Onlayn ictimai-siyasi qəzet
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Hərbi Hava Qüvvələrinin strateji aviasiyasına qarşı həyata keçirdiyi “Pauk” (Паутина) adlı xüsusi əməliyyatın video görüntülərini yayıb.
Musavat.com xəbər verir ki, SBU-nun məlumatına görə, əməliyyat nəticəsində ümumilikdə 41 Rusiya hərbi təyyarəsi vurulub. Kadrlarda Ukrayna istehsalı olan FPV tipli kamikadze dronların dörd fərqli rus aerodromuna – Olenya, İvanovo, Dyaqilevo və Belaya bazalarına zərbələr endirdiyi əks olunub.
Zərərsizləşdirilən təyyarələr sırasında Rusiya Hərbi Hava Qüvvələrinin ən vacib strateji resursları yer alır: A-50 erkən xəbərdarlıq təyyarəsi, Tu-95 və Tu-160 strateji bombardmançıları, Tu-22M3 orta mənzilli raketdaşıyıcıları, həmçinin An-12 və İL-78 nəqliyyat təyyarələri.
Süni intellektlə idarə olunan dronlar Moskvanın səmasını yandırdı
SBU-nun açıqlamasında qeyd olunur ki, əməliyyat zamanı ən müasir pilotsuz uçuş texnologiyalarından istifadə olunub. Hücumda iştirak edən dronlar həm operatorlar tərəfindən idarə olunub, həm də süni intellektin idarə etdiyi avtonom rejimlərdə fəaliyyət göstərib.
“Bəzi dronlar siqnal itkisi zamanı avtomatik olaraq əvvəlcədən planlaşdırılmış marşrut üzrə süni intellekt vasitəsilə tapşırığı yerinə yetirməyə keçib. Hədəfə yaxınlaşdıqda isə tam avtomatik rejimdə döyüş başlığı aktivləşib və zərbə endirilib,” – deyə SBU-dan bildirilib.
Strateji aviasiyaya ağır zərbə – Kreml cavab verə bilmir
Ekspertlər hesab edirlər ki, bu əməliyyat Rusiya Hərbi Hava Qüvvələrinə son illərin ən ağır zərbələrindən biri olub. Xüsusilə A-50 və Tu-160 kimi bahalı strateji texnikaların sıradan çıxarılması Kreml üçün ciddi itki hesab olunur.
Hazırda Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Lakin yayılan görüntülər Rusiya hava məkanında təhlükəsizlik sistemlərinin uğursuzluğunu açıq şəkildə ortaya qoyur.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ