Onlayn ictimai-siyasi qəzet
"Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) hesabatına əsasən, hər 100 min əhaliyə düşən hakim sayı Azərbaycanda orta Avropa göstəricisindən üç dəfə aşağıdır və Avropada ən aşağı göstəricilərlə xarakterizə olunur".
AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov iyunun 18-də Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, bu rəqəm hazırda təxminən 6.3-dür, Avropada isə 17.6-dır.
Çingiz Əsgərovun vurğulamasına görə, son 3 ildə 1600-dən çox namizəd seçim prosesində iştirak edib, onlardan 210-u seçilərək yüksək hakim vəzifəsinə təyin olunub: "Yeni təyin edilmiş hakimlərin əksəriyyəti 35 yaşa qədər olan şəxslərdir. Onların təxminən 50 faizini qadınlar təşkil edir. İntensiv seçim nəticəsində cari ilin sonunda hakimlərimizin sayının 700-ə, növbəti mərhələdə isə 800-ə çatdırılması nəzərdə tutulur".
Hazırda ölkədə təqribən 650 hakim fəaliyyət göstərir.
Bu ilin əvvəlində ölkədə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə qaldırılıb. Azərbaycanda dövlət qulluğunda qalmaqla bağlı yaş həddi 65-dir. Hətta parlamentdə müzakirələr zamanı təklif səslənib ki, hakimlər Azərbaycanda ömürlük təyin olunsunlar. Lakin təklifi çoxluq dəstəkləməyib.
Bəs hakimlərin sayının az olması ədalət mühakiməsinin keçirilməsinə necə təsir edir?
Hakimlərin sayının artırılması ədalət mühakiməsinin keçirilməsinə necə təsir edəcək?
Azərbaycanda hakim korpusunun gəncləşməsi ədalət mühakiməsinin həyata keçirilməsini təmin edəcəkmi?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan Avropa Şurası ölkələri arasında hər 100 min nəfərə düşən hakim sayına görə ən aşağı göstəriciyə malikdir. Bu, konkret hüquqi və praktiki nəticələrə səbəb olur: “Azərbaycanda işlərə baxılmasının yubanması və məhkəmə çəkişmələrinin uzanmasının başlıca səbəbi elə hakim çatışmamazlığıdır. Hakimlərin sayının azlığı onların iş yükünü artırır. Bir hakimin il ərzində baxdığı işlərin sayı Avropa ölkələrindəki həmkarlarından 2-3 dəfə çox olur. Bu isə məhkəmə icraatının gecikməsi, işlərin baxılma müddətinin uzanması ilə nəticələnir. Vətəndaşların və sahibkarların ədalətə çıxış imkanı çətinləşir, hüquqların effektiv müdafiəsi gecikir. Hakimin böyük iş yükü səbəbindən işlərə dərindən yanaşmaq, dəlilləri tam araşdırmaq, tərəflərin arqumentlərini geniş müzakirə etmək imkanı azalır, bir çox hallarda mümkünsüz hala gəlir. Bu isə səhv qərarların verilməsi riskini artırır və məhkəmə qərarlarının ictimai etimadını azaldır”.
Natiq Ələsgərov deyib ki, hakim çatışmazlığı ümumilikdə vətəndaşların məhkəmə sisteminə etimadının zəifləməsinə yol açır: “Ədalətin vaxtında və şəffaf həyata keçirilməməsi insanlarda “məhkəməyə getməyin mənası yoxdur” kimi yanlış düşüncəsini formalaşdırır. Bu da vasitəçi axtarmaq, rüşvətlə məsələni həll etmək meyllərini artırır. Bu baxımdan hakimlərin sayının artırılması bir sıra müsbət təsirlərlə müşayiət oluna bilər. Ən azı işlərin icraat müddəti qısalacaq. Məhkəmələrin yüklənməsi azalacaq, işlərə baxılma sürəti artacaq. Bu, xüsusən inzibati və mülki işlər üzrə mübahisələrin həllində biznes və vətəndaşların maraqlarına xidmət edəcək. Az yüklənmiş hakim daha çox vaxtını hüquqi məsələlərin mahiyyətinə ayıra, sübutların və tərəflərin arqumentlərini dərin analiz edə bilər. Bu isə ədalətli və əsaslandırılmış qərarların sayını artıra bilər”.
Natiq Ələsgərov deyib ki, vətəndaş öz işinə tez və ədalətli baxıldığını gördükdə məhkəmə sisteminə olan inam artacaq. Azərbaycanda hakim korpusunun gəncləşməsi mühüm tendensiyadır: “Bu gün Azərbaycanda ədalət mühakiməsinin gələcəyi ilə bağlı diqqətçəkən bir proses gedir. Ölkə məhkəmə sistemində eyni anda iki ziddiyyətli, amma biri digərini tamamlayan tendensiya yaşanır. Bir tərəfdən hakim korpusu kütləvi şəkildə gəncləşdirilir, digər tərəfdən isə hakimlərin yaş həddi artırılır. Əlbəttə ki, hakimlərin gəncləşdirilməsi zərurəti danılmazdır. Bu gün müasir hüquqi düşüncə, beynəlxalq insan hüquqları standartları, texnoloji biliklər gənc nəsildə daha güclüdür. Onlar elektron məhkəmə sistemlərində işləməyə, süni intellekt alətlərindən istifadə etməyə daha meyllidirlər. Məhz bu gənc nəslin fəaliyyəti ilə Azərbaycanın məhkəmə idarəçiliyində beynəlxalq standartlara yaxınlaşmaq şansı yaranıb. Amma burada risklər də var. Gənc hakimlərin çoxluğu təcrübənin azalması deməkdir. Hər bir işin arxasında insan taleyi, cəmiyyətin balansı, iqtisadi maraqlar dayanır. Bunları dərk etmək, tərəflərin psixologiyasını anlamaq, çətin qərarların məsuliyyətini daşımaq üçün illərin təcrübəsi lazımdır. Gənclər üçün bu təcrübə yalnız zamanla qazanılır. Bu gün yaşlı hakimlərin sayı kəskin azalarsa, təcrübə boşluğu yarana bilər. Məncə, hakimlərin yaş həddinin 75-ə qaldırılması da məhz bu məqsədə xidmət edir. Beləcə, təcrübəli nəsil bir müddət də sistemdə qalır, gənclərə bilik və təcrübə ötürür”.
Natiq Ələsgərov deyib ki, iki nəsil hakimlərin əməkdaşlığı uğurlu alınsa, Azərbaycan məhkəmə sistemi üçün yeni dövr başlaya bilər: “Sürətli və çevik, düşünülmüş və təcrübəli qərarlar qəbul edilər. Yeni texnologiyalar, elektron məhkəmə sistemləri, beynəlxalq hüquq normaları ilə yanaşı, daxili hüquqi ənənələr də qorunar. Amma balans pozularsa, sistemdə ciddi çətinliklər yarana bilər. Gənclər təcrübəsizlikdən səhvlərə yol verə bilər, yaşlılar isə yeniliklərə müqavimət göstərər. Bu isə məhkəmə qərarlarının keyfiyyətinə, işlərin icraat müddətinə, vətəndaşların inamına zərbə vurar. Hakimlərin gəncləşməsi və yaşlı nəslin sistemdə saxlanılması arasında yaradılan bu balans yalnız statistik göstəricilərdə deyil, məhkəmə zallarında konkret işlərdə, qərarlarda öz təsdiqini tapmalıdır. Əks halda, sadəcə forma və rəqəm olaraq qalacaq. Çünki cəmiyyət üçün əsas olan məhkəmənin çevikliyi və müasirliyi ilə yanaşı, ədalətin özü, onun reallıqda təmin olunmasıdır”.
Natiq Ələsgərov deyib ki, məhkəmə sistemindəki "nəsil dəyişməsi" prosesi Azərbaycanda hüquqi dövlət quruculuğunun taleyini həll edə biləcək əsas amillərdən birinə çevrilə bilər: “Bu prosesin təsirləri birmənalı deyil, lakin əsas müsbət və riskli məqamlar da var. Yeni düşüncə və yanaşmalar, daha çevik, yenilikçi metodlardan istifadə, beynəlxalq hüquqi yanaşmalar ortaya çıxacaq. Gənc hakimlər köhnəlmiş qeyri-rəsmi münasibətlər sistemindən kənarda olduqları üçün daha şəffaf və obyektiv qərar verməyə meyllidirlər. Yeni hakimlərin təxminən 50 faizinin qadın olması məhkəmə sisteminin sosial müxtəlifliyini artırır, müxtəlif təbəqələrin maraqlarının müdafiəsinə şərait yaradır”.
Natiq Ələsgərov potensial riskləri də qeyd edib: Gənclərin çoxluğu təcrübənin azalması deməkdir. Çətin və presedent yaradan işlərdə bu faktor öz mənfi təsirini göstərə bilər. Gənc hakimlər bəzən ictimai, siyasi və şəxsi təzyiqlərə qarşı daha zəif ola bilərlər. Azərbaycanda hakimlərin sayının artırılması və korpusun gəncləşməsi ədalət mühakiməsinin sürətinə və keyfiyyətinə müsbət təsir edəcək. Lakin bu proses paralel şəkildə davamlı təlim, peşəkar inkişaf, etika və şəffaflıq tədbirləri ilə müşayiət olunmalıdır ki, təcrübə çatışmazlığı və digər risklər aradan qaldırılsın”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ