İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ruscanı özlərinə yaraşdırmadığı dövrü niyə unudub?

Çox da uzaq olmayan keçmişdə  elitasının danışmağı belə özlərinə yaraşdırmadığı dili israrla yaxın ətrafındakı ölkələrin ərazilərinə  “silah kimi  yerləşdirmək”niyyətinin səbəbləri bəllidir, amma...  

Rusiyanın problemi həm də budur ki, çox da uzaq olmayan keçmişlərini ya unudurlar, ya da bu gerçəkləri bilənlərin olmadığını  düşünürlər. Bu, xüsusilə Rusiyanın dil siyasətinə də aiddidir.  

Çar Rusiyasında zadəgan ruslar demək olar ki, öz doğma dillərində danışmağı özlərinə yaraşdırmırdılar, müasir ifadə ilə bu dildə danışanları “çuşka” hesab edirdilər. Yüksək cəmiyyətdə, xüsusən də xanımlarla “kəndli dilində”, yəni rusca danışmaq az qala ədəbsizlik sayılırdı. Rus zadəganları və sadə insanlar müxtəlif dillərdə danışırdılar, bununla bağlı Rusiyada çoxsaylı lətifələr də var. Məsələn, Napoleonla müharibədə orduya cəlb olunmuş rus əsgərləri fransızca danışan çar ordusunun zabitlərini düşmən əsgərləri bilib güllələyirmişlər...   

Əsilzadələr rus dilində deyil, fransızcadan təkcə gündəlik həyatda danışmırdılar, o dildə təhsil alır, yazır və hətta düşünürdülər. Tarixi faktlar sübut edir ki, XIX əsrin əvvəllərində Rusiya zadəganlarının bütöv nəsilləri rus dilini yalnız ibtidai səviyyədə bilir, doğma dillərində yazmağı belə bacarmırdılar.  İndi həvəslə “Puşkinin dilini öyrənməli ” deyənlər guya bilmirlər ki, rus dilini dövrünün digər şair-yazıçılarından yaxşı bilən Aleksandr Sergeyeviç özü belə, ilk şeirlərini məhz əcnəbi dildə, fransızca yazıb.  Fransa ilə müharibələrindən sonra ruslar fransızcanı bir az arxa plana keçirdilər, onun yerini bu dəfə digər Avropa dilləri tutdu. Rusiyada ingilis dilini bilənlərin  sayı xeyli artdı, bu dil gimnaziya və universitetlərdə tədris olunmağa başladı.  Bu dəfə daha çox rus ailələri evlərində ingilisdilli dayə və müəllim işə götürürdü. Lakin “Bayronun dili” heç vaxt rus elitası üçün fransız dili kimi populyar olmadı...    

Rusiya Nikolaya minnətdar olmalıdır.  Məhz Nikolay rus dilinin imperiyada tam marginallaşmasının qarşısını aldı, onun hakimiyyəti dövründə diplomatik yazışmalar istisna olmaqla, dövlət qurumlarında bütün rəsmi sənədlər rus dilində  tərtib olunmağa başladı, dövlət xidmətinə qəbul olunanlardan rus dilində də imtahandan keçmək tələbi rəsmiləşdi, məhkəmələr də rus dilinə qayıtdılar.  Fransız dilinin artıq doğma dilinə çevirən xüsusilə yuxarı təbəqə bu islahatlara asanlıqla uyğunlaşa bilmədilər...    

Rusiyanın vaxtilə elitasının danışmağı belə özlərinə yaraşdırmadığı dili israrla yaxın ətrafındakı ölkələrin ərazilərinə  “silah kimi  yerləşdirmək”niyyətinin səbəbləri bəllidir, amma bu, heç bir ciddi nəticəsi olmayacaq siyasətdir. Rusiya prezidentinin Azərbaycanı rusdilli ölkə adlandırmasından sonra Federasiya Şurasının sədri Matviyenkonun da rus dilini öyrənməyin “MDB ölkələrinin ümumi vəzifəsi” elan etməsi absurd yanaşmadır.  

istockphoto-1271387187-1024x1024.jpg (147 KB)

Son statistikaya görə, rus dili dünyada ən çox danışılan doqquzuncu dildir.Bu mövzuda bundan əvvəlki yazılarda da mövqeyim bəllidir. Həm də, təkcə rus dilini öyrədən rus sektoru ilə bağlı yox. Məsələn, Fransa ilə məlum səbəblərdən  münasibətlərin gərgin vaxtında Bakıdakı fransızdilli məktəbin bağlanmasını da zənnimcə, yanlış qərar idi. Səbəb bəlkə də birbaşa Makron hakimiyyəti ilə bağlı deyildi, amma niyə Fransadan başqa da bir neçə ölkədə və beynəlxalq təşkilatda rəsmi dil statusunda olan fransızcanı  Azərbaycanda da mükəmməl öyrənməsinlər, bunun nəyi pisdir? İngilis dili də müasir qlobal dünyada ən vacib ünsiyyət dilidir. 2025-ci ilin statistikasına görə, dünyada ingilis dilində danışanların sayı 1 milyard yarımı ötüb, bir neçə ölkənin də, BMT, Avropa Birliyi və NATO kimi beynəlxalq təşkilatların da rəsmi dilidir. İndi məktəblərdə ingilis dili sektorları da artır. Rus sektoru, ingilis və ya çin dili sektoru ideoloji sekta deyil axı... 

f13531a4a571663e5683777b4ea35c2f.jpg (48 KB)

Qafqaz Resurs Mərkəzinin Gürcüstanda keçirdiyi sorğuya əsasən, respondentlərin 56%-nin rus dili bilgiləri orta  səviyyədədir, rəyi soruşanların yalnız 8%-i isə rus dilini gündəlik həyatda istifadə olunan ikinci dil kimi qeyd edib. 

Azərbaycanda da bu cür sorğuların keçirilməsinə ehtiyac var, zənnimcə, nəticələrdən ehtiyat etmək də lazım deyil. Müşahidələrə görə, Azərbaycanda xüsusilə müasir gənc nəslin rus dilinə xüsusi rəğbəti və ya marağı yoxdur. Rus sektoruna axında “reklamçılıq” olduğu sirr deyildi, amma son 10 ayda məhz Moskvanın Azərbaycana münasibətdə yanlış mövqeyi rus sektoruna da təsirsiz ötüşməyib...Ona görə də Rusiya yanlış dil siyasətindən əl çəkməlidir.   

Nazim SABİROĞLU,  
Musavat.com   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR