Onlayn ictimai-siyasi qəzet
Son illər televiziya və sosial şəbəkələrdə yayımlanan verilişlərin məzmunu ciddi narahatlıq doğurur. Cəmiyyətin zövqünə və psixoloji durumuna birbaşa təsir edən bu verilişlərdə etik sərhədlər tez-tez aşılır. Psixoloq Samirə Bağırova məsələyə sərt münasibət bildirib və ciddi məqamlara diqqət çəkib.
Psixoloq Yenisabah.az-a açıqlamasında bildirib ki, televiziyada və sosial şəbəkələrdə yayımlanan verilişlər cəmiyyətin psixoloji durumu, dəyər sistemi və sosial davranış kodlarını aydın şəkildə ortaya qoyur.
Onun sözlərinə görə, bu mənzərə insanların xarakterindəki qürur və şəxsiyyət sərhədlərinin zəif olması ilə sıx bağlıdır:
“Ümumiyyətlə, bizim ölkənin insanlarında belə bir xüsusiyyət var: əgər sual verilirsə, mütləq cavab verməlidir. Özünü sanki borclu hiss edir. Söz haqqını qorumaq, sərhədli davranmaq, cavab verməkdən imtina etmək kimi özünümüdafiə mexanizmləri mövcud deyil. Bu da xarakterdəki qürur və sərhəd yaratmaq keyfiyyətlərinin olmamasından qaynaqlanır.
Televiziya kanalları və məşhurlar isə keyfiyyətə deyil, kəmiyyətə üstünlük verdikləri üçün kimin nə danışacağı önəmli deyil. Bu gün yayımlanan verilişlərin əsas mövzuları qeybət, xəyanət, kimin neçə dəfə ərə gedib-boşandığı, kim kimin arxasınca nə deyib kimi dəyərsiz, hətta əxlaq və etika sərhədlərini aşan mövzulardır.
Aparıcılara gəlincə, çoxu biri-birindən savadsızdır. Etikaya uyğun olmayan, normal sual qura bilməyən bir klon yığınına çevriliblər”.
Psixoloq bildirib ki, məşhurların bu cür gündəmdə qalmaq istəyi onların içindəki dərin psixoloji ehtiyaclardan qaynaqlanır:
Məşhurların gündəmdə qalmaq istəklərinin səbəbləri:
Kimlik ehtiyacı: Kim olduqlarını və lazımlı olduqlarını sübut etmək istəyi. Gündəmdən düşəndə sanki yox olduqlarını hiss edirlər.
Təsdiq axtarışı: Özlərinə daxilən inanmadıqları üçün təsdiqi başqalarından gözləyirlər. Daim bəyənilməyə ehtiyac duyurlar.
Unudulmaq qorxusu: Nə danışıldığı vacib deyil, əsas məsələ yadda qalmaqdır.
Eqo: Diqqət mərkəzində olmaq onlara özünütəsdiq hissi verir.
Psixoloq əlavə edib ki, bu gün televiziya verilişlərinə baxışların arxasında maraq deyil, daha çox neqativ hisslər dayanır:
“Tamaşaçı maraq üçün baxmır. Bu gün televizoru əsasən orta yaş təbəqəsi izləyir. Ona görə də telekanallar reytinq xatirinə bu verilişləri sosial şəbəkələrdə də paylaşırlar. Lakin baxışların arxasında maraq deyil, nifrət, əsəb, tənqid və təhqir dayanır.
Həqiqətən maraqlananlar isə bu səviyyənin insanlarıdır. Əgər bu kütlə çoxluq təşkil edirsə, demək ki, ölkədə əqli degenerasiya baş verir. Bu da o deməkdir ki, cəmiyyət əxlaqi, estetik və intellektual səviyyədə geriləyir, dəyərlər isə itir”.
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ