İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ sədrinin yaxın adamının “kredit günahı”

İlahiyyatçılar deyir ki, faiz böyük günahdır, amma kredit...

Azərbaycanda çox az sayda adam olar ki, onun banklara kredit borcu olmasın. Çünki əhalinin əksəriyyəti ya xaricdə işləyən yaxınlarının göndərdiyi pulla, ya da bankdan aldıqları kreditlə dolanırlar. Hətta telefon, hansısa ev əşyasını, hətta geyimlərini belə kreditlə alanlar var. İnsanlar külli miqdarda məbləği banklardan alır, sonra isə onu az-az ödəyir, təbii ki, faizi ilə.

Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO  Pravda.azSurxay Məmmədli: Londondakı səfirliyimizə hücum dinə və əqidəyə yaraşan  hadisə deyil - AZƏRTAC

Surxay Məmmədli

Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Surxay Məmmədlinin idarə etdiyi “Nissan Patrol” markalı avtomobilin 250 000 manat dəyərində olması haqda iddialarla bağlı verdiyi açıqlama müzakirə yaradıb. Din xadiminin avtomobili təxminən bir il əvvəl 33 min manata, kredit yolu ilə əldə etdiyini deməsi tənqidə səbəb olub, kreditin dində haram olduğu bildirilib. Pravda.az bu barədə S.Məmmədlinin mövqeyini öyrənməyə çalışıb. O isə “Açıqlamada hər şeyi demişəm. Təfərrüata ehtiyac duymuram...” deməklə kifayətlənib. Kredit faizli borc deməkdir. Faiz də İslam dininin ən ağır qadağalarından biridir. Hazırda müsəlman aləmində bu problemin necə həll edilməsi ilə bağlı müzakirələr də gedir. Hətta Azərbaycanda faizsiz kredit verən İslam bankının yaradılması haqqında da fikirlər səslənir. Ancaq dini ekspertlərə görə, banklardan kreditlə pul almaqdan fərqli olaraq kreditlə əşya almaq günah hesab edilmir.

Bəs İslam ölkələrində kredit məsələsi necə həll edilir? İslamda faiz (riba) qadağandır, çünki bu, ədalətsiz qazanc və insanların istismarına səbəb ola bilər. Bu səbəbdən, faiz əsaslı ənənəvi kredit sistemindən fərqli olaraq, İslam ölkələrində faizsiz, halal alternativlərdən istifadə olunur. Bu sistemə ümumilikdə İslam bankçılığı deyilir. İslam bankçılığı faizsiz işləyən maliyyə sistemidir. Burada əsas prinsiplərdən biri də odur ki, bank müştəri ilə riski və gəliri bölüşür. Bu sistemdə qazanc faiz kimi sabit rəqəm üzərindən deyil, real iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlirə əsaslanır. Eyni zamanda maliyyə əməliyyatları haram sayılan sahələrə (məsələn, alkoqollu içkilər, qumar, donuz məhsulları və s.) yönəldilə bilməz.

İslam banklarında kredit əvəzinə bir neçə əsas maliyyə üsulu tətbiq olunur. Bunlardan biri murabaha adlanır. Bu üsulda bank müştərinin istədiyi malı alır və üzərinə müəyyən mənfəət qoyaraq ona satır. Müştəri bu məbləği hissə-hissə geri ödəyir. Burada faiz yoxdur, sadəcə, satış mənfəəti var. Digər bir üsul icarə modelidir. Bank bir əmlakı alıb müştəriyə icarəyə verir, ödənişlərin sonunda isə əmlak müştərinin mülkiyyətinə keçir. Mudaraba modeli isə əmək və kapitalın birləşməsinə əsaslanır. Bank kapital qoyur, müştəri isə işləyir və əldə olunan qazanc əvvəlcədən razılaşdırılmış nisbətdə bölünür. Zərər olduğu halda isə yalnız kapital sahibi, yəni bank məsuliyyət daşıyır. Bundan başqa, muşaraka - yəni ortaq investisiya forması da geniş tətbiq olunur. Burada həm bank, həm müştəri ortaq şəkildə investisiya qoyur, gəlir və zərər birlikdə bölünür. Halal bankçılıq sistemi Malayziya, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, İndoneziya kimi İslam ölkələrində geniş yayılıb və dövlət tərəfindən tənzimlənir. Eyni zamanda Böyük Britaniya, Almaniya, Fransa və Rusiya kimi qeyri-İslam ölkələrində də İslam bankçılığı xidmətləri fəaliyyət göstərir. İslam banklarının fəaliyyətində şəriət şurası xüsusi rol oynayır. Bu, İslam hüququ üzrə ixtisaslaşmış alimlərdən ibarət heyətdir və bankın təqdim etdiyi bütün məhsulları nəzərdən keçirərək onların şəriətə uyğun olub-olmadığını müəyyən edir. Bu, sistemin dini baxımdan etibarlı qalmasını təmin edir.

Göründüyü kimi, İslam ölkələrində kredit məsələsi faizsiz və ədalətli prinsiplərə əsaslanaraq, müxtəlif halal maliyyə mexanizmləri vasitəsilə həyata keçirilir. Bu sistem həm dini prinsiplərə sadiq qalır, həm də iqtisadi fəaliyyət üçün real alternativlər təqdim edir. Azərbaycanda isə bu sistem tətbiq olunmur. Bəs inanclı insanlar nələrə diqqət etməlidirlər?

Ceyhun Məmmədov: "Deputat üstün deyil, onlar da Qarabağa portalla  getməlidirlər" | Modern.az

Ceyhun Məmmədov

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı fikrini “Yeni Müsavat”la bölüşüb: "Məsələyə dini baxımdan yanaşanda alimlərin ümumi yanaşması var. Bu da ondan ibarətdir ki, banklardan faiz götürülməsi, faizlə mal alınması yolverilməzdir. Düzdür, bunu şəriətlə müxtəlif şəkildə həyata keçirən mexanizmlər var. Amma ümumi yanaşma ondan ibarətdir ki, banklardan faizlə pul götürmək böyük günahdır. Bank faizlə işlədiyinə görə diqqətli olmalıyıq. Yalnız əşya almaqla bağlı istisna var, bunun da konkret bir mexanizmi mövcuddur. Bununla bağlı alimlərin müxtəlif fikirləri var. Qaldı ki, digər məsələlərə - hər kəs öz əməlini nəzərdən keçirməli, başqalarını müzakirə etməməlidir. Əsas məsələ odur ki, hər kəs öz əməllərinə baxmalıdır".

Ağa Hacıbəyli - Publika.Az

Ağa Hacıbəyli

İlahiyyatçı Ağa Hacıbəyli isə mövzu ilə bağlı “Yeni Müsavat”a verdiyi açıqlamada bildirib: “Məsələnin dini tərəfini qeyd edərkən vurğulamaq lazımdır ki, Peyğəmbərimizin (s.ə.s) dövründə də çox ciddi faiz baronları yaşayırdı. Onlar yaşadıqları cəmiyyətə sitəm edirdilər. Çünki faiz - zülm üzərində qurulmuş bir sistemdir. Qarşısındakı insanın alın tərinə, əlinin qabarına hörmət etməyən düşüncə sistemidir. Zəifin üzərində güclünün qazanmasıdır. Ona görə İslamın ilk dövrlərində faiz kökündən rədd edildi. Qurani-Kərimdə bu barədə konkret ayələr var. "Bəqərə" surəsinin 279-cu ayəsində İslam dinində heç bir qadağanın bu qədər şiddətlə vurğulanmadığı bildirilir: Əgər faizdən əl çəkməsəniz, bilin ki, bu - Allah və Rəsuluna qarşı savaş elan etməkdir. Yer üzündə bir bəşəriyə Allah bu şəkildə xəbərdarlıq edir: "Əgər sən faizdən əl çəkməsən, sən Allah və Rəsuluna qarşı savaşmısan" . Bu şəkildə Qurani-Kərimdə faizə qarşı mövqe ortaya qoyulub.

Peyğəmbərimizin (s.ə.s) hədisində isə faiz alanı da, yedizdirəni də, ona şahidlik edəni də Allah lənətləyib. O dövrdə Allah cəmiyyəti təmizləmək, onu tərəqqi halına gətirmək üçün insanları mənəviyyat bataqlığından bir-bir çıxardı. Faiz kimi bir bəladan cəmiyyət xilas olduqda, ayaqda dimdik duraraq həyata doğru addımlaya bilir. Ona görə də İslam bütün düşmənçilik bağlarını qopardı. Çünki faiz - vicdansız bir qazanc sistemidir. Tənbəl bir qazanc formasıdır. Bir qrup varlı insanın yüzlərlə, minlərlə, milyonlarla insanın əməyi üzərindən qazanması sistemidir. Buna görə İslam belə bir sistemi nə o dövrdə, nə də bu dövrdə qəbul etməyib".

Kredit məsələsinə gəlincə, ilahiyyatçı bildirib ki, onun faizdən fərqli tərəfləri var: “Ona görə fərqlidir ki, kredit pul üzərində deyil, alış-veriş üzərində qurulur. Kredit ticarətlə, hər hansı əməyin qarşılığında alınıb verilir. Ola bilsin ki, bu alış-veriş zamanı insanların razılığı da olur. Tərəflər razılaşırlar - məsələn, biri torpaq alacaq, orada əkinçiliklə məşğul olacaq, kənd təsərrüfatını inkişaf etdirəcək, yaxud arıçılıqla məşğul olacaq, iqtisadi fəaliyyət quracaq. Əgər bu prosesdə əmək, zəhmət varsa, o zəhmətin üzərində qurulan da ticarətdir və tərəflər buna razıdır. Amma faiz - konkret olaraq pulun üzərindən pul qazanmaqdır ki, bu da dinimiz tərəfindən qadağan olunub”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR