Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ictimai fikir məkanında dərin təhlilləri və maraqlı düşüncələri ilə tanınan Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafanın sayca 29-cu kitabı gün üzü görüb. – “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” adlanan yeni kitab “AVE Print”də nəşr olunub. Elmi-publisistik üslubda yazılmış əsərin redaktoru Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalıdır.
Əsər Azərbaycanın və ümumilikdə Türk dünyasının keçmişdən bu günə doğru uzanan ideoloji, tarixi və mədəni transformasiyalarını analitik və bəzən polemik ruhda şərh edir. Müəllif beş fundamental ritorik sual çevrəsində qurduğu düşüncə sistemində oxucunu sadəcə keçmişlə deyil, gələcəklə də üz-üzə qoyur:
-Ey Türk, sənin özünü tanımağınla, başqalarının səni tanıması arasında hansı fərqlər və uyğunsuzluqlar var?
-Ey Türk, sən keçmişə dönürsən, yoxsa gələcəyə gedirsən?
-Ey Türk, sən dəyişməz inancından bilgisiz həzz almaq istəyirsən, yoxsa bilginin dəyişkən inancı ilə irəliləmək istəyirsən?
-Ey Türk, qaranlıq keçmişdən aydınlıq tarixə keçdiyin məntəqəni xatırlayırsanmı?
-Ey Türk, sənin üçün hansı seçim daha önəmlidir: ideoloji məmnunluq, yoxsa gələcəyin üçün faydalı niyyətləri addım-addım gerçəkləşdirmək?
Kitabın strukturunda qaranlıqdan çıxış, zehni sekulyarizm, ideoloji miflərə qarşı elmi-fəlsəfi baxış, milli kimliyin təkamülü, post-müstəmləkə şüurunun tənqidi və gələcəyə yönəlmiş türkçü dövlət modelinin konturları kimi əsas mövzular yer alır. Müəllif tarix, fəlsəfə, din, sosiologiya və politologiya kontekstində geniş qaynaqlara istinad edir, Cəmaləddin Əfqani, Yusuf Akçura, Ziya Göyalp, Atatürk, Rəsulzadə, Hegel, Orteqa Qasset, Vill Dürant, Miçio Kaku və digər önəmli şəxsiyyətlərin baxışlarını milli şüurun transformasiyası baxımından qarşılaşdırır.
Əsər təkcə tarixə baxış deyil, həm də gələcəyin aydın zəkayla qurulması zərurətinin manifesti kimi yazılıb. Kitab ictimaiyyət, akademik dairələr və gənc araşdırmaçılar üçün faydalı ideya və təhlil qaynaqlarından biri ola bilər.
Yeni kitab axtarışda olan düşüncə yiyələri üçün həm təhrikedici, həm də maarifləndirici bir vəsaitdir.
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ