İnsanlara hürriyət, millətlərə istiqlal!

Reverans və manevrlərin sonu - Tramp Rusiyadan birdəfəlik üz döndərir?

ABŞ lideri Donald Trampın Rusiya qarşısında reveransları, manevrləri bütün dünyada heyrət doğurur.

Gerçəkdən də bir gün Rusiyaya təslim olması üçün Ukraynaya təzyiq etməsi, Krımdan sonra Donbasın da Moskvanın idarəçiliyinə verilməsini istəməsi, bir həftə sonra Rusiyanın dərinliklərini vurmaq üçün Kiyevə “Tomohavk” raketləri verəcəyini bəyan etməsi sağlam məntiqə sığmaz hərəkətlər kimi görünür.

Özü də bu Trampın təcrübəsində ilk ziddiyyətli mövqe deyil. Onun Rusiyaya yönəlik bəyanatları hələ 2024-cü ilin yay aylarından, Trampın ABŞ prezidentliyinə iki namizəddən biri olması təsdiqlənəndən sonra səslənməyə başlayıb, prezident seçildikdən sonra o cür də davam edib, səlahiyyətlərinin icrasına başlaması ilə daha da şiddətlənib. Tam bir ziqzaq: bir gün elə, bir gün belə, bir həftə Rusiyaya qahmar çıxmaq, o biri həftə Kremli təhdid etmək...

İndi o, Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmayacağını, bu qərarın Vaşinqton tərəfindən verildiyini bildirib. Tramp Putinlə görüşü vaxt itkisi adlandırıb. Alyaska görüşü sülhə doğru addım olmadısa, Budapeşt görüşü də faydasız olacaq – Trampda hasil olan qənaət belədir.

trput.JPG (32 KB)

Əslində ABŞ prezidentinin bu kimi davranışlarının məntiqi əsası var: o, Rusiya-Ukrayna müharibəsinin nəyin bahasına olursa, olsun, başa çatmasını istəyərkən səmimidir. Trampın fikrincə, Ukrayna müharibədən olduqca ağır zərbələr alıb, bundan artığına düçar olmaması onun üçün qələbəyə bərabərdir. Eyni zamanda Rusiya 3 il 9 aydır davam edən “xüsusi hərbi əməliyyat”da yarımcan olub, onun da müharibəni dayandırması özünə faydalı olar.

Tramp Rusiya-Ukrayna müharibəsinin heç-heçə bitməsini istəyir. Onun nəzərində Rusiya hərbi və iqtisadi baxımdan artıq dişləri sökülmüş yırtıcı kimidir, yenidən dirçəlməsi uzun vaxt aparacaq. Ukrayna isə hələ ötən illərdən ABŞ və Avropa tərəfindən fəth edilmiş vəziyyətdədir. Ölkə qeyri-rəsmi olsa da, Avropa İttifaqının və NATO-nun üzvünə çevrilib, sadəcə, bu, sənədləşdirilməyib. Başqa necə olsun? Ukraynaya hər cür silahı NATO ölkələri verir, Aİ ölkələri isə ona milyard dollarlıq yardımlar edir. Müharibə dayandırılsa, Avropa ölkələri köməkləşərək bir neçə ilin içində Ukraynanı bərpa edəcəklər. Rusiya isə öz yaralarını özü sarımalı olacaq.

Ancaq Putinin maksimalistliyi, Ukraynanın tam kapitulyasiyasına nail olaraq, ölkəni bütöv istəməsi ABŞ-nin də, Avropanın da, 4 ilə yaxındır “rus ayısı” ilə vuruşan Ukraynanın da planlarına uyğun deyil.

Tramp görür ki, Putin Krımla, Donbasla kifayətlənmək istəmir, Kiyevi, hətta Lvovu da istəyir. Bu isə Putinin özünü qalib lider kimi təsdiqləməsinə, Rusiyanın daha da güclənməsinə gətirib çıxaracaq.

trpun.jpg (42 KB)

Trampa güclü Rusiya lazım deyil, ona Rusiyanın əldən düşmüş, əzilmiş halı lazımdır. Çünki Trampın, eləcə də ABŞ-nin digər siyasətçilərinin qarşısında daha güclü, gündən-günə divləşən Çin var. Amerikalılar Rusiyanı artıq sındırdıqlarını zənn edirlər və bu, həqiqətə çox yaxındır.

Trampın qəsdi əzilmiş Rusiyanı yanına alaraq Çinlə ölüm-dirim savaşına girmək və onu da əzməkdir.

Yox, Rusiya “xüsusi hərbi əməliyyat”dan qalib və güclü çıxacaqsa, o, ABŞ-yə yox, Çinə yaxınlaşmağı üstün tutacaq – həm keçmiş ideoloji (kommunizm, anti-amerikanizm) yaxınlığa, həm də coğrafi qonşuluğa görə.

Putin ölkəsini saldığı bu müharibədən əliboş çıxmaq istəmir və dövlətinin bütün resursları tükənsə də, bu adam da geri addım atmayacaq. O özünü, komandasını və rəhbərlik etdiyi xalqı II dünya dünya müharibəsində yaranmış stereotiplərin (“Geriyə yol yoxdur, arxada Moskvadır”, “Ruslar təslim olmurlar”, “Rus əsgəri hər zaman müzəffərdir”) əsirinə çevirib.

Rusiyanın tarixi qələbələri ilə öyünən indiki rus patriotları ya unudublar, ya da bilə-bilə yada salmırlar ki, Rusiyanın imperiya olandan əvvəl və sonra qazandığı qələbələr qədər düçar olduğu məğlubiyyətlər də olub. Bu ölkədə tarixi məğlubiyyətlərdən və kiçik qələbələrə görə verilən böyük itkilərdən danışmağı sevmirlər.

Elə indinin özündə də Rusiya Ukraynanı ram etmək üçün 2022-ci ilin fevralında hesabladığından 1000 (min) qat artıq itki verib, fantastik miqyasda ziyana düşüb, amma dayanmağı düşünmür.

Tramp və komandası artıq bu qərara gəlib ki, Rusiyanın indiki rəhbərliyi ilə danışıqlar aparmağın, necəsə razılığa gəlməyin perspektivi yoxdur, onlar heç vaxt konstruktiv və səmimi olmayacaqlar. Bu dövlətin öhdəsindən gəlmək üçün onu SSRİ-nin gününə salmaq lazımdır – son dərəcə yoxsullaşdırmaq, içindən dağıtmaq, yaraq-əsləhəsini əlindən almaq.

Əgər Kremlin əlində nüvə silahları olmsaydı, ABŞ və Avropa bunu çoxdan edərdilər. Rusiyanı ayaqda saxlayan yalnız o silahlardır, daha dəqiqi, Qərbin o dəhşətli silahlar qarşısındakı xofu.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR