İnsanlara hürriyət, millətlərə istiqlal!

Qars müqaviləsindən imtinanın səbəbi

Aydın Quliyev: “Naxçıvanın muxtariyyətini yox, onun muxtar statusuna sonradan əlavə edilmiş “dövlət” sözünü ləğv etmək barədə düşünmək lazımdır”

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası Milli Məclisin iyunun 21-də keçirilən iclasında müzakirə olunub. Mövcud preambulada bildirilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub.

Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü konstitusiyası qəbul edilib. Naxçıvan Muxtar Respublikasının bu konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən konstitusiyası təşkil edir.

Qanun layihəsində yuxarıdakı hissələrin konstitusiyadan çıxarılması, onların aşağıdakı müddəalarla əvəz olunması təklif edilir:

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir. Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, müzakirələrdə Naxçıvanın muxtariyyətinin ləğvi təklifi də səslənib. Yeri gəlmişkən, politoloq Zaur Məmmədov iddia edib ki, Azərbaycanda mümkün referendumda Naxçıvan Muxtar Respublikasının statusunda ciddi dəyişikliklər baş verə bilər: “Çox böyük ehtimalla, "muxtar respublika" ifadəsi “vilayət” anlayışı ilə əvəz olunacaq. Bu, Naxçıvanın müstəqil qanunverici və icra strukturlarının - Ali Məclis və yerli hökumətinin funksiyalarının daralmasına səbəb olacaq".

Naxçıvanın Konstitusiyasından Qars müqaviləsinin çıxarılması hansı zərurətdən doğur? Qars müqaviləsi Naxçıvan Konstitusiyasından niyə çıxarılır?

CROSSMEDIA - Hikmət Babaoğlu: “Çox təəssüf ki, siyasət Şəhriyarın şeirləri  qədər aydın, gözəl və birmənalı deyil”

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı layihə Azərbaycan parlamentində artıq qəbul edilib. Yeni layihədə Naxçıvan Muxtar Respublikasının Konstitusiya əsasları qismində iki mühüm hüquqi, siyasi akta istinad edildi:
“Bunlardan biri 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsi ilə bağlı Konstitusiya Aktına istinaddır, digəri isə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasına istinaddır. Dəyişiklik hazırkı reallıqların gətirdiyi zərurətlə bağlıdır. Çünki Azərbaycan artıq ərazisinin hər yerində suverenliyini tətbiq edib və beləliklə, Naxçıvanın konstitusiyasında da bu reallıq kontekstində zəruri dəyişikliklərin edilməsi şərtləri formalaşıb. Qeyd edilən dəyişikliklərə qədər Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin konstitusiya əsaslarında həm 1921-ci ildə imzalanmış Moskva müqaviləsinə, həm də 1921-ci ilin oktyabr ayında imzalanmış Qars müqaviləsinə istinad edilirdi ki, bu da o dövrün gerçəklikləri ilə əlaqədar olmuşdu. Hazırda isə yeni reallıqlar  kontekstində bu dəyişikliklərin edilməsi zəruridir. Bu dəyişikliklər unitar dövlətin tələblərinə uyğun olaraq dövlətçilik institutlarımızın və funksional dövlət qurumlarımızın hər biri üçün birbaşa şaquli tabeçilik yaratmaq və idarəetmənin daha səmərəli olması baxımından zəruridir”.

Aydın Quliyev: 'Böyük ehtimalla itkin düşmüş azərbaycanlıların hamısını  ermənilər qətlə yetirib'

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə məsələyə tarixi xatırlatmaqla münasibət bildirib: “Naxçıvanın muxtar statusunun ləğv edilməsinə çağırış edənlər ötən əsrin 92-93-cü illərini yadıma salır. O zaman AXC hökumətində məsul vəzifə tutan bəzi şəxslər də Naxçıvanın muxtariyyətini ortadan qaldırmağa açıq çağırışlar edirdilər. Onlar bunu  o zaman Naxçıvan Ali Məclisinin sədri postunu tutan və Azərbaycanda hakimiyyətə ən güclü alternativ  sayılan Heydər Əliyevə görə edirdilər. Elə bilirdilər ki, muxtariyyət ləğv olunan kimi Heydər Əliyevi siyasət səhnəsindən çıxara biləcəklər. Belələrinin gözü o qədər tutulmuşdu ki, Məclis sədrliyinin Heydər Əliyevə yox, Heydər Əliyevin məclis sədrliyinə güc-qüvvət və sanbal verdiyini anlaya bilmirdilər. Anlamırdılar ki, əvvəla, Naxçıvanın muxtariyyəti 1-2 nəfər "siyasət öyrəncisinin"çağırışı ilə ləğv olunacaq məsələ  deyil. İkincisi, hətta muxtariyyət statusunun o zaman  ləğvinin mümkünlüyünü nəzəri olaraq təsəvvür etsək belə, Naxçıvan camaatı Heydər Əliyevin yenə də hakimiyyətə gəlişini dəstəkləyəcəkdi. O zaman Naxçıvanın muxtariyyətinın ləğvi Heydər Əliyevə görə gündəmə gəlmişdi.

Bəs üstündən 33 il keçəndən sonra indiki “likvidatorlar” Naxçıvanın muxtariyyətini kimə və nəyə görə hədəfləyirlər?! Naxçıvanın muxtariyyətini ləğv etməyə çağıranlar, məncə, ilk növbədə Azərbaycan-Türkiyə münasibətlərini hədəfə alıblar. Axı muxtariyyətin ilk hüquqi mənbəyi Qars müqaviləsidir  ki, onun da altında Türkiyənin də imzası var, Türkiyə  muxtariyyətin  qarantlarından biridir. Türkiyə ilə Azərbaycanın yeganə quru sərhədi olan 11 kilometr sahə məhz Naxçıvanın muxtar statusu sayəsində gerçək ola bilib. Naxçıvanın muxtar statusu olmasaydı, Sədərəkdəki həmin 11 kilometrlik birgə sərhədi yaratmağa heç bir əsas olmazdı. Rəhmətlik Atatürk bu 11 kilometr sərhədin xatirinə xeyli pul ödəməli olmuşdu, daha doğrusu, onu satın almışdı. Naxçıvanın muxtariyyətinə əsas qarant ölkə kimi Naxçıvanla birbaşa bağlılıq olsun deyə.

İndi Türkiyə Naxçıvanın muxtariyyətinin ləğvini rahat şəkildə qəbul edərmi? Məncə, yox.

Naxçıvanın muxtar statusunun ləğvi çağırışları anlaşılmaz və yolverilməzdir. Bu, ilk növbədə Naxçıvanın təhlükəsizlik məsələsidir, sonra Türkiyə-Azərbaycan qardaşlıq məsələsidir, üçüncü, Heydər Əliyevin siyasi irsinə hörmət məsələsidir. Heydər Əliyevin “Naxçıvanın muxtar statusu unikal məsələdir və ləğv oluna bilməz” sözlərinin altını cızaraq “likvidatorlara” xatırlatmaq istəyirəm. Naxçıvanın muxtariyyətini əsla ləğv etmək yox, onun muxtar statusuna sonradan müəyyən siyasi hədəflərlə bağlı əlavə edilmiş “dövlət” sözünü ləğv etmək  barədə düşünmək lazımdır. Naxçıvanın dəyişməz  muxtar statusu onun heç də “muxtar dövlət” olması anlamına gəlməyə əsas verə bilməz. Dövlət içində ikinci dövlət olmaz".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR