İnsanlara hürriyət, millətlərə istiqlal!

Viləşçay üzərində yeni bəndlər - cənub bölgəsinin su təhlükəsizliyi üçün yeganə yol

Dünya sürətlə su qıtlığına doğru gedir. Qlobal istiləşmə, yağıntıların azalması, əhali artımı və kənd təsərrüfatının genişlənməsi nəticəsində içməli su ehtiyatları ildən-ilə azalır. BMT-nin proqnozlarına görə, 2030-cu ilə qədər Yer kürəsində içməli suya tələbat təklifdən 40 faiz artıq olacaq. Bu, bəşəriyyət üçün yaxın gələcəyin ən ciddi ekoloji və sosial təhlükələrindən biridir. Bu xəbərdarlıq artıq bir çox ölkələrdə reallığa çevrilib: Avropa dövlətləri, Türkiyə, Mərkəzi Asiya ölkələri dağ çaylarının gücündən maksimum istifadə edərək kiçik və orta ölçülü su anbarları tikirlər. Azərbaycan da bu qlobal təcrübədən kənarda qala bilməz, çünki ölkəmiz də iqlim dəyişmələrinin təsirini artıq ciddi şəkildə hiss edir.

Çünki hər yay bölgələrimizdə, xüsusən də cənubda Yardımlı, Masallı, Cəlilabad və hətta Lənkəranda içməli su problemi ən ciddi sosial məsələlərdən birinə çevrilir. Bu problemin açarı isə göz önündədir, Yardımlının bağrından qopan, Masallı düzünə enib sonda Xəzərə qovuşan Viləşçay.

Viləşçay cənub bölgəsinin ən iri çaylarından biridir. Uzunluğu 115 km, hövzəsinin sahəsi 935 km²-dir. Başlanğıcını 2203 metr hündürlükdə Quludaş zirvəsindən götürür. Yuxarı axınında Peştəsər, orta axınında Alaşar-Burovar silsilələrini çəpinə keçərək dərin və dar dərələr yaradır. Çayın başlıca qolları sağdan Şərətük (29 km), soldan Mətəli (21 km) çaylarıdır.

Lakin bunlarla yanaşı Yardımlının saysız-hesabsız xırda dağ çayları da Viləşə tökülür: Quruçay, Sarısu, Təzəkənd, Avırmaz, İncəçay və daha neçə-neçə kiçik axar ona qoşularaq sululuğunu artırır. Qışda qarın əriməsi, yazda və payızda yağışların çoxluğu nəticəsində bu qollar Viləşə güc verərək onu coşdurur.

Çayın suyunun 70 faizi yağıntılardan, 20 faizi yeraltı sulardan, 10 faizi isə qar sularından formalaşır. Orta illik sərfi 5,5 m³/san təşkil edir. Axının 45 faizi yazda, 24 faizi qışda, 25 faizi payızda, cəmi 6 faizi isə yayda keçir. Bu statistika göstərir ki, Viləşçay tipik “qış-yaz çayıdır”, yəni sululuğun ən çox olduğu fəsillərdə suyun toplanması mümkündür.

Yaz və payız aylarında yağan güclü yağışlar nəticəsində çayda daşqınlar yaranır, daşqın dövrü adətən oktyabrda başlayır və may ayına qədər davam edir.

1986-cı ildə tikilmiş Viləşçay su anbarı bu potensialın yalnız bir hissəsindən yararlanıb. Faydalı həcmi 46 milyon m³, bəndin hündürlüyü 37 metrdir. Layihənin ikinci mərhələsi üzrə hündürlüyün artırılması ilə həcmin 130 milyon m³-ə çatdırılması nəzərdə tutulmuşdu. Bu fakt bir daha göstərir ki, Viləşçayın gücü hələ tam istifadə olunmayıb.

Əslində isə Yardımlının öz dağ dərələrində ən azı iki-üç strateji nöqtə var ki, burada bənd vurmaqla yeni su anbarları yaratmaq mümkündür. Bu dərələr təbii relyefi ilə buna imkan verir: dar boğazlar, hündür qayalıqlar və çanaq formalı sahələr böyük torpaq işləri olmadan su tutumlarının formalaşmasına şərait yaradır.

Qış və yaz aylarında daşqınla gələn sular həmin bəndlərin arxasında toplanaraq yayda əhali üçün içməli su mənbəyi ola bilər. Əgər bu layihə həyata keçirilsə, nəticə yalnız Yardımlı ilə məhdudlaşmaz, Masallı, Cəlilabad, hətta Lənkəranın da içməli su problemi böyük ölçüdə həll olunar.

Hər il yayın ortasında su maşınlarının yolunu gözləyən kəndlilər, həyətlərində susuzluqdan quruyan ağaclar, su qıtlığı səbəbindən məhsuldarlığı düşən təsərrüfatlar bu bəndlərin hesabına xilas olar.

Yayda kəndlilər bir vedrə suya möhtac qaldığı halda, qışın gur çağında Viləşin gurultusu dağları titrədir, yüz milyonlarla kubmetr su Xəzərə axıb gedir. Bu paradoksun yeganə həlli suyun düzgün idarə olunmasıdır. Belə bəndlərin tikilməsi ekoloji baxımdan da müsbət təsir göstərəcək. Dağ-meşə massivlərinin rütubət balansı qorunacaq, torpaq eroziyası zəifləyəcək, biomüxtəliflik zənginləşəcək, kənd təsərrüfatında məhsuldarlıq artacaq.

Su anbarları həm də yerli iqlimə müsbət təsir edərək bölgədə ekoloji stabilliyi gücləndirəcək. Dünya təcrübəsi də bunu təsdiqləyir. Gürcüstanın Araqvi və Rioni, Türkiyənin Çoruh, İsveçrənin Alp çayları üzərində tikilən onlarla kiçik və orta ölçülü su anbarı həm içməli su, həm də kənd təsərrüfatı və enerji üçün dayanıqlı mənbə yaradıb.

Azərbaycanın özündə də Qubada Qudyalçay, Şəkidə Kiş çayı üzərində bəndlər tikilərək bu məqsədə xidmət edir. Deməli, Viləşçay üzərində yeni bəndlərin tikilməsi həm təcrübəyə, həm də reallığa əsaslanır.

Viləşçayın üstünlüyü isə odur ki, onun həm su potensialı böyükdür, həm də relyef şəraiti təbii “su saxlayan” məkanlar təqdim edir. Yardımlının, Masallının, Cəlilabadın və Lənkəranın insanları üçün bu bəndlər həyat deməkdir.

Kəndlinin yayda mal-qarasına, bağ-bağatına su tapmaması, insanların içməli suyu pulla alması artıq keçmişdə qalmalıdır. Əgər bu gün Viləşin gücündən səmərəli istifadə olunarsa, sabah kəndli qışın coşqun çayına baxanda “bu qədər su boş yerə dənizə getməyəcək” deyə biləcək.

Cənub bölgəsinin gələcəyi üçün Viləş üzərində iki-üç yeni bəndin tikilməsi sadəcə texniki layihə yox, həm də strateji qərardır.

Moskva öz işğalçılıq siyasətini legitimləşdirmək istəyir" - Samir Əsədli |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

Samir Əsədli

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR