İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL təyyarəsinin qəzası: Rusiya istintaqı niyə ləngidir?

Bakı-Qroznı reysini həyata keçirməli olan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından 6 aya yaxın vaxt keçib. Rusiya tərəfi qəzanın araşdırılması istiqamətində konkret addımlar atmaq əvəzinə məsələni bilərəkdən uzadır.

Hadisənin araşdırılması zamanı beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun şəkildə əməkdaşlıq gözlənilsə də, əvəzində Rusiya tərəfindən müxtəlif bürokratik əngəllər yaradılır. Bu isə istintaqın obyektiv və şəffaf aparılmasını açıq şəkildə əngəlləyir.

Hadisənin baş verdiyi ilk gündən bəri Azərbaycan tərəfi istintaqın sürətli, hərtərəfli və şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb. Lakin aradan keçən vaxt göstərir ki, Rusiya hadisənin istintaqını ləngitməklə məsuliyyətin üzərinə yönəlməsinin qarşısını almağa və ya qəzanın səbəblərini ört-basdır etməyə çalışır.

Bəs Rusiya istintaqı niyə ləngidir?

Politoloq Zeynal Əmrəliyev məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bildirib:

“Bu məsələ onu göstərir ki, Rusiya tərəfi Azərbaycana məxsus sərnişin təyyarəsinə hücum faktını ya ört-basdır etməyə çalışan, ya da bu hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını istəməyən müəyyən dairələr mövcuddur. Bu qüvvələr istintaq prosesinin şəffaf və obyektiv aparılmasına mane olmaq, onun süni şəkildə ləngiməsinə və nəticədə bu faciənin ictimai yaddaşdan silinməsinə nail olmağa çalışırlar.

ZEYNAL .png (200 KB)

Belə yanaşma həm beynəlxalq hüquq baxımından, həm də iki dövlət arasında münasibətlər kontekstində ciddi narahatlıq doğurur. Lakin rəsmi Bakı bu məsələnin diqqətdən yayınmasına yol vermək niyyətində deyil.

Azərbaycan tərəfi ölkənin hava məkanında baş vermiş bu dəhşətli hadisənin hərtərəfli araşdırılması, günahkarların müəyyən olunaraq məsuliyyətə cəlb olunması və ictimaiyyətin məlumatlandırılması istiqamətində prinsipial mövqe sərgiləyir. Bu da tamamilə məntiqlidir, çünki burada təkcə Azərbaycan vətəndaşlarının həyatı deyil, eyni zamanda ölkənin milli hava daşıyıcısının nüfuzu və təhlükəsizliyi məsələsi gündəmdədir. Azərbaycan Hava Yollarına dəyən bu zərbə həm iqtisadi, həm də reputasiya baxımından ciddi nəticələrə yol aça bilər.

Bu kontekstdə Rusiyanın məsələyə münasibəti, yəni ziddiyyətli açıqlamalar, məsuliyyətin üzərindən atılması cəhdləri və Azərbaycanın haqlı mövqeyinə qarşı yönələn qərəzli bəyanatlar xoş olmayan bir yanaşma kimi dəyərləndirilməlidir. Son dövrlərdə Rusiya siyasətçiləri, Dövlət Dumasının bəzi üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən səsləndirilən anti-Azərbaycan ritorikası vəziyyəti daha da gərginləşdirir. Əvəzində nə baş verir? Bu cür açıqlamalara cavab verən Azərbaycan rəsmiləri hədəfə çevrilir, təzyiqlərə məruz qalır. Bunun konkret nümunəsi olaraq, Zatulinə və Valuyevə cavab verən Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Moskvaya səfəri zamanı Rusiya mühafizə orqanları tərəfindən saxlanılması və ölkədən deportasiya olunması göstərilə bilər.

Bu isə artıq təkcə siyasi jest deyil, həm də diplomatik etika qaydalarının kobud şəkildə pozulmasıdır. Rusiya kimi bir ölkənin bu cür davranış nümayiş etdirməsi ikitərəfli münasibətlərdə etimadın sarsılmasına gətirib çıxara bilər.

Bu, əslində diplomatik etikasızlıqdır və faktiki olaraq onu göstərir ki, rəsmi Moskva bu məsələlərdə ciddi şəkildə yanlışlığa yol verir. Yəni Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mənfi təsir göstərəcək amildir”.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.

Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR