Onlayn ictimai-siyasi qəzet
İyunun 5-də Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib. Ənənəvi olaraq, əvvəl məhdud tərkibdə iqtisadi əməkdaşlığın aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə “Ağır maşınqayırma sənayesinin inkişafı sahəsində əməkdaşlıq haqqında” Saziş layihələrinin, Yüngül sənaye sahəsində əməkdaşlığın inkişafı Konsepsiyasının və onun həyata keçirilməsinə dair Tədbirlər Planının, MDB-yə üzv dövlətlərin Milli Hava Hərəkətinin İdarə Edilməsi Sistemlərinin Uyğunlaşdırılması Konsepsiyasının müzakirəsi olub.
Bundan əlavə, səhiyyə, regionlararası və transsərhəd əməkdaşlıq, müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyəti tənzimləyən bir sıra müzakirələr olub. İclasda Azərbaycanı baş nazir Əli Əsədov təmsil edib.
Qeyd edək ki, ABŞ Hərbi Kəşfiyyat Agentliyi bugünlərdə Rusiyanın Mərkəzi Asiyada və Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını ifadə edən hesabat yayıb. ABŞ hərbi kəşfiyyatının hesabatında həmçinin qeyd olunurdu ki, Rusiya Mərkəzi Asiyada ənənəvi təsir rıçaqlarını saxlayır. Moskvanın region dövlətləri ilə dərin tarixi, iqtisadi, siyasi, hərbi və mədəni əlaqələri Mərkəzi Asiyada davamlı mövcudluğunu saxlamağa imkan verir. Rusiya Mərkəzi Asiya təhlükəsizliyinə özünün ayrılmaz hissəsi kimi baxır. Hesabatda qeyd olunurdu ki, Rusiya bu ölkələrə, regionun təhlükəsizlik arxitekturasına nəzarət etmək üçün təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) deyil, həm də MDB-dən istifadə edir.
Aydındır ki, MDB çoxdan formal quruma çevrilib, amma Rusiya əsas moderator kimi qurumun saxlanılmasında, Qərb isə əksinə, dağılmasında maraqlıdır. ABŞ kəşfiyyatının son hesabatında da MDB-nin rolunun qabardılması təsadüfi deyil.
Keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlik 1991-ci ilin 8 dekabrında yaradılıb. 1991-ci ilin bu günündə qurulan MDB-yə ilkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belarus daxil idi. Bu dövlətlər SSRİ-nin dağılmasının (faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayaraq, öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün Müstəqil Dövlətlər Birliyini təşkil etdilər. MDB həm də SSRİ-nin “mədəni dağılmasını” bəyan etmək, onun mülklərini keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.
Daha sonra Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci il tarixində Almatıda Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin 24 sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.
1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. Ukrayna 2014-cü ilin mart ayında Rusiya ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı. Hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.
Bəs Rusiya MDB-ni nəzarət mexanizmi kimi nə qədər saxlaya biləcək? Bu təşkilatın təsiredici rolu qalıbmı? Moskva doğrudanmı MDB vasitəsilə postsovet məkanına nəzarətini təmin edə bilir?
Qulamhüseyn Əlibəyli
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, MDB formal mövcuddur: “Onlar yığışırlar, iclaslar keçirirlər, amma bu qurum Rusiya üçün keçmiş sovet ölkələrinə nəzarət məkanına çevrilə bilmədi. Əlbəttə, Kreml çox istərdi ki, MDB vasitəsilə buna nail olsun, amma alınmadı. İndi başqa təhdidlər, vasitələr nəzərdən keçirilir. Yəni "SSRİ-2" modeli haqda fikirləşirlər. Çünki Ukrayna, Gürcüstan, Moldova MDB-də iştirak etmir, Orta Asiya ölkələri təşkilatın qarşısına qoyduğu məqsədləri həyata keçirməkdən uzaqdır, ona görə Rusiya gələcəkdə başqa gülməli ssenarilər haqda baş sındırmalıdır".
Q.Əlibəyli vurğulayıb ki, MDB-nin dağılması üçün ölkələr üzvlükdən çıxmalıdırlar, saziş qüvvədən düşməlidir, de-yure ləğv olunmalıdır: “Bu da gələcəkdə mümkündür. Onsuz da MDB perspektivi olmayan bir platformadır. Düşünmürəm ki, qarşıdakı dövrdə MDB yenidən aktiv bir təşkilat kimi fəaliyyətini gücləndirə bilsin. Üstəlik, digər dövlətlər də bu təşkilatın fəallığında maraqlı görünmür. Eyni zamanda Türk Dövlətləri Təşkilatı yaranıb, Mərkəzi Asiya ölkələri bu platformaya daha çox meyl göstərirlər. O baxımdan da MDB Rusiya üçün var, fəaliyyəti isə formal xarakter daşıyır”.
Qabil Hüseynli
Professor Qabil Hüseynli isə MDB-nin de-fakto dağıldığını zənn edir. Onun sözlərinə görə, Ukrayna böhranı geopolitik reallıqları dəyişib və bu birliyi əhəmiyyətsiz edib: “Buna qədər də MDB ciddi bir fəaliyyəti ilə nəzərə çarpmırdı. Son zamanlar isə Rusiya lideri MDB dövlət başçılarını Yeni il ərəfəsində Moskvaya toplayır, siyasi birlik nümayiş etdirməyə çalışırdı. Sonuncu belə toplantı isə Kreml liderinin istədiyi kimi olmadı. Çünki həmin gün təyyarəmiz vurulduğu üçün dövlət başçısı İlham Əliyev bu faciə ilə bağlı dərhal geri qayıtdı, elə aeroportda müşavirə keçirdi. Halbuki Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-rəsmi zirvə toplantısına yola düşmüşdü. Həmçinin Ermənistanın baş naziri koronavirusa yoluxduğunu bildirərək sammitdə iştirak etməmişdi. Bu da Rusiya prezidentinin tədbirinin sönük keçməsinə səbəb olmuşdu. Odur ki, MDB mənasız bir təşkilata çevrilməkdədir”.
Q.Hüseynlinin qənaətinə görə, hər iki Cənubi Qafqaz ölkəsi MDB platformasında görünməyə həvəsli deyil, sadəcə, Rusiyanın həssaslığından irəli gələrək bu tədbirlərdə iştirak olunur: “Eləcə də türkdilli ölkələrin də bu quruma marağı qalmayıb. Əslində MDB yoxdur, Rusiya onu yaşatmaq üçün dəridən-qabıqdan çıxır. Artıq yeni əməkdaşlıq təşkilatları meydana gəlməkdədir. Zənnimcə, Rusiya özü də bu barədə düşünməlidir ki, regionda təsirlərini saxlamaq üçün hansı yeni strategiya hazırlana bilər, necə bir doktrina ilə postsovet məkanına nəzarət edə bilər. Çünki yanaşmalar dəyişib və MDB arxaik bir təşkilata çevrilir.
Mənə belə gəlir ki, Rusiyadan başqa MDB-nin varlığını istəyən üzv ölkə yoxdur. Hətta Belarusun da bunda istəkli olduğunu görmürəm. Bir sözlə, Moskvanın SSRİ-ni bərpa etmək haqda ortaya atdığı tezisləri, habelə Putinin müşavirinin son çıxışını nəzərə alsaq, onun yeni planlarla “arxa bağçası” saydığı bölgəyə qayıtmağa hazırlaşdığını təxmin etmək olar. Amma buna müvəffəq olacaqmı? İnanmıram. Hər halda, Qərb də kontur addımlar atmağa çalışır ki, Rusiya keçmiş SSRİ məkanında yenidən “at oynada” bilməsin".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ