Onlayn ictimai-siyasi qəzet
İsrail-İran qarşıdurmasının 12 günlük hərbi-siyasi gərginliyi səngidikdən dərhal sonra, Təl-Əvivin ritorikası dəyişdi. Artıq "qələbə" ifadələri, "sülh" təşəbbüsləri və "İbrahim Paktı" kimi simvolik konseptlər ön plana çıxır. İsrail baş naziri Benyamin Netanyahu müharibədən sonra rəsmi videomüraciətində “Biz İranla qətiyyətlə döyüşdük və böyük qələbə qazandıq. Bu qələbə sülh sazişlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə yol açır”, dedi.
Lakin bu “sülh” hansı kontekstdə təqdim olunur? Və niyə hərbi əməliyyatların sonunda birdən-birə normallaşma, diplomatiya və əməkdaşlıq ritorikası aktivləşir?
2020-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın himayəsində imzalanan “İbrahim Sazişləri” Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeşin İsraillə diplomatik münasibətlər qurmasını təsbit etdi. Bu razılaşmaların arxasında duran geosiyasi dizayn isə təkcə İsrailin ərəb ölkələri ilə normallaşması deyildi. Əsl məqsəq İrana qarşı vahid bir regional cəbhə yaratmaq, eyni zamanda Körfəz monarxiyalarını Qərbin təhlükəsizlik arxitekturasına daha da sıx inteqrasiya etmək idi.
İndi isə Tel-Əvivdə yerləşdirilən və üzərində “İbrahim Paktı: Yeni Yaxın Şərqin vaxtıdır” yazılan lövhələr bu ssenarinin genişlədilməsi yönündə yeni mərhələnin başladığını göstərir. Maraqlıdır ki, bu reklam lövhəsində Livan, Suriya, Səudiyyə Ərəbistanı və Oman kimi İsraillə rəsmi əlaqələri olmayan ölkələrin liderləri də təsvir olunub.
Bu arada Fransa prezidenti Emmanuel Makronun xəbərdarlığı da diqqətdən yayınmamalıdır: ABŞ-ın zərbələri İranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa məcbur edə bilər. Bu isə Yaxın Şərqdə strateji balansı tamamilə poza, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə kimi regional gücləri də öz nüvə proqramlarını aktivləşdirməyə sövq edə bilər.
Bu fonda, CNN-in əldə etdiyi məlumatlar Tramp administrasiyasının Tehranı yenidən danışıqlar masasına çəkmək üçün 30 milyard dollarlıq güzəştlər paketi hazırladığını üzə çıxarır. Mülki nüvə proqramının dəstəklənməsi, sanksiyaların yüngülləşdirilməsi və İranın dondurulmuş aktivlərinə çıxış imkanı bu planın əsas elementləridir. Maraqlıdır ki, bu vəsaitlərin birbaşa ABŞ-dan yox, ərəb müttəfiqləri vasitəsilə ayrılması təklif edilir. Bu, həm də Trampın bölgədə “Ərəb pulları ilə diplomatiya” modelinə sadiq qaldığını göstərir.
Bütün bu proseslər, əslində, Yaxın Şərqdə köhnə nizamın süqutu və yeni geosiyasi xəritənin cızılması deməkdir. İsrail, ABŞ və bəzi Körfəz ölkələri bir cəbhədə toplaşır. İran isə bir tərəfdən nüvə təzyiqi, digər tərəfdən daxili sosial-iqtisadi böhranla üz-üzədir. Rusiya və Çinin də oyun masasında olması, vəziyyəti daha mürəkkəbləşdirir.
Bu yeni düzəndə sülh anlayışı real barış deyil, bölgəni yenidən dizayn etmək üçün istifadə edilən diplomatik maskadır. “İbrahim razılaşmaları” isə yalnız başlanğıcdır. Növbəti mərhələ Səudiyyə Ərəbistanının rəsmən İsraillə masaya oturması ola bilər. Lakin bu, eyni zamanda İranın daha da radikallaşması və regional asimmetrik münaqişələrin artması riskini də özü ilə gətirəcək.
Siyasi şərhçi Kamran Məmmədli yaranmış durumu Musavat.com-a şərh edərkən deyib ki, Qərb mediası ABŞ niyə birdən-birə İranın 30 milyard dollarını geri qaytarmaq istəyinə düşməsi sualına cavab axtarır:
"Bu vəsait İranın öz puludur. İllərdir sanksiyalar altında dondurulub. Neft satışından gələn, beynəlxalq banklarda saxlanılan, amma İran üçün əlçatan olmayan milyardlardır. İndi isə, ABŞ pulu qaytarmaq haqda danışır. ABŞ bunun əvəzində İranın oyun qaydalarını qəbul etməsini istəyir.
ABŞ İranın uran zənginləşdirmə proqramını dayandırmasını istəyir. Amma bu istək, “qarşılıqlı anlaşma” ilə yox, “məcburi şirinlik” kimi təqdim olunur. Yəni “pul veririk, sən də susursan”. İran isə çox gözəl anlayır ki, bu pulların qarşılığında sadəcə mərkəzdəki sentrifuqaları yox, həm də regional təsir zonalarını dayandırmaq istənilir".
Kamran Məmmədlinin sözlərinə görə, 30 milyard dollar sülh üçün yox, masaya çağırış üçün girovdur:
"ABŞ istəyir ki, İran JCPOA-2 modelinə razı olsun, amma bu dəfə daha sərt və birtərəfli şərtlərlə. Belə bir razılaşma Tehran üçün daxildə də, regionda da “ideoloji intihar” deməkdir. Ancaq ABŞ-da düşünürlər ki, pulun dili ideologiyanın dilini əvəz edə bilər.
ABŞ Livanda Hizbullah, İraqda Haşdi Şabi, Yəməndə husilər, Suriyada şiə müqavimətçiləri regionda balans pozucu hesab edir. 30 milyard dolların əsl dəyəri də İranın qeyri-rəsmi müharibə aparatlarını pulla ram etməkdən ibarətdir".
K.Məmmədli deyib ki, İran rejimi bu vəsaiti alarsa, xalqa yoxsa cəbhəyə yönəldəcəyi də bilinmir. Ən ziddiyyətli məqam isə budur ki, ABŞ bu vəsaitin öz büdcəsindən ayrılmasını istəmir:
"Tramp administrasiyası vaxtilə bu pulların ərəb tərəfdaşları Səudiyyə Ərəbistanı, BƏƏ və başqaları tərəfindən ödənilməsini planlaşdırıb. Bu, təkcə iqtisadi yükü bölüşdürmək deyil, həm də “bax, sizə təhlükə olan İranı sakitləşdiririk” mesajını ərəb monarxiyalarına satmaqdır. Bundan başqa ABŞ-da seçkilər yaxınlaşır. Tramp administrasiyası daxildə zəif görünür. Nə daxildə sosial birlik, nə də xaricdə ciddi uğur var. Belə bir vaxtda “İranla saziş” ritorikası onun üçün siyasi kosmetikadır. Amma reallıq başqadır. İran məsələsi pulla yox, ya sərt güc, ya da real qarşılıqlı etimadla həll oluna bilər.
Bu 30 milyard dollar, əslində, İrana qaytarılan sərvət yox, ABŞ-ın yenidən bölgəni dizayn etmək üçün istifadə etdiyi açardır. Bu açarla qapılar yox, qapılar arxasındakı liderlər dəyişdirilmək istənilir. Bu bir diplomatik rüşvətdir. Fərqi yalnız odur ki, pul geosiyasi müstəvidə əldən-ələ gəzir".
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ