Onlayn ictimai-siyasi qəzet
Bunun ölkəmiz üçün hansı müsbət və mənfi nəticələri ola bilər?
AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra şimal qonşu ilə Azərbaycan arasında yaranan siyasi soyuqluq davam etsə də, iqtisadi planda fəallaşma müşahidə olunmağa başlayıb. Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum (SPİEF) çərçivəsində ənənəvi “Rusiya-Azərbaycan” biznes dialoqunun keçirilməsi bu fəallığın bir nümunəsidir. İki ölkə arasında iqtisadi və investisiya sahəsində sabit yaxınlaşma tendensiyasını təsdiqləyir.
Dialoq zamanı Rusiya baş nazirinin müavini Aleksey Overçuk ikitərəfli münasibətləri müttəfiq kimi xarakterizə edərək, “Şimal-Cənub” beynəlxalq dəhlizi çərçivəsində Xəzər regionunda nəqliyyat əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.
Bildirilib ki, rəqəmlər ölkələr arasında iqtisadi əlaqələrin inkişaf dinamikasını təsdiqləyir: ticarət dövriyyəsi 4,8 milyard dollara, Azərbaycan iqtisadiyyatına birbaşa Rusiya investisiyaları isə 5,7 milyard dollara çatıb. Azərbaycanda Rusiya kapitallı 1800 şirkət fəaliyyət göstərir. Avtomobil sənayesi, ağır sənaye, əczaçılıq və kənd təsərrüfatı sahələrində layihələr həyata keçirilir.
Maraqlıdır ki, lokallaşma da gedir: Azərbaycanda Rusiya şirkətlərinin iştirakı ilə insulin, alüminium və kompozit panellərin istehsalı yaradılıb, əczaçılıq istehsalının genişləndirilməsi müzakirə olunur. “Delovaya Rossiya”nın rəhbəri Aleksey Repik vurğulayıb ki, sanksiya təzyiqi və beynəlxalq bazarların formatlaşdırılması kontekstində bizneslər stereotiplərdən kənara çıxan düşüncələrə malik olmalıdılar. Onu Rusiya prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov dəstəkləyib və şərab əməkdaşlığının uğurlu nümunəsi kimi sovet dövrünün ən keyfiyyətli brendlərindən olan “Ağdam” brendinin dirçəldilməsi layihəsini təqdim edib.
Dialoq iştirakçıları vurğulayıblar ki, investisiyalara böyük rus oyunçuları da - KAMAZ və R-Pharma-dan tutmuş Ozon və Abrau-Durso-ya qədər maraq göstərirlər. Eyni zamanda Azərbaycan layihələri Rusiya bazarına, o cümlədən İT sektoruna, aqroeksport və rəqəmsal xidmətlərə çıxmaq üçün yollar axtarır.
“Agalarov Development” şirkətinin prezidenti, Azərbaycan-Rusiya İşgüzar Şurasının rəhbəri Emin Ağalarov çıxışında “Sea Breeze” layihəsinin xaricdə, xüsusən də Rusiyada populyarlıq qazanan yeni Azərbaycan brendi kimi əhəmiyyətini vurğulayıb. O, xüsusilə qeyd edib ki, “Agalarov Development” Dağıstanda Xəzər dənizi sahillərində hotellərin tikintisinə başlamaq niyyətindədir: “Mən Mahaçqala, Kaspiysk və Dərbənd arasında vertolyotla uçmuşam. Orada çoxlu inkişaf etdirilməmiş ərazilər var ki, onlar apart-hotellər və digər şəraiti olan turizm mərkəzinə çevrilə bilər”.
B.Titovun dediyinə görə, rusiyalı iş adamlarından ibarət qrup investisiya imkanlarını öyrənmək üçün sentyabrın əvvəlində Azərbaycana səfər edəcək. O, Rusiya şirkətlərinə Azərbaycana investisiya yatırmaq üçün çağırış edib: “Sentyabrın əvvəlində rusiyalı iş adamlarından ibarət qrupu gətirəcəyik. Amma onlar təkcə ən gözəl yerləri görmək üçün gəlmirlər. İnvestisiya imkanlarına həsr olunan tədbir keçiriləcək və biz müxtəlif sahələri təmsil edən bu iş adamlarını öz pullarını bu ölkəyə yatırmalarının mümkünlüyünə və vacibliyinə inandıracağıq”.
2024-cü ilin yanvarında Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Nazirlər Kabinetindən açıqlanan məlumata əsasən Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Verilən rəsmi məlumata əsasən, Rusiyanın 80-dən çox subyekti Azərbaycanla ticarət-iqtisadi əlaqələri dəstəkləyir. Rusiyanın 20 regionu Azərbaycan hökuməti ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalayıb. Azərbaycanda Rusiya biznesi ilə əczaçılıq və neft-kimya, qida sənayesi və şərabçılıq, mədən sənayesi və tikinti materiallarının istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində əməkdaşlığın uğurlu nəticələri var. 2024-cü il avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olan Rusya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında çıxış edərkən bu məsələyə toxunub: “Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevinirik. Azərbaycan bazarında şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Artıq xatırladıldı ki, burada həm "LUKOYL", həm yığılma istehsalını təşkil edən “KamAZ”, həm də “Sollers”, “UAZ” var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdir. Biz onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq. “Transmaşholdinq” fevral ayında Bakı Metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə edənlər də razı qalacaqlar".
Qeyd edək ki, Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcminə dair çox fərqli məlumatlar səsləndirilməkdədir. Bu göstəricinin həcmi olaraq hər iki ölkənin rəsmi şəxsləri tərəfindən son iki ildə 6 milyard dollardan tutmuş 10 milyard dollara qədər bir neçə fərqli rəqəm səsləndirilib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2021-ci ildə Rusiyadan Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi 50 milyon 744 min dollar təşkil etmişdi. 2022-ci ildə bu göstərici 10 dəfədən çox artaraq 517 milyon 960 min dollara yüksəlib. Azərbaycandan Rusiyaya yatırımlar isə əksinə, 19 milyon 725 min dollardan 15 milyon 457 min dollara qədər azalıb. 2023-cü ildə Rusiyadan investisiyalar 617 milyon 339 min dollara çatsa da, 2024-cü ildə iki dəfədən çox - 234 milyon 312 min dollara qədər azalıb. Eyni dövrdə Azərbaycandan Rusiyaya investisiyaların həcmi 5 dəfəyə yaxın - 91 milyon 954 min dollardan 18 milyon 559 min dollara qədər azalıb. Bu ilin birinci rübündə Rusiyadan ölkəmizin iqtisadiyyatına 64 milyon 330 min dollar(ötən ilin eyni dövründə 55 milyon 546 min dollar), Azərbaycandan Rusiyaya 18 milyon 437 min dollar(7 milyon 184 min dollar) sərmayə yatırılıb. Hər iki istiqamətdə sərmayə artımı qeydə alınıb.
Son 3 ildə Rusiyadan Azərbaycana birbaşa sərmayələrin artımında “LUKOYL” şirkətinin neft-qaz layihələrində artan payını maliyyələşdirməsi ilə bağlıdır. Belə ki, 2022-ci ildə şirkət “Şahdəniz” layihəsindəki payını 9,9 faizdən 19 faizə qədər artırıb.
Son rəsmi açıqlamalardan aydın olur ki, Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir.
İndiyədək Azərbaycandan Rusiya iqtisadiyyatına yatırılan investisiyaların həcminin isə 2 milyard dollara yaxınlaşdığı bildirilir. Azərbaycan şirkətləri Rusiyada əsasən turizm, kənd təsərrüfatı, logistika sahələrinə investisiya yatırırlar.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1,824 milyard dollar təşkil edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2024-cü ilin eyni dövründə göstərici 1,308 milyard dollara bərabər olub. Hesabat dövründə Azərbaycan məhsullarının Rusiyaya ixracı 0,8 faiz azalaraq 322,862 milyon dollar təşkil edib. Eyni dövrdə, Rusiya Federasiyasından ölkəyə idxal edilən məhsulların həcmi 1,5 dəfə artaraq 1,501 milyard dollara çatıb. Bu artımın 439 milyon 260,21 min dolları Rusiyadan alınan 4 ton 752,95 kq qızılın hesabınadır.
Xatırladaq ki, ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 4,799 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10,1 faiz artım deməkdir. Bunun 1,2 milyard dolları Azərbaycanın Rusiyaya ixracı, 3,6 milyard dolları isə oradan idxalıdır. Ötən il Rusiya idxaldakı birinciliyi itirərək, Çindən sonra ikinci olub.
Rusiya biznesinin Azərbaycana istiqamətlənməsi ölkəmiz üçün hansı müsbət və mənfi nəticələr doğura bilər? İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, 2022-ci ildən sonra Rusiyadan investisiyanın qaçma ehtimalı var idi: “Bu, qlobal biznesin ölkədən çıxması sayəsində reallaşdı. Lakin təcrid olunan Rusiya biznesinin Azərbaycana investisiyalarının sürətli artımından danışmaq mümkün deyil. Bəli, müəyyən artım var, lakin bunu kütləvi axın kimi dəyərləndirmək mümkün deyil. Bu dövrdə Azərbaycandan Rusiyaya investisiyalarda azalma oldu. 2023-cü illə müqayisədə 2024-cü ildə bu azalma dəfələrlə oldu”.
E.Əmirov bildirir ki, Rusiya iqtisadiyyatının durumu xaricə investisiya yatırımlarını kəskin artırmağa imkan verəcək səviyyədə deyil: “Bu gün Rusiya iqtisadiyyatı acınacaqlı durumdadır. Belə şəraitdə istəsələr belə, nəinki Azərbaycana, digər ölkələrə də investisiyaları kəskin artırmaq imkanında deyillər. Rusiya hakimiyyəti nə qədər gizlətməyə çalışsa da, iqtisadiyyatda vəziyyət heç də ürəkaçan deyil. Bu şəraitdə yalnız sanksiyalardan yayınmağa yardım edən ölkələrə investisiyaların artması mümkündür. Belə ölkələrdən biri olaraq Ermənistanı göstərmək olar. Bu ölkə sanksiyalı malların Rusiyaya çatdırılmasında, Qərbin Rusiyadan alınmasına qadağa qoyduğu məhsulların mənşəyi dəyişdirilərək digər ölkələrə reixracına şərait yaratmaqla ciddi dividendlər əldə edə bilib. Buna görə də Rusiyadan rəsmi qeydiyyata alınaraq həyata keçirilən birbaşa investisiyaların Ermənistana münasibətində sıçrayışlı artımını görmək olar. Düşünürəm ki, hələ uzun illər boyu Rusiyanın kənar ölkələrə etibarlı investor kimi yatırımlarının sürətli artımı mümkün olmayacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ