İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Şərifov Suriyada - tarixi səfərdə əsas hədəf və gözlənti

İqtisadçı: “Azərbaycanın enerji infrastrukturunun qurulmasında iştirak bu ölkə üçün maraqlı olardı”

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriyada səfərdə olub. Rəsmi mətbuatın yaydığı məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

Səfər çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan nümayəndə heyətini qəbul edib.

Prezident Əhməd Əl Şaraa cari ilin aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlayaraq, bu missiyanın qısa müddətdə təşkilinə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib. O, həmçinin Azərbaycanın və Suriyanın oxşar proseslərdən keçdiyini, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi kimi, Suriyanın da münaqişədən sonra bərpa dövrünə qədəm qoyduğunu qeyd edib. Bu xüsusda o, Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri ilə bağlı təcrübəsinin Suriyada tətbiqinin faydalı olacağını diqqətə çatdırıb.

Suriya lideri cari ilin yanvarında Suriya xalqına göndərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

S.Şərifov Prezident İlham Əliyevin suriyalı həmkarını Azərbaycana dəvətini ehtiva edən məktubu Suriyanın dövlət başçısına təqdim edib.

Baş nazirin müavini Azərbaycan Hökumətinin Suriyanın yeni administrasiyasına siyasi dəstəyini bir daha ifadə edərək, bu dəstəyin əyani göstəricisi kimi Azərbaycanın öz rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etdiyini və ölkəmizin 12 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdiyini vurğulayıb.

Tərəflər görüş zamanı həmçinin Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycan Respublikasının mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin, həmçinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetika naziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh, ali təhsil naziri Mərvan əl-Hələbi ilə də görüşləri olub. Görüşlərdə aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılıb və bu istiqamətlər üzrə konkret planlar müəyyənləşdirilib.

Qeyd edək ki, mayın 2-də İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Suriyanın energetika naziri Muhammed Əl-Bəşirlə görüşmüşdü. Bildirilir ki, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə imkanlar dəyərləndirilib.

Aprel ayında London mərkəzli Middle East Eye nəşri Antalyada Suriya və Azərbaycan prezidentlərinin görüşündə Suriya tərəfinin Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın ölkənin şimal-şərqində yerləşən və hazırda ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində olan neft və qaz yataqlarının işlənməsində iştirak etməsində maraqlı olduğunu ifafə edib. Suriya hökumətinə yaxın başqa bir mənbə nəşrə bildirib: “Suriya hər bir regional oyunda tarazlığı saxlamaq istəyir. Neft və qaz yataqlarının istismarında həm Türkiyə, həm də Azərbaycanın iştirak etməsi İsraillə bağlı arxayınlıq yaradacaq”.

Xatırladaq ki, yanvar ayında SOCAR-ın Türkiyə filialının baş direktoru Elçin İbadov şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirib. O deyib: “Əgər "SOCAR Türkiyə"yə ölkələrimizin - Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur".

Suriyanın “Enab Baladi” informasiya agentliyinin məlumatına görə, hazırda ölkədə gündəlik 110 min barel neft hasil olunur. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2010-cu ildə - vətəndaş müharibəsindən əvvəl - 385 min barel idi. Bu gün hasil edilən 100 min barel neft SDQ-nin nəzarətindəki yataqlardan çıxarılır, yalnız 10 min barel Əhməd əş-Şaraanın rəhbərliyindəki yeni administrasiya tərəfindən hasil olunur.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) 2015-ci il qiymətləndirməsinə əsasən, Suriyanın sübut olunmuş neft ehtiyatları 2,5 milyard barel təşkil edir. Eyni zamanda Suriyada hazırda gündəlik 9,1 milyon kubmetr təbii qaz hasil edilir. Bu rəqəm də 2010-cu il göstəricilərindən - 30 milyon kubmetrdən - xeyli azdır. Yeni hökumət gündəlik 8 milyon kubmetr qaz çıxarır, SDQ-nin nəzarətində isə cəmi 0,1 milyon kubmetr qaz hasil olunur. EIA-nın hesablamalarına görə, Suriyanın qaz ehtiyatları 240 milyard kubmetrdir.

Mart ayında SDQ lideri Məzlum Əbdi ilə Əhməd əş-Şaraa arasında Dəməşqdə imzalanan razılaşma ilə kürd silahlı dəstələrinin Suriya Milli Ordusuna birləşdirilməsi, həmçinin kurdlərin nəzarətində olan yataqların mərkəzi hökumətə verilməsi razılaşdırılıb. Hazırda bu ərazilər hələ də Şaraa qüvvələrinin tam nəzarətinə keçməyib. Planlaşdırmaya əsasən, neftdən gələn gəlirlərin 70 faizi Dəməşqə, 30 faizi isə yerli ehtiyaclara sərf olunacaq.

Qeyd edək ki, Suriyanın neftlə zəngin əyalətlərində uzun illər boyu ağalıq edən kürd separatçı qüvvələri neft satışından milyardlarla dollar gəlir əldə ediblər. Hələ 2024-cü ildə Anadolu agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, qruplaşma daxili və beynəlxalq satışlar vasitəsilə ildə 2,5 milyard dollarlıq Suriya neftini oğurlayıb.

PKK/YPG ölkənin Deyr əz-Zor əyalətindəki Əl-Ömər, İzbe, Tanak və Konoko kimi ən böyük neft yataqlarına, həmçinin Həsəkə vilayətində Suveydiya və Rmeilana nəzarət edir. Hər iki vilayət ölkənin əsas neft ehtiyatlarının cəmləşdiyi şimal-şərqində yerləşir.

Suriyanın kürdlərlə razılaşma çərçivəsində neft hasilatını artırmaq planları ölkənin dağılmış ərazilərinin bərpası baxımından anlaşılandır. Azərbaycanın Dəməşqlə əlaqələrə xüsusi önəm verdiyi də açıq hiss olunur. Bu halda Azərbaycan enerjidən başqa, daha hansı sahələrdə Suriyaya dəstək verə bilər? İki ölkə arasında münasibətlər iqtisadiyyatın daha hansı sahələrində mümkündür?

“İstifadə edilən metod daha əlverişlidir”-Eldəniz Əmirov

 Eldəniz Əmirov

Sualları cavablandıran iqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Suriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr hələ sovet dövründən mövcud olub: “Azərbaycanla Suriya arasında iqtisadi münasibətlər 1960-cı illərin sonlarından başlayaraq sona qədər davam edib. Belə ki, həmin vaxtdan SSRİ xarici ölkələrdə neft kəşfiyyatı və hasilatı layihələri həyata keçirməyə başlayıb. Bu fəaliyyətin kadr təminatının əsas bazası rolunu Azərbaycan oynayırdı. Böyük təcrübəyə malik olan Azərbaycan mütəxəssisləri Suriyada neft kəşfiyyatı, hasilatı sahəsində uzunmüddətli dövrdə çalışıblar. Hesab edirəm ki, bu gün Suriya ilə iqtisadi münasibətlərin sürətli inkişafında sovet dövründəki təcrübənin də rolu var. Yəni enerji sahəsində əməkdaşlıq təbii olaraq münasibətlərin əsasında dayanır. Azərbaycanın enerji infrastrukturunun qurulmasında, təchizatında, alternativ enerji istehsalı sahəsində təcrübəsi Suriya üçün maraqlı olardı, bu təcrübədən yararlana bilər. Azərbaycan isə təkcə Mərkəzi Asiya, Avropa deyil, eyni zamanda Körfəz ölkələrində, Ərəbistan yarımadasında, ümumiyyətlə, Yaxın Şərqdə öz nüfuzunu daha da artıra bilər. Bir sözlə, böyük ehtimal ki, Suriya Azərbaycanla enerji layihələri və texniki yardım məsələlərində, o cümlədən də infrastrukturun qurulmasında əməkdaşlığın qurulmasına çalışır. Biz bilirik ki, Suriya uzun illər davam edən müharibədən ciddi zərər görmüş ölkədir. Böyük ərazilər dağıntılar altındadır. Onların yenidən qurulmasında Azərbaycanın təcrübəsi rol oynaya bilər. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi sürətli tikinti-bərpa işləri bu sahədə ona böyük etimad formalaşdırıb”.

İqtisadçıya görə, Suriya ilə Azərbaycanın əməkdaşlıq edə biləcəyi digər istiqamət dəhlizlərdir: “Azərbaycan üzərindən keçən dəhlizlərlə Suriyaya yükdaşımaların qurulması, eyni zamanda Orta Şərqə çıxmaq üçün Azərbaycanın Suriya bazarlarından istifadə etməsi, ixracını genişləndirməsi, digər bir sıra sahələrdə əlaqələrin dərinləşdirilməsi imkanları var”.

Suriyada güclü və vahid idarəetməyə malik dövlətin qurulmasına qarşı olan qüvvələrin mövcudluğu şəraitində bu ölkədə iqtisadi layihələrdə iştirak etmək, onun iqtisadiyyatına investisiya yatırmaq nə qədər təhlükəsiz ola bilər? E.Əmirov bildirir ki, iqtisadi əməkdaşlıq, əlbəttə, riskləri də nəzərə almaq deməkdir: “Risklərə qalsa, öz ərazimizdə neft quyusu qazarkən sürüşmənin, hansısa gözlənilməz hadisənin olması ehtimalı, riski həmişə var. Yaxud neft bazarında qiymətlər kəskin düşə və ora yatırımlar səmərəsiz hala gələ bilər. Suriyada risklər daha yüksəkdir, ölkədə vahid mərkəzdən idarəetmə bərpa olunmayıb, ayrı-ayrı silahlı qruplar tamamən nəzarətə alınmayıb, toqquşmalar baş verir, dağıntılar çox böyükdür. Bundan əlavə, Suriyaya qarşı sanksiyalar hələ aradan qaldırılmayıb, ölkənin beynəlxalq bazarlarda nüfuzu çox aşağıdır. Yəni bütün bunlar ciddi risk faktorlarıdır. Lakin düşünəm ki, bu risklərə rəğmən Suriya ilə əməkdaşlıq və orada iqtisadiyyatın bərpasında iştirak Azərbaycan üçün çox önəmlidir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR