İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə serialları Rusiyanı dağıdır! Putinin ideoloqundan “pantürkizm” həyəcanı: “Türk dövlətləri tarix dərsliklərini yenidən yazır...”

Musavat.com xəbər verir ki, Rusiya–Slavyan Tədqiqatları İnstitutunun direktoru Aleksandr Burenkovun “MDB məkanında pantürkizm güclənir: tarix dərslikləri yenidən yazılır, rusofob nəslin təməli qoyulur” adlı məqaləsi Moskva elmi dairələrində ciddi rezonans doğurub.

Yazı, xüsusilə Türk Dövlətləri Təşkilatının (TDT) yüksəlişi və türkdilli respublikalar arasında ideoloji yaxınlaşma prosesinə qarşı Rusiyanın narahatlığını açıq şəkildə əks etdirir.

“Tarix dərsliklərində rusofobiya güclənir”

Aleksandr Burenkov qeyd edir ki, MDB məkanında müşahidə olunan ideoloji tendensiyalar Rusiyada ciddi təlaş doğurur. Onun rəhbərlik etdiyi institutun apardığı analiz nəticəsində məlum olub ki, son illərdə Qırğızıstan, Qazaxıstan, Tacikistan və Azərbaycanın məktəblərində istifadə olunan 35 tarix dərsliyində ümumilikdə 1030 dəfə Rusiya haqqında qiymətləndirici fikir işlədilib və onların 67 faizi mənfi tondadır. 

39ed14ce-7fbe-47aa-b421-8a636550a009.jpeg (40 KB)

Məqalədə vurğulanır ki, bu dərsliklərdə Rusiya “kolonial güc”, “işğalçı” və “resurs imperiyası” kimi təqdim olunur, region xalqlarının istismarında və Mərkəzi Asiya ilə Cənubi Qafqazı “resurs bazasına çevirməkdə” ittiham edilir.

Burenkov yazır:

“Bu dərsliklər təsadüfi deyil. Onlar dövlət səviyyəsində formalaşan ideoloji siyasətin tərkib hissəsidir. Məqsəd – rusofob düşüncəni uşaq yaşlarından formalaşdırmaq, yeni nəsli Rusiyaya mənfi münasibət ruhunda yetişdirməkdir.” 

Screenshot_2.png (1.00 MB)

O bildirir ki, bu ideoloji siyasət təkcə tədris vasitələri ilə məhdudlaşmır, dövlət televiziyaları və media qurumları da “Qərbə inteqrasiyanın” əsaslandırılmasına xidmət edən yeni siyasi xətti möhkəmləndirirlər.

TÜRKSOY və “yumşaq güc” mexanizmləri

Kremlə xidmət edən faşizan təfəkkürlü Burenkov hesab edir ki, bu ideoloji təsirin əsas alətlərindən biri Türk dünyası mədəniyyət təşkilatlarıdır. O, TÜRKSOY və onun nəzdindəki qurumların mədəni diplomatiyadan ideoloji ekspansiyaya keçdiyini yazır:

“TÜRKSOY artıq sadəcə mədəni əməkdaşlıq institutu deyil. O, pantürk ideologiyasının mərkəzi platformasına çevrilib. Türk Dünyası Gənclər İttifaqı, Türk Akademiyası kimi qurumlar vasitəsilə region gənclərinə ‘Türkiyə maraqlarının üstünlüyü’ aşılanır.”

Məqalədə qeyd olunur ki, 2024-cü ilin sentyabrında Səmərqənddə türk dövlətlərinin kino təşkilatları vahid kino-media platformasının yaradılması barədə memorandum imzalayıb. Bu platforma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın film və media məhsullarını birləşdirəcək.

“Türkiyə burada əsas rollardan birini oynayacaq. Onun kino sənayesi digər türk ölkələrindən qat-qat irəlidədir və bu, ideoloji təsir imkanlarını artırır.”

Türkiyə serialları “ideoloji silah” kimi

Aleksandr Burenkov yazır ki, türk serialları artıq çoxdan sadəcə mədəni məhsul deyil, dövlət strategiyasının parçasıdır:

“Türk serialları 170-dən çox ölkədə nümayiş olunur, 750 milyon tamaşaçıya çatır. Onlar Türkiyənin tarixi irsini və siyasi dəyərlərini cazibədar şəkildə təqdim etməklə ‘Böyük Turan’ ideyasının mədəni bazasını formalaşdırır.”

O, bu kino-media platformasının gələcəkdə Ankara nəzarətində “tarixi baxımdan düzgün” və “siyasi cəhətdən sabit” məhsullar istehsal edəcəyini, bununla da “pantürk ideologiyasının mədəni daşıyıcısına” çevriləcəyini qeyd edir.

“Bu proses gənc nəsillərin şüurunda bütün türk xalqlarının ‘ortaq taleyi’ anlayışını gücləndirir və rus təsirinə qarşı alternativ mədəni model yaradır.”

“Böyük Turan” və rus sivilizasiya ideyası

Burenkov məqaləsini belə yekunlaşdırır:

“Türkiyə Rusiyanın geosiyasi rəqibi kimi ‘Böyük Turan’ ideyasını açıq şəkildə həyata keçirir. Bu, etnik və mədəni birliyin simasında faktiki olaraq vahid ‘sivilizasion millətçilik’ formalaşdırmaq cəhdidir. Rusiya isə bu çağırışlara cavab verəcək ideoloji mexanizmlərdən məhrumdur. Konstitusiyamızda ‘çoxmillətli xalq’ prinsipi milli özünüdərki zəiflədir. Bu şəraitdə biz rusofob nəsillərin formalaşmasını kənardan izləməyə məcburuq.” 

5ffba4ce-e286-4ce8-a71a-6feb058351c6.jpeg (96 KB)

Məqalənin sonunda o, Rusiyanın bu ideoloji “təhlükəyə” qarşı “sivilizasion millətçilik” ideyasını dirçəltməyə çağırır və hətta “rus-slavyan-türk ittifaqı” kimi paradoksal bir formul təklif edir.

Musavat.com-un şərhi:

Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi, mədəni və iqtisadi baxımdan regional aktora çevrilməsi Moskva üçün açıq narahatlıq mənbəyidir. Aleksandr Burenkovun məqaləsi bu qorxunun ideoloji ifadəsidir — Rusiya artıq Türk dünyasının formalaşan inteqrasiya modelini dayandıra bilmir.

Kremlin narahatlığı aydındır: Türk respublikaları artıq Rusiya orbitindən uzaqlaşıb, ortaq tarix və mədəni kodlar əsasında yeni geosiyasi güc mərkəzi yaradır. Moskva illərlə bu birliyin qarşısını almağa çalışdı, amma Ukrayna ilə başlatdığı müharibə və iqtisadi tənəzzül onun imkanlarını xeyli zəiflətdi.

Avrasiya materikində tarixi qanunauyğunluq təkrarlanır — slavyan çöküşü fonunda türk yüksəlişi baş verir. Bu, təkcə siyasi və iqtisadi deyil, həm də mədəni ideoloji yüksəlişdir.

Rusiya indi bu prosesi “pantürkizm” adlandıraraq demonizə etməyə çalışır. Amma əslində, bu, türk xalqlarının təbii inteqrasiyasıdır — ortaq dil, tarix və ruh birliyinin bərpasıdır.

Burenkovun yazısı da göstərir ki, Moskva artıq hadisələri idarə etmir, sadəcə qorxur və müşahidə edir.

Amma qorxunun da əcələ faydası yoxdur...

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR