İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-AB-Çin ticarət savaşı qlobal sistemi dağıdır: Trampın "Bermud üçbucağı" bəzi dövlətləri yox edəcək

ABŞ-Avropa Birliyi-Çin üçbucağındakı ticarət savaşları mövcud dünya düzəninin təməl strukturunu dağıdır, əvəzindəsə, yeni qlobal münasibətlər sisteminin konturlarını formalaşdırır... Dünyada geopolitik və geoiqtisadi dəyişikliklərin paralel şəkildə baş verməsi birmənalı olaraq, çoxqütblü, rəqabətçi və qeyri-müəyyənliklərlə dolu yeni qlobal dövrün başlanğıc əlamətidir...

Müasir dünyada son vaxtlar beynəlxalq münasibətlər sistemi fundamental dəyişikliklərə məruz qalmaqdadır. Ağ Evin qlobal hegemonluq iddiasının zəifləməsi, ABŞ-ın Çin və Avropa İttifaqı ilə ticarət qarşıdurmaları fonunda dünya nizamı çoxqütblü və qeyri-mərkəzləşmiş bir formata yönəlir. ABŞ-Avropa İttifaqı-Çin üçbucağında intensivləşən ticarət savaşlarının geopolitik və geoiqtisadi nəticələri qlobal güc balansının gələcək konturlarını müəyyənləşdirə bilər.

Çünki son illərdə dünya siyasətində və iqtisadiyyatında müşahidə olunan əsas tendensiyalardan biri də məhz ticarət müharibələrinin intensivləşməsi, bu qarşıdurmaların qlobal güc balansına birbaşa təsiridir. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin təmsil etdiyi superdövlətin qlobal dominantlıq dövrünün artıq başa çatdığını rəsmən etiraf etməsi yalnız ölkədaxili siyasi mesaj deyil. Bu, eyni zamanda, beynəlxalq münasibətlər sistemində dərin transformasiyanın olduqca ciddi göstəricisi də hesab oluna bilər.

Məsələ ondadır ki, ABŞ–Çin və ABŞ–Avropa Birliyi qarşıdurmaları əslində, məhz dünyanın artıq klassik hegemonluq modelindən çoxqütblü sistemə keçid mərhələsində olduğunun ilkin əlamətləridir. Çinlə ticarət qarşıdurmasında ABŞ-ın istədiyi nəticələrdən uzaq qalması Ağ Evi yeni geoiqtisadi strategiya formalaşdırmağa sövq edib. Yəni, ənənəvi hegemonluq anlayışından fərqli olaraq, ABŞ indi daha çox texnoloji liderlik və kooperativ diplomatiya vasitəsilə öz qlobal təsirini qorumağa çalışır.

 absh-tr-dollar-Снимок.PNG (733 KB)

Belə anlaşılır ki, Ağ Evin qlobal nizamın koordinasiyasındakı rolu önəmli olsa da, ABŞ artıq monopol mövqeyə malik olmayan bir aktor kimi çıxış etməyə üstünlük verir. Üstəlik, Tramp administrasiyasının Avropa Birliyinə qarşı 50 faizlik gömrük rüsumları tətbiq etməsi, transatlantik münasibətlərdə də gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Və bu baxımdan, ABŞ-ın atdığı addımların bumeranq effekti qaçılmaz xarakter daşıyır.

Maraqlıdır ki, Avropa Birliyi də Ağ Evin bu təzyiqlər qarşısında strateji avtonomiya anlayışını gündəmə gətirir, ABŞ-dan iqtisadi-siyasi asılılığını minimuma endirmək üçün Çinə və digər tərəfdaşlara yönəlik balanslaşdırılmış siyasət yürütməyə cəhd göstərir. Və ABŞ-ın təzyiqləri ucbatından başlamış bu proses Avropa Birliyinin müstəqil geoiqtisadi aktora çevrilməsi baxımından əhəmiyyətlidir.

Çinə gəldikdə isə rəsmi Pekin iqtisadi və texnoloji sahələrdə ABŞ-ın yaratdığı təzyiqlərə qarşı dayanıqlılığını artırır, xüsusilə də inkişaf etməkdə olan ölkələr arasında özünün dövlət mərkəzli iqtisadi modelini yaymağa başlayıb. Rəsmi Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü və Çin valyutasını beynəlxalq ödəniş vasitəsinə çevirmək cəhdləri bu siyasətin tərkib hissəsidir. Çin, ABŞ-ın təcrid siyasətinə qarşı çoxtərəfli əməkdaşlıq şəbəkələri yaratmaqla, qlobal liderlik uğrunda mübarizədə öz yerini daha da möhkəmləndirməyə çalışır.

absssjpg-1744030199.jpg (48 KB) 

Təbii ki, ABŞ, Avropa Birliyi və Çin arasında davam edən bu amansız rəqabət yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Yeni dünya düzəni formalaşarkən, NATO daxilində fikir ayrılıqlarına paralel olaraq, BRICS+, ŞƏT kimi platformaların güclənməyə başladığı müşahidə olunur. Digər tərəfdən, Hindistan, Türkiyə, Braziliya və s. kimi regional liderlər strateji çeviklik nümayiş etdirərək, yeni qlobal güc mərkəzlərinə çevrilməyə cəhd göstərirlər.

Onu da qeyd etmək lazımdır ki, bütün bu baş verənlər bir tərəfdən, olduqca ciddi geoiqtisadi təhlükələr, digər tərəfdən isə həm də genişmiqyaslı qlobal perspektivlər vəd edir. Belə ki, ticarət müharibələri nəticəsində qlobal iqtisadi sistemdə ciddi və qaçılmaz dəyişikliklər artıq baş verməkdədir. Onilliklər boyu uğur qazanmasına cəhd göstərilən qloballaşma prosesi artıq iflasa uğramaq üzrədir.

Məsələ ondadır ki, qlobal iqtisadi-ticari təchizat və hərbi-siyasi təhlükəsizlik "zəncirləri" parçalanaraq, qopmağa başlayıb. Yeni texnoloji "dəmir pərdələr"in yaranma prosesinin sürətləndiyi müşahidə olunur. Bundan sonra dövlətlər arasında ən primitiv səviyyədə texnoloji əməkdaşlıq örnəkləri belə, minimuma enə bilər. Belə olacağı təqdirdə, "texnoloji aclığa" məruz qoyulmuş ölkələrin sürətli çöküşü qaçılmaz olacaq. Və bu, indiyə qədər müasir texnologiyaları satın alan bəzi ölkələri daxili resurslar hesabına texnoloji kəşflərə maliyyə xərcləməyə məcbur buraxa bilər.

absh-ab-china-images.jpg (9 KB) 

Digər tərəfdən, Ağ Evin başlatdığı ticarət savaşları ABŞ dollarının qlobal hökmranlığını da böyük risk altına salacaq. Çünki ABŞ dollarına qarşı alternativ valyutaların - yuan, avro və s. - qlobal ödəniş vasitəsi kimi ön plana keçirilmə prosesi artıq intensiv xarakter daşıyır. Eyni zamanda, qlobal təşkilatların - ÜTT, BMT, G7 və s. - effektivliyini də ciddi şəkildə sarsıtmağa başlayıb. Və bütün bu proseslər ticarət savaşlarının lokal iqtisadi münaqişə olmaqdan uzaqlaşaraq, yeni qlobal düzəni müəyyən edəcək strateji qarşıdurmaya çevrildiyini göstərir.

ABŞ-Avropa Birliyi-Çin üçbucağındakı ticarət savaşları mövcud dünya düzəninin təməl strukturunu dağıdır, əvəzindəsə, yeni qlobal münasibətlər sisteminin konturlarını formalaşdırır. Dünyada geopolitik və geoiqtisadi dəyişikliklərin paralel şəkildə baş verməsi birmənalı olaraq, çoxqütblü, rəqabətçi və qeyri-müəyyənliklərlə dolu yeni dövrün başlanğıcına işarə edir. Yeni dünya düzəni artıq yalnız iqtisadi güc deyil, texnologiya, enerji təhlükəsizliyi və strateji diplomatiya vasitəsilə formalaşır.

Belə anlaşılır ki, Tramp adminstrasiyasının ABŞ-Avopa Birliyi-Çin üçbucağında başlatdığı ticarət savaşları qlobal iqtisadi-siyasi sistemi dağıdır. Bu, müasir dünya düzəni üçün "Bermud üçbucağı" effektini verməkdədir. Bu baxımdan, dünyada yeni qlobal güc mərkəzlərinin peyda olacağı qətiyyən şübhə doğurmur. Və eyni zamanda, iqtisadi-siyasi immuniteti zəif olan bəzi dövlətlərin də Trampın qurduğu yeni "Bermud üçbucağı"nda batıb, yoxa çıxa biləcəyi də istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR