İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt: tərifləyənlər, pisləyənlər və...

Ekspert: “Vaxtilə yalançı inanclar insanların həyatına necə təsir edirdisə, süni intellektə də bəzi insanlar aşırı şəkildə güvənirlər, halbuki...”

Müasir dövrdə texnologiyanın insan münasibətlərinə təsiri daha açıq görünür və daha çox müzakirə olunur. Xüsusilə süni intellektlə ünsiyyət bəzən real münasibətlərin yerini almağa başlayır. Artıq bir çox insanlar, xüsusən də ailə problemləri yaşayan cütlüklər, problemlərini və narahatlıqlarını yaxınları ilə deyil, süni intellektlə bölüşür, həll yollarını ondan gözləyir. Bu isə münasibətlərdə bağların zəifləməsinə, emosional soyuqluğun dərinləşməsinə yol aça bilər.

Məsələ ilə bağlı Modern.az-a danışan psixoloq Nizami Orucov bildirir ki, bu tendensiya cəmiyyət üçün ciddi xəbərdarlıqdır: “İnsan - istər qadın, istər kişi yaxınından emosional olaraq uzaqlaşdıqda, alternativ bir "dinləyici" axtarır. Süni intellekt burada təhlükəsiz və hövsələli dinləyici rolunda çıxış edə bilir. Amma bu, heç vaxt real münasibəti əvəz edə bilməz. Çünki süni intellekt anlayışla cavab versə də, hiss edə və münasibətin dərinliyini duya bilmir".

Psixoloqun sözlərinə görə, süni intellekt yalnız ona verilən məlumatlar əsasında analiz aparır. Halbuki ailədaxili münasibətlər faktlardan daha çox, incə emosional nüanslara və qarşılıqlı hisslərə əsaslanır: “Keçmiş travmalar, gizli gözləntilər, səssizliklər, bədən dili, sosial rollar və bir çox digər amilləri yalnız real ünsiyyətdə anlamaq olar. ChatGPT sizi dinləyir, empatiya göstərir, amma məsələn, susqunluğunuzun arxasında hansı səbəblərin dayandığını təxmin edə bilməz”.

Bizdə kişilərə çox sərbəstlik verilir" - Nizami Orucov

Nizami Orucov qeyd edir ki, süni intellekt əslində münasibətləri pozan səbəb deyil, nəticədir: “Əgər bir münasibətdə emosional bağ artıq zəifləyibsə və tərəflər bir-birindən çox texnologiya ilə ünsiyyət qurursa, bu, artıq soyuqluq əlamətidir. İnsan əslində yoldaşından əvvəlcə uzaqlaşıb, yalnız indi bu boşluğu süni ünsiyyətlə doldurmağa çalışır. Texnologiya, sadəcə, bu vəziyyəti görünən edir, özü yaratmır”.

Psixoloq hesab edir ki, bu prosesin fəsadları da az deyil. İnsanlar real problemləri həll etmək və ünsiyyət qurmaq əvəzinə, süni intellektdən “təskinlik” tapmağa meyllənirlər. Lakin bu, münasibətləri daha da passiv və əlaqəsiz hala gətirir: “Üstəlik, süni intellektin verdiyi cavablar bəzən yanlış və ya kontekstdən uzaq olur. Bu, insanı səhv qənaətlərə apara bilər. Həm də bu texnoloji "təskinlik" uzunmüddətli deyil. İnsan toxunmağa, birlikdə olmağa, emosional qarşılıqlılığa həmişə ehtiyac duyur".

Beləliklə, süni intellektin müsbət tərəfi - sakit, anlayışlı və həmişə hazır “dinləyici” olmasıdır. Amma onun mənfi tərəfi də aydın görünür: münasibətlərin əsl dərinliyini dərk etmədən yanlış “təskinlik” verərək insanları yaxınlarından daha çox uzaqlaşdıra bilir.

Texnologiya tərəqqi gətirsə də, insan münasibətləri hələ də insanlarla yaşanır və qorunur. Süni intellekt isə yalnız bir alət ola bilər, dost, ailə və ya həyat yoldaşı yox.

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, süni intellekt həyatın bütün sahələrinə nüfuz edib. Onun sözlərinə görə, hazırda ayrı-ayrı dövlətlər süni intellektlə bağlı milli strategiya qəbul edir: “Azərbaycanda da 2025- 2028-ci illəri əhatə edən "Süni İntellekt Strategiyası" təsdiq edilib. Bu, təsadüfi deyil. Orada süni intellektdən istifadənin etik çərçivələri, hüquqi-məsuliyyət və təhlükəsizlik məsələləri və digər mövzular geniş şəkildə yer alıb. Bu, o deməkdir ki, süni intellektdən praqmatik məqsədlərlə istifadə etmək olar, lakin insanlar bütün həyatlarını süni intellektə həvalə etməməlidir. Çünki bu, qeyri-adekvat yanaşmadır. Süni intellekt insan zəkasının alqoritm vasitəsilə kompüterə yansıdılması və bu əsasda gəlinən nəticə kimi qiymətləndirilir. Süni intellekti də əslində insan yaradıb, o, insan zəkasını əvəz edə bilməz. Vaxtilə yalançı inanclar insanların həyatlarına necə təsir edirdisə, süni intellektə də bəzi insanlar aşırı şəkildə güvənirlər. Halbuki bu, yolverilməzdir. İnsanlar unutmasınlar ki, insan həyatı təkrarsızdır, digərinə bənzəmir, süni intellekt isə ümumi informasiya bankına əsaslanıb cavablar verir. Ona görə də fərqli və fərdi situasiyalarda süni intellektin yanaşması keçərli deyil. O, peşəkar psixoloqu və ağıllı rasional yanaşmanı əvəz edə bilməz. Doğrudur, süni intellekt informasiya bankından istifadə edib doğru təhlillər verir, nəticələr çıxarır. Lakin biz onu çeşidləyəndə görürük ki, çoxlu səhvlər var, onlar korrektə edilməlidir. Lakin orta statistik insan sanır ki, süni intellektə sorğu göndərirsə, ən düzgün cavabı o verə bilər. Əslində belə deyil, konkret situasiyalar və fərdi xüsusiyyətləri süni intelelkt indiki halda nəzərə ala bilməz. Bəlkə də bu, gələcəkdə olacaq".

Ü. Şəfiyev deyir ki, süni intellekt duyğulardan, emosional imkanlardan məhrumdur: “Ona emosional hisslər əlavə etmək istəyirlər, lakin onun tənqidi təfəkkürü yoxdur. Hələlik fərdi-psixoloji yanaşmanı edə bilmir. Bu, çox çətin prosesdir. Ona görə də insanlar psixoloqla süni intellektin imkanlarını eyniləşdirə bilməz. Bəzən ailə böhranlarının tənzimlənməsində də süni intellektdən istifadə edilir. Bu, düzgün yanaşma deyil. Çünki hər ailə böhranının öz spesifikası var. Süni intellekt hər böhran üçün keçərli deyil. BMT-nin baş katibi Antonio Quterreş çıxışında bildirib ki, süni intellektin idarəsini elə onun özünə tapşırmaq olmaz. O dedi ki, bu, BMT səviyyəsində ali qurumlara tapşırılmalıdır. Əks halda, manipulyativ vasitələrlə süni intellektin imkanlarından istifadə edib, çoxlu idarə olunmaz vəziyyətlər yarana bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR