İnsanlara hürriyət, millətlərə istiqlal!

Qısa sürən böyük müttəfiqliyin sonu – Tramp və Maskın dostluq büsatı bitir

ABŞ prezidenti Donald Tramp və milyarder İlon Maskın müttəfiqliyinin başa çatması və artıq çatdığı barədə xəbərlər gəlir. Milyarder Ağ Evi tərk etdikdən sonra onların münasibətləri ciddi şəkildə pisləşib.
Tramp son görüşündə Maskın uzağa getmədiyini, yenə onun administrasiyasına bu və ya digər şəkildə kömək edəcəyini bəyan etsə də, reallıq göstərir ki, bunlar yalnız media qarşısında dilə gətirilən gəlişigözəl sözlər olub.

Gerçəklik budur ki, “ayrılmaz doslar”ın arası dəyib və hazırda ortalıqda qarşılıqlı tənqidi replikalar uçuşur.
Mask Ağ Evdən ayrılan kimi Tramp onin hamilik etdiyi şəxsi NASA-nın rəhbəri etməkdən imtina edib.

Həmçinin onun Maska məxsus “Tesla”nın aldığı vergi güzəştlərini ləğv etməyi planlaşdırdğı məlum olub.
Bütün bunların fonunda Mask Trampın yeniliklərini tənqid edərək, onların “Amerika xalqına xəyanət” olduğunu iddia edib.

Əslində keçən il bu vaxtlar dünyanın ən qalmaqallı siyasi xadimi ilə dünyanın ən varlı adamının bir araya gəlməsi bir qədər təəccüblü olmuşdu.

Trampın Mask kimi tərəfdar qazanması ona nə qədər faydalıydısa, Mask Trampda dəstək verməklə böyük zərərə uğramaq riski qarşısındaydı. Yəni Mask Trampa yaxınlaşmaqla və Bayden administrasiyasına qarşı fəallıq etməklə öz biznesini riskə qoymuşdu. Əksinə olsaydı, yəni Tramp prezident, Bayden ona müxalif olsaydı və Mask Baydenə dəstək versəydi, ona ciddi problemlər yaradılardı.

Ancaq Bayden öz qatı rəqibinin bir nömrəli dəstəkçisinin təqib-təzyiqə məruz qoyulmasını sanksiyalaşdırmadı. Heç Maskın islaholunmaz narkoman olmasına da aşırı vurğu edilmədi. Nəticədə Mask Trampın qələbəsi üçün, necə deyərlər, hər şeyini ortaya qoydu: Trampın təşkil etdiyi mitinqlərdə populist çıxışlar etməkdən tutmuş, onun fonduna böyük məbləğdə maddi vəsait köçürməyə qədər. Trampın prezident seçilməsində Maskın mühüm rolunun olduğu danılmazdır.

trmask-2.JPG (36 KB)

Maskın Trampa dəstək verməklə öz biznesini riskə atması gerçəkliyi bu ilin əvvəllərində ortaya çıxdı. O zaman Tramp artıq prezident, Mask isə Hökumətin Effektliyi Departamentinin rəhbəri idi. Bir gün məlum oldu ki, Maskın “Tesla” şirkətinin səhmlərinin qiyməti 50%-dən çox aşağı düşüb.

Bu, Trampı sevməyən istehlakçıların ona dəstək verən, üstəlik, ABŞ-də büdcə vəsaitlərinə qənaət etmək üçün kütləvi kadr ixtisarları aparmaq təşəbbüsü ilə çıxış edən Maskdan qisas almasaydı. Mask bu intriqada milyardlarla dollar itirdi və bu, onun Trampın seçki fonduna köçürdüyü yüz milyonlarla dollardan qat-qat çox idi.

360 milyard dollar həcmində varidatı olan, daim yeni texnologiyalarla, kosmosun fəthi ilə əlləşən uğurlu iş adamının birdən-birə siyasətə atılmasının, həm də adı bir neçə cinayət işində çəkilən Trampa qoşulmasının sirri hələ də çözülmüş deyil. Onu fəal siyasətçi olmağa, dövlət vəzifəsi tutmağa nə vadar edirdi? Yəqin ki, Maskın içindəki aşıb-daşan enerjisi və ambisiyası...

Mask həqiqətən siyasi sima olaraq qısa müddətdə o qədər şişmişdi ki, dövlətin ikinci adamına çevrilmişdi. Bu gerçəklik Trampın komandasındakı digər şəxsləri çox narahat edirdi və onlar medianın vasitəsilə Maskın Trampın mümkün varisi olmaq ehtimalını vururdular.

tr-mask0-3.JPG (29 KB)

Tramp çıxışlarının birində bu xüsusatı dilə gətirərək demişdi ki, İlon Mask ABŞ dövlətinin hüdudlarında doğulmadığı üçün onun növbəti seçkidə prezidentliyə namizəd olması mümkün deyil.

Bilindiyi kimi, ABŞ-də belə bir qanuni müddəa var ki, ölkə prezidenti yalnız ABŞ ərazisində doğulmuş şəxs ola bilər. İlon Mask CAR-da doğulduğu üçün prezidentliyə namizəd olmaq hüququna malik deyil. Trampın açıqlaması və onun komandasının gizli müqaviməti isə ondan xəbər verirdi ki, Maska görə bu qanuni müddəa dəyişdirilməyəcək.

İndi Mask keçənilki siyasi seçimindən məyusdur və narazılığını bildirir. O, ötən həftə Trampın seçki kampaniyasını dəstəkləmək üçün yüz milyonlarla dollar xərclədiyini, lakin nəticənin onu qane etmədiyini deyib.

Məlumata görə, amerikalı iş adamı federal xərclərin azaldılması ilə bağlı qanun layihəsinin bir hissəsi kimi elektromobillər üçün vergi subsidiyalarının azaldılmasından, süni intellekt sahəsində rəqibi OpenAI-nin iştirak etdiyi Stargate AI alyansının yaradılmasının Trampla razılaşdırılmasından narazıdır.

Bundan bir qədər əvvəl Mask Trampın federal xərcləri azaltmağı təklif edən qanun layihəsini sərt şəkildə tənqid edib. İş adamı bu qanun layihəsini “iyrənc” adlandırıb və sənədi dəstəkləyən konqresmenləri qınayıb.

Beləcə, onların müttəfiqliyi sona çatır və güman ki, münasibətlər getdikcə daha da pisləşəcək. Çünki Tramp da, Mask da hikkəli adamlardır.

Onların dostluğu lap əvvəldən həddi-büluğa yenicə çatmış gənclərin dostluğunu xatırladırdı. İş dünyasında fenomenal uğurlar qazanmış Maskın siyasət dünyasında uğurlu olmayacağı öncədən aydın idi. Çünki siyasət arenasında “qoca qurdlar” amili var və onları qəfildən sıçrayıb ortaya çıxan “keçilər”i yeyirlər.

Yaxın illərdə Trampın ən böyük tənqidçisinin İlon Mask olacağı gözləniləndir.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR