Onlayn ictimai-siyasi qəzet
Rusiya ilin sonunadək Hindistandan bir milyon işçi qəbul etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ural Ticarət-Sənaye Palatasının rəhbəri Andrey Besedin Hindistan tərəfdaşlarına istinadən açıqlayıb. Onun sözlərinə görə, yüksək ixtisaslı mütəxəssislər də daxil olmaqla Hindistandan gələcək işçilər əsasən metallurgiya və maşınqayırma müəssisələrində çalışmaq üçün dəvət olunacaqlar. Bu məqsədlə Yekaterinburqda Hindistanın Baş Konsulluğunun açılması nəzərdə tutulur və həmin proses oradan idarə ediləcək. Eyni zamanda Rusiya Şri-Lanka və Şimali Koreya ilə də əmək miqrasiyası üzrə danışıqlar aparır.
Besedin bunun səbəbini açıq şəkildə izah edərək bildirib ki, yerli işçilərin Ukrayna ilə müharibəyə göndərilməsi və gənclərin zavodlarda işləmək istəməməsi ölkədə kəskin kadr çatışmazlığı yaradıb. Bununla belə o, Hindistan və digər ölkələrdən gələcək işçilərin adaptasiyasının asan olmayacağını vurğulayıb, çünki nə dil, nə də iş üslubu baxımından uyğunluq mövcuddur. Besedin əlavə edib ki, postsovet ölkələrindən olan miqrantlar bu baxımdan daha uyğun hesab edilir. Maraqlıdır ki, o, bir qədər istehzalı tərzdə əgər ermənilər bu yeni gələn əmək miqrantlarına narazılıq edərsə, bunun “gülməli” olacağını da söyləyib ki, bu da Rusiyada artıq mövcud olan sosial ziddiyyətlərə incə bir eyham kimi dəyərləndirilə bilər.
Rusiyada hazırda üç milyondan çox Özbəkistan, 2 milyona yaxın Azərbaycan, 1.5 milyon Tacikistan, bir milyona yaxın Qırğızıstan və milyonlarla Ermənistan, Gürcüstan vətəndaşı işləyir. Onlar illərlə Rusiya bazarlarını, tikinti sektorunu və xidmət sahələrini ayaqda saxlayıblar.
Lakin son zamanlar Rusiyada miqrantlara qarşı təzyiqlərin artması, reydlər, deportasiyalar, sərtləşdirilmiş qeydiyyat və qanunvericilik tələbləri ilə yanaşı siyasətçilərin miqrasiya əleyhinə çıxışları bu milyonlarla insanın gələcək taleyini sual altına qoyur.
İndi isə Kreml paralel olaraq hindistanlı, şri-lankalı və şimali koreyalı işçilərin axınına yol açır ki, bu da postsovet məkanından olan mövcud miqrantların iş imkanları və maaşlarına mənfi təsir göstərə bilər. Ekspertlər qeyd edirlər ki, rus cəmiyyətində etnik gərginlik onsuz da yetərincə yüksəkdir, yeni və tamamilə fərqli mədəniyyət daşıyıcılarının milyonlarla gətirilməsi isə köhnə miqrant toplumları ilə münasibətləri daha da kəskinləşdirə bilər. Beləliklə, Rusiya sənayesindəki əmək qüvvəsi böhranını həll etməyə çalışarkən əslində ölkə daxilində gələcəkdə partlaya biləcək sosial və etnik minalar düzür. Bunun hansı nəticələrə gətirib çıxaracağı isə hələlik zamanın öhdəsinə buraxılır.
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ