İnsanlara hürriyət, millətlərə istiqlal!

12 günlük savaşda meydanda tək qalan Məsud Pezeşkian

İran və İsrail arasında müharibənin dayandırılması ilə bağlı ABŞ prezidenti Donald Trampın dünyaya müjdəsinin ardınca prosesin hansı məcrada davam edəcəyini demək elə də asan deyil. İran tərəf müharibənin qalibi olduğunu bəyan etsə də, İsrailin hücumları nəticəsində böyük itkilərə məruz qaldığı gerçəklikdir.

Ötən 12 gün ərzində İranın İsrailə, son günlərdə isə Suriya və Qətərdəki ABŞ obyektlərinə zərbələrinin elə də effektiv olmadığı iddiaları da var. Bu mqharibə günlərində bir gerçəklik də üzə çıxdı: İran prezidenti Məsud Pezeşkian meydanda tək qalmışdı, ara-sıra XİN rəhbəri Əraqçinin görünməsini nəzərə almasaq.

Bir gün qabaq xəbər yayılmışdı ki, İran Prezidenti Məsud Pezeşkian İsrailin son raket hücumları nəticəsində xəsarət alan vətəndaşlara baş çəkib. Bu barədə İranın dövlətə yaxın KİV-ləri görüntülər yayıb. Kadrlar Prezident Pezeşkianın xəstəxanada yaralılarla görüşdüyünü və onların vəziyyəti ilə şəxsən maraqlandığını əks etdirir. Prezidentin səfəri zamanı səhhəti ağır olan bəzi mülki şəxslərin xüsusi diqqətə alındığı bildirilib. O, hadisədən zərər çəkən ailələrə dəstək veriləcəyini, zəruri tibbi xidmətlərin göstəriləcəyini və hökumətin vətəndaşların yanında olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrailin son hücumları nəticəsində İranın bir neçə bölgəsində mülki infrastruktura zərər dəyib və yaralılar arasında qadın və uşaqların da olduğu bildirilir. M.Pezeşkianın bu qədər gərgin qrafikdə işləməsinə baxmayaraq, yaralılara da baş çəkməsi, üstəlik əməliyyatlara etiraz edən tələbələrin aksiyasına qatılması da diqqət çəkib. Belə ki, Tehran küçələrində ABŞ əleyhinə aksiya keçirilib. Məsud Pezeşkianın da hər an təhlükəli hücumların ola biləcəyi halda, etiraz əlaməti olaraq ABŞ-yə qarşı şüarların səsləndirildiyi və pankartların qaldırıldığı yürüşə qatılması təəccüblə qarşılanıb. Belə bir rəy yaranıb ki, radikalların, mühafizəkar kəsimə aid şəxslərin, o cümlədən dini lider başda olmaqla, mollaların sığınacaqlarda gizləndildiyi bu günlərdə İran prezidenti faktiki olaraq tək qalıb. M.Pezeşkian həm danışıqlarla bağlı şərtini elan edir, həm İsrail və ABŞ əleyhinə sərt bəyanatlar səsləndirir, həm də əhalisinin təhlükəsizliyi və sosial müdafiəsinin qayğısına qalır. Yeri gəlmişkən, prezident seçildikdən qısa müddət sonra BMT Baş Assambleyasında sülh danışıqlarına hazır olduğunu bildirsə də, sonradan İran daxilindəki radikallar onu susmağa vadar etdilər və proseslər müharibəyədək təhlükəli məcraya adladı.

M.Pezeşkian fransalı həmkarı Emmanuel Makronla söhbətində demişdi ki, İran atom enerjisi üzrə dialoqa hazırdır, lakin sülhməramlı nüvə proqramından əl çəkməyəcək. O bildirmişdi ki, İranın İsrailə cavabı daha sarsıdıcı və qəti olacaq. Pezeşkian onu dabəyan edib ki, İsrail tərəfi müharibəni dayandırmasa, İranın cavabı sərt olacaq. “Biz həmişə sülh və sakitliyə can atmışıq, lakin indiki şəraitdə zorla qəbul etdirilmiş müharibəyə son qoymağın yeganə yolu təcavüzün dərhal dayandırılması və avantüralara son qoyulmasının təmin edilməsidir. Əks halda İranın cavabı sərt olacaq”, - İran prezidentinin xəbərdarlıqlarından biri də belə idi.

Müşahidələr də hesab edir ki, İranda meydanda qalan deyəsən ancaq Məsud Pezeşkiandı. Sanki hər kəs qaçıb gizlənib, çox zaman üzdə olan simalar, dini kəsimin nümayəndələri, rəsmilər gözə dəymir. Prezident olaraq elə də böyük səlahiyyətləri olmayan Pezeşkian sanki hazırda bütün yükü üzərinə götürməli olub. Ara – sıra XİN rəhbəri Abbas Əraqçinin dişsiz bəyanatları eşidilir, nəticəsiz görüşləri barədə xəbərlər yayılır. Bəlkə də indiki durumda İranı xilas yolu M.Pezeşkianın səlahiyyətlərinin artırılması və onun ölkədə əsas söz sahibinə çevrilməsi olardı, çünki ölkə prezidenti İran düşmənləri tərəfindən hədəfə alınan sima deyil. Vaxtaşırı dini liderin iqamətgahı bombalansa da, onun aradan götürülməsi müzakirə mövzusuna çevrilsə də, islahatlar tərəfdarı olan M.Pezeşkian haqda bənzər iddilar eşidilmir, bu da mühüm məqamdır.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İranın hazırkı vəziyyəti, doğrudan da, maraqlı və mürəkkəb bir mənzərə təqdim edir:

“Məsud Pezeşkian, prezident kimi, gözlənilmədən ön planda qalmış kimi görünür. Xəstəxanalarda yaralıları ziyarət etməsi, tələbələrin etiraz aksiyalarına qoşulması və ardıcıl bəyanatlar verməsi onun vəziyyətin məsuliyyətini öz üzərinə götürdüyünü göstərir. Bu, sanki bir liderin, hətta səlahiyyətləri məhdud olsa belə, xalqla birbaşa ünsiyyət qurmağa və onların yanında olmağa çalışmasının nümunəsidir”. T.İsmayılov digər yüksək rəsmilərin, adətən, üzdə olan simaların səssizliyinin də diqqət çəkdiyini təsdiqlədi: “Bu, bəlkə də strateji bir susqunluqdur, yaxud vəziyyətin həssaslığına görə gözləmə mövqeyidir. İranın siyasi sistemində prezidentin rolu daha çox icraçı xarakter daşıyır, ali lider və onun ətrafındakı qurumlar isə əsas qərarverici qüvvədir. Belə bir şəraitdə Pezeşkianın bu qədər aktiv görünməsi, həm onun şəxsi xarakterindən - açıq sözlü, islahatçı imici - həm də vəziyyətin tələblərindən irəli gələ bilər. O, sanki boşluğu doldurmağa, xalqın gözündə bir dayaq nöqtəsi olmağa çalışır”.

Ekspertin sözlərinə görə, Peşeşkianın tələbə etirazlarına qatılması xüsusilə diqqətçəkən məqamdır: “Bu, onun 2009-cu il etirazlarını tənqid etdiyi kimi, xalqın narazılığına həssas yanaşdığını xatırladır. Lakin bu addım riskli də sayılmalıdı, çünki sistem daxilində mühafizəkar qanadın reaksiyası sərt ola bilər. Pezeşkian, bəlkə də, bu hərəkətləri ilə həm xalqla körpü qurmağa, həm də öz islahatçı imicini gücləndirməyə çalışır. Ola bilsin, onlar vəziyyətin daha da gərginləşməsindən çəkinir və ya Pezeşkianın önə çıxmasını bir fürsət kimi görürlər ki, o, xalqın qəzəbini yönləndirsin, amma nəticədə sistemə ziyan dəyməsin”.

T.İsmayılov qeyd etdi ki, Pezeşkianın çiynindəki yükün ağırlığı danılmazdır: “Səlahiyyətləri məhdud olsa da, o, sanki bütün sistemin siması kimi qəbul edilir. Bu, həm onun üçün şans, həm də təhlükədir. Şans odur ki, xalqla birbaşa təmas quraraq etimad qazana bilər. Təhlükə isə odur ki, sistem daxilindəki mühafizəkarlar onun bu aktivliyini məhdudlaşdırmağa cəhd edə bilər. Nəticə etibarilə, Pezeşkian bu mürəkkəb səhnədə tək oynayan aktyor kimi görünür, amma pərdə arxasında nələrin baş verdiyini dəqiq bilmək çətindir. Onun addımları xalqın gözündə imicini gücləndirsə də, sistem daxilindəki tarazlığı pozma riski də var. Vəziyyət, həm onun şəxsi cəsarətinin, həm də İranın siyasi labirintinin sınağıdır”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, İsrailin İrana qarşı hərbi əməliyyatı ilk növbədə beynəlxalq hüququ pozub:

“Güc amili beynəlxalq hüququ üstələyib. Bir dövlətin suverenliyi toxunulmazdı. Amma, hazırkı dünyada beynəlxalq hüquq heçə sayılır və güc - təhdid dili əsas təzyiq aləti olub. Nəzərə alaq ki, İranda beynəlxalq hüququ heçə sayıb və proksi qüvvələr yaradıb, digər ölkələrin təhlükəsizliyini təhdid edib. Göründüyü kimi, İrana qarşı hərbi əməliyyatlar məhz özünün heyata keçirdiyi siyasətin tərkib hissəsidir. İran daima ölkəsinin yüksək səviyyədə kəşfiyyatından, ordusundan danışırdı. İsrailin hərbi zərbələri nəticəsində İran dövlətinin heçdə güclü olmadığı üzə çıxdı. Ölkənin havadan müdafiə sistemləri dağıldi və ölkənin sütunları dağıdılır”.

M.Əsədullazadə də İran rəsmilərinin üzə çıxmadığını vurğuladı: “Məlum olduğu kimi, Tehran küçələrində belə, prezident Pezeşkianı görürük. O, tələblərlə etiraz aksiyalarına qoşulur, xəstəxanalara gedir. Bu, onun qətiyyətli və hakimiyyəti tam öz üzərinə götürəcəyi mesajıdır. Xalq da onu dəstəkləyir. Düşünürəm ki, Qərbdə ona tam hakimiyyətin verilməsinə tərəfdar ola bilər”.

Ekspert vurğuladı ki, M.Pezeşkian çox çalışdı ki, Qərblə normal münasibətlər qursun: “Amma, mühafizəkar dairələr, SEPAH buna imkan vermədi. İranın xilas yolu, hakimiyyəti tam şəkildə Pezeşkiana verməkdən keçir. Əgər SEPAH indiki siyasətini həyata keçirsə, sistem çökəcək. Türkiyə, Səudiyyə Ərəbistanı da hakimiyyətin ötürülməsi vacibliyini Tehrana çatdırıb”.

Ötən il seçkilərlə bağlı çıxılmaz duruma düşən dini hakimiyyət Azərbaycan türkü olan M.Pezeşkianın namizədliyinin üzərində dayanmaqla vəziyyətdən çıxa bildi. O da istisna olunmur ki, indiki daha təhlükəli durumda da sığınacaqlarda özlərini qoruyan rejim mənsubları Pezeşkianı qurban verməyi düşünə bilərlər. Bundan sonra nələr baş verəcək, gözləyək…Hər halda sülh əldə olunsa, İran rəsmiləri və dini cameə həm də prezident Pezeşkiana borcludurlar.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR