İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə İstanbul - bu dəfə Putin, Zelenski və Tramp...

İyunun 2-də dünyanın gözü yenidən Türkiyədə olacaq, Hakan Fidanın liderlərin sammiti haqda verdiyi “ipucu”; Ukrayna danışıqların niyə Vatikanda keçirilməsini istəyirdi?

Türkiyə xarici işlər naziri Hakan Fidan bir həftəlik danışıqlar trafikindən sonra Rusiya və Ukrayna nümayəndə heyətlərini İstanbulda görüşməyə razı sala bildı. Fövqəladə hadisə baş verməsə, gələn həftənin ilk iş gün-iyunun 2-də dünyanın diqqəti yenə İstanbulda olacaq. Gözlənilir ki, tərəflər atəşkəs üçün qarşılıqlı memorandum təqdim edəcəklər. 

Screenshot_7.png (905 KB)

Kiyev 2022-ci ilin yazından sonra bu ilin 16 mayında yenidən İstanbulda bərpa olunan danışıqların nədənsə, bu dəfə Vatikanda davam etməsini təklif etmişdi. Zelenski yeni Papanın andiçmə mərasindən sonra onunla görüşmüşdü də. Kiyev bundan əvvəlki Papadan “Ukrayna ağ bayraq qaldırsın” kimi bəyanatların səbəbindən ciddi narazı idi. Ukraynanın diplomatiyanın ağırlıq mərkəzinin İstanbuldan niyə katoliklərin “qibləsi” Vatikana keçirilmək istəyi izah edilmədi. Ola bilsin, bu yeni Papaya “maya qoymaq” cəhdi idi. Ya da Zelenski hələ də elə düşünür ki, gərək bütün dünya liderləri Putini boykot etsinlər, onunla təmas qurmasınlar və sairə. Türkiyə prezidenti Ərdoğan müharibədən bəri Putinlə əlaqələri kəsmədi, üstəlik ölkəsinin çıxarlarını düşünərək anti-Rusiya sanksiyalarına da qoşulmadı. Amma Ankaranın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir. Türkiyə Krım daxil Ukraynanın işğala məruz qaldığını bəyan edir. Zelenski isə bəlkə də çox yaxınlıq etdiyi Makron kimlərinin təkidi ilə belə rəy yaratmağa çalışdı ki, guya Türkiyə münaqişədə tərəfdir. Ona qalsa, Rusiya mediası da işğal faktını tanıdığına görə Türkiyəni “asıb-kəsir”. Onlar da deyirlər ki, Ankara Ukraynın ərazilərinin işğalı faktını tanımaqla tərəf tutub, bu səbəbdən obyektiv vasitəçi ola bilməz. Putin isə emosiyalarla deyil, ağılla qərar verir, ona görə görüş yeri kimi məhz İstanbulu seçib və böyük ehtimalla, Türkiyə növbəti görüşlərə də ev sahibliyi edəcək. Vatikanın görüş yeri seçilməsinə ən diqqətçəkən açıqlamanı isə Rusiya xarici işlər naziri Lavrov verdi: “İki slavyan xalqın ərazi problemini katolik torpağında müzaki etmək uyğun deyil...” 

Screenshot_5.png (703 KB)

Maraqlıdır ki, Fidan hər iki ölkənin prezidentləri ilə də görüşdü. İstisna deyil ki, Fidan ABŞ tərəfinin(daha konkret Trampın) xahişi ilə iki ölkə liderinin görüş perspektivini də araşdırıb.(Bu səfərlərdən öncə Rubio Fidanla danışmışdı). ABŞ tərəfinin hər iki ölkə rəhbərinə görüş üçün basqı edir. Zelenski belə bir görüşə hazır olduğunu deyib. Putin isə razı deyildi. Fidanla görüş ərəfəsi Trampın Putin haqda səsləndirdiyi sərt fikirlər də Rusiya rəhbərliyinə psixoloji basqının bir elementi kimi qiymətləndirilə bilər. Fidan belə bir görüş hazırlığını təsdiq edib, “ipucu” da verib. Onun sözlərinə görə, əgər İstanbul danışıqlarında konkret texniki razılaşma əldə olunarsa, bundan sonra Türkiyədə liderlərin sammitinin keçirilməsi( Putin, Zelenski və Tramp) məsələsi gündəmə gələ bilər. Türkiyə buna(əlbəttə ki, ABŞ-ın da dəstəyi ilə) nail ola bilsə, bu qardaş ölkə üçün də çox ciddi geoplitik uğur olacaq. 

Screenshot_4.png (663 KB)

İndilikdə tərəflərin iyunun 2-də görüş razılığı var, həm də əvvəlki nümayəndə heyətləri ilə. Maraqlıdır ki, son görüşdən sonra təkcə görüş məkanının deyil, Rusiya nümayəndə heyətinin rəhbərinin də dəyişdirilməsi haqda xeyli söz-söhbət oldu. İddia olunur ki, Qərb (ABŞ) Putinin köməkçisi və adaşı Medinskinin danışıqlardan uzaqlaşdırılmasın tələb edib. Bildirilir ki, buna səbəb Medinskinin danışıqlarda sərt mövqe tutmasıdır. Lavrovun dediyinə görə, ABŞ-dan belə bir tələb olsa belə, bu iş onu aşar, çünki ancaq Putin buna qərar verə bilər. Son iki gündə isə bu mövzu daha başqa rəng alıb. Rusiya tərəfi deyib ki, Medinski və ailəsi terror xəbərdarlığı alıb. XİN sözçüsü Zaxarova terror xəbərdarlığının “fitlini”dərhal Ukraynaya bağlayıb. Rusiya mediası isə Medinskini “göylərə qaldırıb”. Yazırlar ki, “Rusiya nümayəndə heyətinin rəhbəri öz arqumentləri ilə Ukrayna tərəfini çıxılmaz vəziyyətlərə salır”, “qarşı tərəfdə onun səviyyəsində hazırlıqlı şəxs yoxdur” və s. 

Screenshot_6.png (973 KB)

Ukraynanın Çerkasski vilayətində anadan olan Medinskinin Rusiyada “dövlət tərbiyəsi” aldığını onun həyat yolundan da görmək mümkündür. O da faktdır ki, mayın 16-dakı gərgin görüşdən sonra verdiyi açıqlamalar xeyli suallar doğurdu. Medinski Bismarkın adına çıxılan “Rusları məğlub etmək olmaz, biz bunu əsrlər boyu öyrənmişik” deməsi, daha sonra isə İsveçlə 21 il davam edən (1700-1721) “Şimal müharibəsi”ni yada salması dünya mediasında çox müzakirə olundu. Ukraynanın əsas şərtinə, atəşkəsə gəlincə, Medinski dedi ki, danışıqlar üçün atəşkəs elanı əsas deyil. Hətta buna nümunə kimi Koreya, ABŞ-Vyetnam müharibəsini misal kimi göstərdi. Nəhayət, Medinski danışıqlarda bəyan edibmiş ki, əgər Ukrayna tərəfi Zaporojye, Xerson, Donetsk, Luqansk, eləcə də Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edərsə, daha 4 regionu (Sumı, Xarkov, Dnepropetrovsk və Odessa) itirmək təhlükəsi ilə üzləşə bilər... 

Screenshot_3.png (475 KB)

Bu sayğısız və təhdid dili üçün gücü Yazıçılar Birliyinin sədri, publist kimi tanınan Medinski Putindən alır və cəbhədəki üstünlüklər də bu cür üsluba stimul verir. Ona görə Medinskinin dəyişməsinin xeyri olmayacaq, nə qədər ki, cəbhədə vəziyyət Ukraynanın xeyrinə dəyişməyəcək...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR