Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadə konsert proqramı ilə çıxış edib.
Musavat.com xəbər verir ki, konsert Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Bakıda baş tutan Türkçülük Günü çərçivəsində baş tutub.
“Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi” adlı panel iclasından sonra Turan Manafzadə səhnəyə çıxıb.
“25 ildir ki, Türkiyədə yaşayıram. Bu gün Türkçülük Günündə burada olmaqdan məmnunam. Qürur hissi keçirirəm. Mən barış, birlik və gözəllik mesajı vermək istəyirəm”, - deyərək sənətçi “Xocalı” əsərini ifa edib.
O, məşhur bəstələri ilə tamaşaçılara xoş anlar bəxş edib.
Qeyd edək ki, Türkçülük Günü - 3 may 1944 tarixinin anıldığı gündür.
Belə ki, bu tarixi gün ilk dəfə 1944-ci ilin 3 mayında Topxana Hərbi Həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkan başda olmaqla 10 nəfər məhkum tərəfindən qeyd olunub. “Ankara nümayişi”ndən sonra həmin gün daha geniş miqyas əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.
Azərbaycanda Türkçülük Günü 1992-ci ilin may ayının 3-dən etibarən qeyd olunmaqdadır. Həmin tarixdə Bakıya gələn Başbuğ Alparslan Türkeşin və milli hərəkat lideri Elçibəyin iştirakı ilə bu bayram Azadlıq meydanında böyük təntənəli şəkildə qeyd olunub.
Könül İbrahim
Fotolar müəllifindir
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ