İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uşaq Hüquqları Aylığı”: qanunlar var, bəs uşaqlar qorunurmu?

 20 oktyabr-20 noyabr tarixləri Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət edib.

Müraciətdə deyilir:

“Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.

1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu “Uşaq hüquqları haqqında” Konvensiya (UHK) uşaqların hüquqlarının qorunması sahəsində zəruri olan standartları və iştirakçı dövlətlərin öhdəliklərini müəyyən edən əsas beynəlxalq sənəddir.

Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində müntəzəm olaraq mühüm islahatlar həyata keçirilir, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə güclü normativ hüquqi baza və institusional struktur formalaşdırılır.

UHK-nın əsas prinsipləri kimi uşaqların yaşamaq və inkişaf etmək hüququnun təmin edilməsi, onların mənafeyinin üstün tutulması, uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, onların fikirlərinə hörmətlə yanaşılması bu gün ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin və milli qanunvericiliyin əsas istiqamətlərini təşkil edir.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarının təmini istiqamətində mühüm müddəaları və öhdəlikləri ehtiva etməklə, uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində hüquqi baza rolunu oynayır.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz Qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaratmışdır ki, bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir.

Uşaq hüquqlarının qorunması və təşviqi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.

Ənənəvi olaraq, Ombudsman tərəfindən UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.

Aylığın keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir.

Qeyd olunanları nəzərə alaraq, bütün dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı”na fəal şəkildə qoşulmağa, uşaqların konstitusion hüquqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməyə dəvət edirəm.

İnanıram ki, aylıq çərçivəsində hər bir təşəbbüs uşaqların hüquqlarının daha səmərəli müdafiəsinin təmininə töhfə verəcəkdir”.

Qeyd edək ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 80-ci sessiyasının Üçüncü Komitəsinin 67-ci gündəliyindəki “Uşaqların Hüquqları” üzrə müzakirələrdə çıxışı zamanı Azərbaycanda uşaqların müdafiəsi və inkişafı sahəsində həyata keçirilən milli tədbirlər barədə üzv dövlətlərin nümayəndələrinə məlumat verib. Diplomat qeyd edib ki, 1990-cı illərin əvvəllərində 71-i uşaq olmaqla, itkin düşmüş təxminən 4000 azərbaycanlının taleyi və harada olmaları postmünaqişə dövründə aktual humanitar problem olaraq qalır.

Ş.Hacıyev Prezident tərəfindən təsdiqlənmiş “2020-2030-cu illər üçün Uşaqlar üzrə Milli Strategiya” sənədinin əsas istiqamətlərini qeyd edərək, bu strategiyanın uşaqların hüquqlarının qorunması və qarşıda duran problemlərin həlli üçün mühüm yol xəritəsi olduğunu vurğulayıb: “Uşaqlar əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmiz uşaqların müdafiəsi çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirib. Uşaqların hüquqları ilə bağlı demək olar ki, bütün beynəlxalq və regional hüquqi sənədlərə tərəf olmaq illər ərzində qanunvericilik islahatlarına yol açıb. Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş “2020-2030-cu illər üçün Uşaqların maraqlarına dair Milli Strategiya” adlı proqram sənədi əsas məsələləri müəyyən edir, uşaqların müdafiəsi və inkişafı ilə bağlı problemlərin həlli istiqamətində strategiyaları əks etdirir. Azərbaycan valideyn qayğısından məhrum olan, sağlamlıq imkanları məhdud və məcburi köçkün ailələri də daxil olmaqla, həssas qruplara mənsub uşaqların sosial müdafiəsinə xüsusi önəm verir.

Azərbaycan, həmçinin post-münaqişə dövründə uşaqların müdafiəsini və inkişafını prioritet istiqamət kimi müəyyən edib. Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərindən sonra 2025-ci ilin sentyabr ayında təxminən 3500 keçmiş məcburi köçkün şagird həmin bölgələrdə təhsillərini bərpa ediblər”.

Diplomat diqqətə çatdırıb ki, genişmiqyaslı mina çirklənməsi öz doğma yurd-yuvalarına qayıdan məcburi köçkün əhali, o cümlədən uşaqlar üçün ciddi maneələr yaratmaqdadır: “1990-cı illərdən bəri qəsdən basdırılmış minalar 3 400-dən çox şəxsin, o cümlədən 362 uşaq və gəncin həyatına son qoyub və ya onları ağır yaralayıb. Bu məsələlər BMT-nin uşaq hüquqları üzrə mexanizmlərinin diqqətini və onların bu problemlərin həllinə effektiv şəkildə cəlb olunmasını tələb edir”, o vurğulayıb.

İnsan hüquqları üzrə ekspert, vəkil Roman Qaraşov Musavat.com-a Azərbaycanda uşaq hüquqları ilə bağlı vəziyyəti, qanunvericiliklə bağlı görülə biləcək tədbirləri şərh edib. O, qeyd edib ki, bugünkü uşaqların həyatı əvvəlki nəsillərlə müqayisədə daha risklidir:

“Onlar sosial bərabərsizliyi, ailə gərginliklərini və iqtisadi təzyiqləri təkcə ailədə deyil, həm də sosial şəbəkələrdə gündəlik müşahidə edirlər. Bu, uşaqlarda erkən yaşda psixoloji gərginlik və sosial adaptasiya çətinlikləri yaradır. Xüsusilə nikahı pozulan ailələrdə böyüyən uşaqların sayı Azərbaycan tarixində ən yüksək həddə çatıb, lakin bu qrupun psixoloji və sosial dəstək mexanizmləri demək olar ki, mövcud deyil. BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası”  Maddə 27-də uşağın adekvat həyat səviyyəsinə, Maddə 19-da isə zorakılıqdan müdafiə hüququna təminat verir. Lakin bu hüquqların həyata keçirilməsi üçün Azərbaycanda institusional nəzarət və monitorinq mexanizmləri tam oturuşmayıb. UNICEF-in 2024-cü il hesabatına görə, uşaqların sosial rifahı üzrə göstəricilərdə Cənubi Qafqaz regionunda gender və regionlararası fərqlər ən kəskin şəkildə Azərbaycanda müşahidə olunur. Dövlət orqanlarının fəaliyyəti əsasən reaktiv xarakter daşıyır, yəni problem baş verdikdən sonra müdaxilə edilir, halbuki müasir uşaq hüquqları siyasəti preventiv nəzarət və riskin erkən aşkarlanması üzərində qurulmalıdır”.

R.Qaraşov bildirib ki, Azərbaycanın “Uşaq hüquqları haqqında” Qanunu, “Ailə Məcəlləsi”, “Təhsil haqqında” və “Sosial xidmət haqqında” qanunlar bir çox hallarda beynəlxalq standartlarla uyğunlaşdırılıb, lakin imperativ icra mexanizmləri nəzərdə tutulmayıb: “Məsələn, heç bir normativ akt dövlət orqanına uşaqların yaşayış şəraitini, qidalanmasını, sağlamlıq və təhlükəsizlik vəziyyətini davamlı şəkildə yoxlamaq öhdəliyi qoymur. Həmçinin, uşaqların həyatına dair məlumatların toplanması, emalı və risk faktorlarının analizi üçün hüquqi əsas formalaşdırılmayıb. Bunun əksi olaraq, İsveçdə “Barnkonventionen i Svensk Lag” (2018) uşaq hüquqları konvensiyasını birbaşa milli hüquqa daxil edib və hər bir bələdiyyəyə uşaqların rifahı üzrə illik hesabat təqdim etmək öhdəliyi qoyub. Norveçdə Uşaq, Gənclər və Ailələr üzrə Direktorluq (Bufdir) hər bir uşaq haqqında sosial dosye sisteminə malikdir, burada uşağın qidalanma, təhsil, sağlamlıq və psixoloji vəziyyəti real vaxt rejimində izlənir. Niderlandda “Child Protection Board Act” uşağın rifahına zərər ehtimalı olan hallarda sosial xidmətin dərhal məhkəməyə müraciət öhdəliyini müəyyən edir. Azərbaycan üçün bu təcrübələrdən çıxan nəticə aydındır: “Uşaq Sosial Monitorinqi haqqında” yeni qanunun qəbuluna ehtiyac var. Bu qanun dövlətə uşaqların rifahı barədə mütəmadi məlumat toplamaq, təhlil etmək və risk altında olanları dərhal sosial müdafiə sisteminə yönləndirmək imkanı verərdi. Qanunda icraya məsul qurumların səlahiyyətləri, hesabat dövrləri və məsuliyyət mexanizmləri açıq göstərilməlidir”.

Vəkil həmçinin, rəsmi məlumatlara diqqət çəkərək deyib ki, Azərbaycanda uşaqlara qarşı zorakılıq və cinayət hallarının sayı azdır, lakin bu, real vəziyyəti əks etdirmir: “Çox vaxt valideynlər, müəllimlər və ya yerli icra orqanları uşaq cinayətlərini “ailədaxili məsələ” kimi təqdim edərək hüquq-mühafizə orqanlarına müraciət etmir. Bunun nəticəsində zorakılıq halları gizlədilir, uşaqlar isə müdafiəsiz qalır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedentlərində (məsələn, M.C. v. Bulgaria, 2003; E.S. v. Slovakia, 2020) vurğulanıb ki, dövlət yalnız zorakılığa yol verməməli, həm də effektiv araşdırma və qarşısının alınması üçün preventiv mexanizmlər yaratmalıdır. BMT Uşaq Hüquqları Komitəsinin Azərbaycana dair yekun müşahidələri də göstərir ki, uşaqlara qarşı zorakılıq, erkən nikah və məişət zorakılığı faktlarının araşdırılmasında institusional koordinasiya və məlumat mübadiləsi zəifdir. Təəssüf ki, bu tövsiyələrin əksəriyyəti hələ də yerinə yetirilməyib. Qərb ölkələrində isə xüsusilə, Kanada, Finlandiya və Yeni Zelandiya kimi dövlətlərdə uşağa qarşı zorakılıq faktını gizlətmək və ya bildirməmək hüquqi məsuliyyət doğurur. Bu, Cinayət Məcəlləsində ayrıca tərkib kimi müəyyən edilib. Azərbaycanda belə norma mövcud deyil və bu  uşaqlara qarşı zorakılıqla mübarizəni faktiki zəiflədir. Beynəlxalq təcrübəyə əsasən, uşaq hüquqlarının qorunması üçün yalnız qanunlar deyil, müxtəlif peşə qrupları arasında real əməkdaşlıq vacibdir-sosial işçilər, psixoloqlar, polis, məktəblər və səhiyyə sisteminin məlumat mübadiləsini təmin edən vahid rəqəmsal platforma yaradılmalıdır. Bu, həm hüquqi, həm də etik öhdəlikdir. Uşaqların təhlükəsizliyi yalnız hüquqi prinsiplərlə deyil, dövlətin vicdanı və cəmiyyətin məsuliyyəti ilə ölçülməlidir”.

R.Qaraşov əlavə edib ki, uşaq hüquqları üzrə beynəlxalq praktikada ən effektiv mexanizm nəzarət deyil, mütəmadi fərdi monitorinq və erkən xəbərdarlıq sistemidir. “Azərbaycanda uşaq hüquqları üzrə fəaliyyət göstərən vəkillərin və sosial işçilərin qarşısında duran ən böyük problem faktların gizlədilməsi və dövlət strukturlarının məlumat paylaşmamasıdır. Real müdafiə sistemi o vaxt formalaşacaq ki, hər bir uşaq barədə məlumat cəmiyyətin deyil, dövlətin məsuliyyət sahəsi kimi qəbul edilsin”, deyə o bildirib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR