Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Qars və Ərdahan bölgələrində başlayaraq Artvinin Şavşat və Ardanuç rayonlarına qədər yayılan dabaq xəstəliyi bölgə heyvandarlığını ciddi təhlükə altına alıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, yoluxucu virusun yayılması ilə yüzlərlə mal-qarada ağız, yelin və dırnaq nahiyələrində açıq yaralar meydana gəlib.
Bölgədə təsərrüfatla məşğul olan sakinlər xəstəliyin sürətlə yayıldığını, mövcud dərmanların təsirsiz qaldığını və müvafiq qurumların müdaxiləsinin gecikdiyini vurğulayırlar.
Şavşatda yerləşən yayla sakinlərindən Beşir Dursun bildirib ki, infeksiya əvvəlcə yalnız bir neçə heyvanda müşahidə olunsa da, az bir müddətdə bütün sürünü bürüyüb:
“Artıq demək olar ki, sağlam heyvan qalmayıb. Müalicə üçün antibiotik, yod və buz kompreslərindən istifadə edirik, amma heç bir nəticə vermir. Əgər virus heyvanın dilinə keçərsə, bu, ölümlə nəticələnə bilər”.
Fermerlər Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bölgəyə zamanında müdaxilə etmədiyini, yardım və dərman ehtiyatlarının tükəndiyini bildirirlər. Onların sözlərinə görə, əgər vəziyyət bu şəkildə davam edərsə, həm heyvan itkisi artacaq, həm də yerli iqtisadiyyat dərin zərbə alacaq.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ