Onlayn ictimai-siyasi qəzet
10 gün öncə 86 yaşındaykən İngiltərənin Kent qraflığının Eşford şəhərində vəfat edən məşhur detektiv yazıçı Frederik Forsaytın 1994-cü ildə yazdığı “Allahın yumruğu” romanı bu sözlərlə bitir:
“Fars körfəzində bioloji silahlar, zəhərli maddələr və atom bombası heç vaxt istifadə olunmadı, lakin bizim ona nə qədər yaxın olduğumuza, demək olar ki, heç kim şübhə etmir”.
Nə qədər yazıçı, ssenarist olaraq, ədəbiyyat adamı olsa da, əslində Forsayt kəşfiyyatçı kimi fəaliyyət göstərib və əngin təcrübəsini siyasi detektiv janrında yazdığı romanlarda istifadə edib.
Onun “Çaqqalın günü”, “Savaş köpəkləri”, “Dördüncü protokol”, “Vasitəçi”, “Yalançı”, “Manhetten xəyalı”, “Veteran “, “Qisasçı”, “Əfqan”, “Kobra”, “Qətl siyahısı” kimi romanları var. Bu romanların hamısı son 50 ildə dünyada baş verən qlobal və qalmaqllı hadisələrin pərdəarxasına, alt qatına, geniş ictimaiyyət üçün müəmmalı qalan tərəflərinə həsr edilib.
Söz yox, Forsayt müharibələr, çevrilişlər, qiyamlar, sui-qəsdlər kimi qalmaqallı hadisələrdən yazarkən bəlli bir ölçüdə bədii təxəyyülə də güc verib, ancaq bu, həqiqətdir ki, o, bu hadisələri yaxından izlədiyinə və məxfi sənədlərə, eləcə də mühüm personalara çıxışı olduğuna görə yazdıqları həqiqətə çox yaxındır.
Yuxarıda sitatını verdiyim “Allahın yumruğu” romanı 1990-cı ildə Fars\Ərəb körfəzində baş verən hadisələrə, İraqın Küveytə hücumuna, daha sonra ABŞ başda olmaqla koalisiya qüvvələrinin İraqa hücumuna həsr olunub.
O zamanlar koalisiya qüvvələrinin başlatdığı “Səhrada tufan” əməliyyatının iki əsas səbəbindən biri Səddam Hüseynin Küveyti “keçmişdə bizim əyalətimiz olub” deyə ilhaq etməsi idisə, ikinci səbəb İraq diktatorunun kütləvi qırğın silahı əldə etmək niyyətiydi.
Sonradan ABŞ-yə qarşı təbliğat aparan Rusiya, İran və digər dövlətlər israrla bütün dünyaya təlqin etməyə çalışdılar ki, əslində Səddam bakterioloji, kimyəvi və nüvə silahı yaratmaq imkanından uzaq olub və guya ki, ABŞ-nin hücumunun əsası olmayıb.
Əslində isə elə deyildi. Səddam Hüseyn İran-İraq müharibəsindən sonra effektiv silah əldə etmək istəyir, region ağalığına can atırdı. O, Fəllucada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etmiş, kütləvi qırğın törətmişdi. Səddamın ən yaxın adamlarından biri “Kimyəvi Əli”ydi və o öz ləqəbini məhz kimyəvi silah yaratdığına görə almışdı.
Bundan başqa, yuxarıda adı çəkilən romanın “Allahın yumruğu” adlandırılması S.Hüseynin bu cür adlanan supertop hazırlamaq planının adından götürülüb. O silah hazır olandan sonra S.Hüseyn onunla düşmənlərini vuracaq və deyəcəkdi ki, düşmənlərə “Allahın yumruğu” dəydi.
Ona görə də hazırda Səddam Hüseyni “günahsız mələk”, “İraqı yaxşı idarə edən rəhbər” adlandıranlar düz demirlər. O, regionun başıının bəlasıydı və bir az da güclü olsa, Fars\Ərəb körfəzi ölkələrini ard-arda işğal edəcək, İran, Türkiyə, Suriya kimi nisbətən böyük dövlətlərlə müharibəyə girişəcəkdi.
İndi İranla İsrail arasındakı müharibəyə diqqət edəndə istər-istəməz 35 il əvvəlki hadisələr yada düşür.
O zaman S.Hüseyn sona qədər “İraqın kütləvi qırğın silahı əldə etmək niyyəti yoxdur” deyərək, ünvanına səslənən uyğun ittihamları rədd etdiyi kimi, hazırda İran tərəfi də nüvə proqramını dinc məqsədlərlə həyata keçirdiyini bildirir.
Kəşfiyyatçılar isə kimin harada yeraltı santral tikdiyini, hansı maddələri nə məqsədlə topladığını bilirlər. Onların işi budur. İranın 10 atom bombasına yetəcək qədər uran zənginləşdirməsi barədə yayılan informasiyalar sırf kəşfiyyat məlumatları idi.
Səddamı ram etməsələr, o mütləq dəhşətli silahlar əldə edəcəkdi. Sonrakı illərdə İraqa gələn neft milyardları 5-7 qat artacaqdı və o, astronomik məbləğlər sayəsində hərbi qüdrətini daha da artıracaqdı.
Forsaytın romanındakı hadisələrlə günümüzdə İsrail-İraq cəbhəsində baş verən olayların daha iki oxşarlığı var: 1. Nüvə fiziklərinin öldürülməsi; 2. İsrail və ABŞ-nin İraqın hərbi elitasında yüksək rütbəli casuslara malik olması.
Gün gələcək, işin içində olan intellektual kəşfiyyatçılardan biri bu gün baş verənlərə dair siyasi detektiv janrında bir roman, film ssenarisi yazacaq və orada təxminən belə bir cümlə yer alacaq: “Fars körfəzində bioloji silahlar, zəhərli maddələr və atom bombası heç vaxt istifadə olunmadı, lakin bizim ona nə qədər yaxın olduğumuza, demək olar ki, heç kim şübhə etmir”.
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ