaşa mikrofonumuza üz tutur:
“Qardaş, qarpız çıxandan hər gün yeyirəm! Sabirabadda parnikdə yetişdirilib. Amma qorxusu yoxdur. İnsanlar gəlir, alır, yeyir. Hələ eşitməmişəm kimsə zəhərlənsin”.
Əli barmağını havaya qaldırıb sanki “and içirmiş” kimi danışır. Onun sözlərinə görə, qarpızla zəhərlənmə yalnız giləmeyvənin “yaralı” yeri olarsa, mümkündür.
Satıcı Cavid isə daha yumoristik yanaşır məsələyə:
“Əşi, mən canımdan bezmişəm? Özüm yeməsəm, niyə satım? Kilosunu 80 qəpiyə verirəm. Baxın, camaat da qorxmadan alır. Qorxan gözə çöp düşər!”
Kəsilən qarpızın qoxusu piştaxtada burnunuza çatsa da, alıcıların sayı o qədər də çox deyil. Kimsə yaxınlaşıb qiymətlə maraqlanır, bəziləri isə sadəcə baxıb keçir.
Amma aradabir “nəfsinə uduzanlar” da var.
Orta yaşlı bir kişi yarım qarpızın qırmızı diliminə baxa-baxa “Bazarda gördüm, ürəyim istədi. Dedim, dadına baxım, nə olar, olar. Onsuz da bir gün öləcəyik də – elə qarpızdan ölüm deyə!” - deyib ürəkdən gülür.
Alıcı xanımlardan biri isə daha ehtiyatlı, amma eyni dərəcədə nəfsinə söz keçirə bilməyənlərdəndir:
“Hər dəfə almıram, amma bu dəfə nəfsim çəkdi. Dedim, nübar edim. Ne olasıdır ki…”
İnsanların tərəddüdləri səbəbsiz deyil. Kliniki Tibbi Mərkəzin (KTM) verdiyi məlumata görə, may-iyun aylarında qarpızdan 8 nəfər zəhərlənib. Ölüm halı qeydə alınmasa da, tibbi yardım göstərilib.
Məsələyə aydınlıq gətirmək üçün aqrar sahə üzrə ekspert, Naxçıvanın keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucova üz tutduq.
R.Orucovun sözlərinə görə, qarpızdan zəhərlənmə düzgün yetişdirilmədiyi halda baş verir:
“Hazırda açıq sahədə yetişdirilən bostan məhsulları demək olar ki, bazara hələ çıxmayıb. Zəhərlənmənin əsas səbəbi düzgün gübrələmənin olmamasının nəticəsidir. Məhsula azot gübrəsi çox verildikdə onda ammonyak azotu toplanır ki, bu da zəhərlənmə yaradır.
İnsan fiziologiyasında belə bir şey var k, hər məhsulu öz mövsümündə yemək daha məqsədəuyğundur. Doğrudur, açıq ərazidə yetişdirilən qarpızlarda da zəhərlənmə olur. Lakin parniklərdə yetişdirilən qarpızlardan daha az zəhərlənmə verir. Məsləhət görərdim ki, iyulun ikinci yarısından başlayaraq yeyilsə, daha yaxşı olar”.
Qida üzrə mütəxəssis Asim Vəliyev isə bildirdi ki, ən təhlükəsiz qarpız iyulun ortasından sonra yeyilənidir:
“Qarpızı tez yetişdirmək üçün kimyəvi gübrələrdən istifadə olunur. Bu maddələr qabıqda toplanır. İmmuniteti zəif insanlar yeyəndə zəhərlənmə əlamətləri başlayır. Amma əsas səbəb dozanın aşılması və məhsulun düzgün saxlanmamasıdır. Məsələn, kəsilmiş qarpız soyuducuda düzgün şəraitdə saxlanılmalıdır, əks halda tez xarab olur”.
Qarpız yay ləzzətidir, sərinliyi, dadı, rəngi ilə təkcə damağımızı deyil, gözümüzü də oxşayır. Amma hər gözəl şeyin bir vaxtı, hər məhsulun öz mövsümü var. İyun ortasında piştaxtalara düşən qarpız bəzən zəhərli bir “nübar”a da çevrilə bilər. Alarkən diqqətli olmaq, qarpızın mənşəyini, kəsilmə şəraitini və saxlanma qaydalarını nəzərə almaq vacibdir. Çünki bəzən bir dilim qarpız bir gün istirahəti – bir neçə gün xəstəxana çarpayısına dəyişə bilər...
Şahanə Rəhimli
Musavat.com
Fotolar müəllifindir
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ