Onlayn ictimai-siyasi qəzet
Ermənistanda revanşizmin körüklənməsi fonunda Qarabağdan gedənlərin küçələrə çıxarılması da yeni bir boyutdur - sərt təpki
“Artsax xalqı arasında xalqı yarıya bölən liderlər peyda olub”. “Yeni Müsavat” xəbər verir ki, bunu iyunun 19-da İrəvanda keçirilən etiraz aksiyası zamanı üzdəniraq “Hadrut Uğrunda” QHT-nin rəhbəri Levon Hayryan deyib.
Onlar Ermənistan hökumətindən Qarabağdan könüllü köçmüş ermənilərin ehtiyaclarına lazımi sosial dəstək verməsini tələb ediblər. “Xalq, mən sizi oyanmağa səsləyirəm. Artsax xalqının mənafeyini qorumaqla siz Ermənistanın maraqlarını qoruyursunuz. Əgər bir erməni təhlükədədirsə və Ermənistan hökuməti o təhlükə altında olan erməninin müdafiəsinə qalxmırsa, bu o deməkdir ki, o, Ermənistan dövlətçiliyinin mövcudluğunda maraqlı deyil”, - Hayryan deyib.
Hayryan qeyd edib ki, onlar “tarixi Ermənistan” və “əsl Ermənistan” cəfəngiyatını gündəmə gətiriblər: “Yəni biz əlifbadan imtina etməliyik, çünki o, ”tarixi Ermənistan"da yaradılmışdır və biz Nikol hökumətindən xahiş etməliyik ki, bizim üçün yeni əlifba uydursun. Artsax hələ tam itirilməyib, onu itirsək, Ermənistan dövləti də mövcud olmayacaq, “erməni” anlayışı ətrafında birləşib vuruşun" - deyə erməni separatçısı sarsaqlayıb.
Xatırladaq ki, Qarabağdan gedən ermənilərə dəstək proqramı 2025-ci il aprelin 1-dən azaldılıb. Əmək qabiliyyətli şəxslər artıq 40,000+10,000 dram mənzil müavinətini almırlar. Son dövrlər isə revanşizmin körüklənməsi, Rusiyanın İrəvandakı təsir dairələrinin fəallaşması, Kremlin himayə etdiyi kilsə ilə Paşinyan administrasiyası arasında qarşıdurma fonunda separatçıların da küçələrə çıxarılması yeni boyutdur. Onların da ayağa qalxmasında həmin dairələrin rolu istisna deyil. Üstəlik, “artsax tam itirilməyib” deyə cəfəng bəyanatlar səsləndirilir. Onlar ümid edirlər ki, hələ də qayıdış və qondarma dövlət qurmaq şansları var.
Bəs biz bu proseslərə necə reaksiya verməliyik? Erməni separatçıların İrəvanda aksiyalar keçirməsi və səslənən bəyanatlar Azərbaycanı narahat etməlidirmi?
Züriyə Qarayeva
“Separatçıların toplaşması sosial problemlə bağlı olsa da, bununla ikibaşlı siqnal ötürülür. Onları qızışdıran dairələr demək istəyirlər ki, həm Qarabağ məsələsi qapanmayıb, həm Ermənistan hökuməti onları diqqətdə saxlamalıdır”. “Yeni Müsavat”a danışan siyasi şərhçi Züriyə Qarayeva belə qiymətləndirib. Onun sözlərinə görə, bu təxribat xarakterli hərəkətlərə baxmayaraq, Qarabağ problemi yoxdur: “Bu mövzu keçmişdir. Münaqişə başa çatıb və kənar qüvvələrin cəhdləri uğursuzluğa məhkumdur. Rusiya və digər keçmiş həmsədr ölkələr Cənubi Qafqazda rəqabət aparır. Bu da gərginliyə səbəb olur. Ona görə separatçı qruplar QHT adı ilə yığışaraq etirazlar təşkil edir, gündəm yaradırlar. Məncə, məqsəd beynəlxalq fondların diqqətini cəlb etməkdir. Onlar ”qaçqın" statusu ilə maliyyə dəstəyi almağa çalışırlar. Bunun üçün sosial tələblər irəli sürür, piketlər keçirir. Halbuki Qarabağdan gedən ermənilərin heç bir faizi o aksiyada iştirak etməyib".
Siyasi analitik güman edir ki, Rusiyanın aktiv hala gətirdiyi qrupları üç cür təsnifatlaşdırmaq olar: “Birincisi, keçmiş klandır. Di gəl, onlar gözdən düşüblər. İkincisi, kilsədir. Hələ də təsir gücünə malikdir. Nəhayət, Qarabağı tərk edənlər - bu elektorat da revanş müxalifəti ilə əlbirdir. Belə desək, bütün daşların altından Rusiya çıxır. Əlbəttə, rəsmi səviyyədə Moskva Bakını dəstəkləyir, Qarabağın Azərbaycana aid olduğunu bəyan edir, intəhası, Rusiyadakı dairələr latent şəkildə anti-təbliğat aparır, mümkün qədər məsələni süni şəkildə gündəmə gətirirlər. Son olaraq Solovyovun çıxışını qeyd etmək olar. Görünür ki, Rusiyada Qarabağ probleminin birdəfəlik həllini həzm etməyənlər var və vəziyyətlə barışmaq istəmirlər. Onlardan olsaydı, çoxdan regionda keçmiş münaqişəni yenidən alovlandırardı”.
Z.Qarayeva bu cəhdlərin heç bir səmərəsi olmayacağını gözləyir: “Ermənistanda ”artsax" adı ilə keçirilən tədbirlər onların Xankəndidə yenidən separatçı yuva qurmasına gətirib çıxarmayacaq. Ona görə də Paşinyan hakimiyyəti və güc strukturları bu adda tədbirləri qadağan etməlidir. Baxın, hökumət başçısı Ankaraya gedir, yeni dövr başlanır, amma hansısa mərkəzlər köhnəyə qayıtmağa can atır, məsələni qapatmaq istəmir. Deməli, rəsmi İrəvan sərt addımlara əl atmalıdır. Əgər həqiqətən də səmimi niyyət varsa, o zaman “artsax” adı ilə təşkil olunan oyuncaq tədbirlər birdəfəlik yığışdırılmalıdır".
Qeyd edək ki, son bir ayda Rusiyadan Qarabağla bağlı qızışdırıcı ritorikada bəyanatlar eşidilir. Əvvəlcə Rusiya lideri Putinin köməkçisi Medinski Qarabağı Donbasla bir tutaraq “mübahisəli ərazi” adlandırdı. Azərbaycan Xarici İşlər Nazirliyi bu açıqlamaya rəsmi şəkildə cavab verdi. Hərçənd, Medinskinin bu mövqeyi Rusiyanın Qarabağın azad edilməsini həzm edə bilmədiyinin də etirafıdır. 2023-cü ilin 20 sentyabrından sonra rusiyalı rəsmilər zaman-zaman buna bənzər fikirlər səsləndirib.
Ardınca Rusiyanın “Birinci kanalı”nın aparıcısı Solovyov “artsax” deyə-deyə az qala aqoniya halına düşəcək bir isterik vəziyyət aldı. Yəni bu çağırışlar göstərir ki, Kremldə Qarabağ məsələsinin birdəfəlik qapanmasını qəbul edə bilmirlər.
Bundan əlavə, demək lazımdır ki, Qarabağdan qaçan separatçıların son addımları - qondarma “parlament seçkisi” keçirməsi, nümayəndəlik binasında tədbirlərin təşkili və s. Paşinyan hakimiyyəti tərəfindən əvvəlki məhdudiyyətlə üzləşmədi. Hesab etmək olar ki, rəsmi İrəvan onlardan Bakı ilə danışıqlarda “kart” kimi istifadə etməyə çalışır. Lakin separatçıların Paşinyan hakimiyyətinə qarşı müxalif elektoratda yer aldığını nəzərə alsaq, bu ehtimal zəifləyir. Ermənistan mediasında yayılan məlumatlarda isə deyilirdi ki, separatçıların fəaliyyətinin məhdudlaşdırılmamasını Paşinyandan Moskva istəyib. Mövcud şərtlərdə regiona qayıtmağa çalışan Rusiya ilə münasibətləri yenidən normallaşdırmaq istəyən rəsmi İrəvanın belə bir istəyi qəbul etməsi mümkün variantlardandır. Çünki Lavrovun Ermənistana səfərində separatçılarla bağlı Paşinyan hakimiyyətinə tapşırıqlar verdiyi iddiaları mediada tirajlanmışdı.
İkincisi, Rusiya “Qarabağ ermənilərinə yardımı” artırır: ötən ayın sonunda Mariya Zaxarova “Qarabağdan olan ermənilərə” kifayət qədər böyük miqdarda humanitar yardımın planlaşdırıldığını açıqlamışdı. Təhlilçilərə görə, bu detallar Rusiyanın Qarabağla bağlı yeni siyasi kampaniyasına diqqət çəkir. Və burada “Qarabağ amili” həm Bakı, həm İrəvana qarşı istifadə edilə bilər.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ