Onlayn ictimai-siyasi qəzet
ABŞ-da elit pedofil şəbəkəsinin siması Ceffri Epşteynin adı yenidən gündəmdədir. Onun cinayət işi Amerika ictimaiyyətini illərdir silkələyən, konspirasiya nəzəriyyələri ilə birləşən və dünyanın siyasi elitalarını narahat edən sirli dosyeyə çevrilib.
Epşteynin adı bu gün təkcə bir şəxsin yox, bütöv bir sistemin simvoluna çevrilib. İllər əvvəl azyaşlı qızlara qarşı cinsi zorakılıq və insan alveri ittihamları ilə həbs edilən, lakin müəmmalı şəkildə həbsxanada ölən bu adamın izi nəinki Hollivud, London sarayı və Ağ Evə qədər uzanır, hətta Donald Trampın siyasi taleyində də həlledici faktora çevrilib.
Ceffri Epşteyn fizika müəllimidir. Ancaq bir gün milyarderlərin, şahzadələrin, prezidentlərin "maliyyə məsləhətçisi"nə çevrilir. Ardından Manhettenin mərkəzində malikanə, Karib dənizində şəxsi ada, Fransa və Nyu-Meksikoda lüks mülklərin sahibi olub.
ABŞ-da bu sərvət haradan gəlib sualına cavab axtaranlar çoxdur, cavab isə yoxdur. Ceffri Epşteynin sərvəti və əlaqələri izaholunmaz dərəcədə müəmmalıdır. Elə onun ölüm səbəbi də mübhəmdir.
Ceffri Epşteyn 2005-ci ildə azyaşlı qıza təcavüz ittihamı ilə həbs olunub. O zaman onlarla qurban polisə müraciət edib. Amma... nəticədə cinayət işi məhkəmədən kənar razılaşma ilə ört-basdır edilib. Cəmi 1,5 il azadlıqdan məhrum olunur. Bu "humanist" qərarın arxasında isə ABŞ elitasının qorxunc sirlərini qorumaq istəyinin dayandığına dair güclü və əsaslı şübhələr var.
Epşteynin 2019-cu ildə Nyu-York həbsxanasında asılmış halda tapılması və bu ölümün "intihar" kimi rəsmiləşdirilməsi əslində yüzlərlə sual doğurdu. Həbsxana kameralarının "təsadüfən" işləməməsi, nəzarətçilərin yuxuya getməsi və qəfil bəyanatlar...
Elə buradan sonra ortaya çıxan "Epşteyn siyahısı" - yəni onunla əlaqədə olmuş, azyaşlılara təcavüzdə ittiham edilə biləcək nüfuzlu şəxslərin siyahısı ABŞ-da yeni bir informasiya savaşına səbəb oldu.
Epşteyn kimləri qorxudurdu və kimlər onun ölümündə maraqlı idi?
Bilinən odur ki, Donald Tramp Epşteynlə uzun illər dostluq edib. Son illərdə isə onunla məsafə saxlayıb. Buna baxmayaraq, "Epşteyn işi" Tramp tərəfdarlarını 2 yerə bölüb.
Mühafizəkar jurnalist Taker Karlson bu məsələni prezident Con Kennedinin qətli ilə müqayisə edərək deyib:
"Onlar sadəcə ümid edirlər ki, biz bu faciəni unudacağıq".
Əsas arqument ondan ibarətdir ki, ABŞ Ədliyyə Departamenti və FTB-nin hazırladığı son birgə memorandumda "müştəri siyahısı"nın tapılmadığı, Epşteynin şantaj etdiyinə dair sübutun olmadığı deyilir. Hətta ölümün rəsmi olaraq intihar olduğu da bir daha təsdiqlənib. CCTV görüntüləri dərc edilib.
Amma Tramp tərəfdarları bu izahatı qəbul etmir. Hətta Trampa yaxın vitse-prezident namizədi J.D.Vans seçki kampaniyası dövründə "Epşteynin tam siyahısı açıqlanmalıdır" tələbi ilə çıxış etmişdi.
Bu iş Tramp üçün nə deməkdir?
Epşteyn işi ABŞ-da, xüsusilə Respublikaçılar düşərgəsində 2 güclü tendensiyanı toqquşdurub: bir tərəfdə elita içərisində "satanist pedofil şəbəkəsi"nə inananlar, digər tərəfdə isə rəsmi dövlət institutlarına güvənənlər.
Tramp bu 2 qüvvə arasında manevr etməyə çalışır. Çünki "Epşteyn işi" elə bir işdir ki, onun ifşası Trampı yüksəldə də bilər, siyasi karyerasına son da qoya bilər.
Üstəlik, Klinton, Şahzadə Endryu kimi adlarla yanaşı, Trampın da adı bu işlə assosiasiya olunur. Epşteynin şəxsi təyyarəsində uçuş qeydləri, onunla eyni məkanlarda görüntülənməsi Donald Tramp üçün "siyasi partlayış" riski daşıyır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ