Onlayn ictimai-siyasi qəzet
Vurulan sərnişin təyyarəmizlə bağlı özünü ləyaqətli aparmaması Rusiyaya ucuz başa gəlmədi. Böyük ehtimalla, Kreml rəhbəri Azərbaycanı da “banan dövləti” saydığı üçün zənn edirdi ki, məsələ tezliklə unudulacaq. Belə olmadı. Nəinki unudulmadı, Bakının prinsipial mövqeyi Moskvanı uğursuz vəziyyətə qoydu, Rusiyanı Azərbaycan kimi qiymətli və strateji bir tərəfdaşdan faktiki məhrum etdi.
Rusiyada bitməyən isterik anti-Azərbaycan təbliğatı fonunda isə tanınmış politoloq Sergey Markov Kremlin nəzarətindəki ultra-millətçi “Tsarqrad” telekanalının efirində AZAL-a məxsus təyyarəni Rusiyanın vurduğunu etiraf edib. Bildirib ki, Bakı və Moskva arasında münaqişə məhz buna görə alovlanıb.
“Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi təyyarədir. Bu təyyarəni biz vurmuşuq və bu, tamamilə aydındır. Təyyarəni vurduğumuz dəqiq məlumdur. Azərbaycan da bilir ki, Rusiya hakimiyyəti təyyarəni onların vurduğunu dəqiq bilir”, - Markov qeyd edib.
Politoloq həmçinin deyib: “Bakı İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən təsadüfən vurulan Rusiya hərbi helikopteri ilə bağlı insidenti xatırladır və eyni qaydada Moskvanın üzr istəməsini tələb edir. Həmin insident vaxtında və uğurla yoluna qoyuldu və ölkələr arasında münasibətlərə təsir etmədi” (O zaman Azərbaycan rəhbərliyi ölən pilotlara və vertolyota görə təzminat ödəmiş, dərhal Rusiyadan, Putindən üzrxahlıq eləmişdi).
Məlumdur ki, Azərbaycana münasibətdə azsaylı obyektiv rus ekspertlərindən olan Markov az öncə əslən bakılı Mixail Qusmanla birgə Prezident İlham Əliyevin qatıldığı Xankəndidəki forumunda iştirak edib. Buna görə hər ikisi rus şovinist anti-Azərbaycan ünsürlərin hədəfinə çevrilib. Artıq Qusman TASS-dakı yüksək vəzifəsindən çıxarılıb. Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov isə onun dövlət mükafatlarından da məhrum edilməsini istəyib. Ola bilsin Markovu da hansısa cəza gözləsin. Bu yandan da təyyarə etirafı...
Markovun Rusiaydakı qatı millətçi və şovinist telekanalda bu həqiqətləri söyləməsinə və Azərbaycanın haqlı mövqeyinin ifadə olunmasına imkan verilməsi kifayət qədər maraqlı və qeyri-adi görünür.
Ancaq məsələ bununla da bitmir. Daha sonra elə həmin kanalın efirində onun aparıcı jurnalisti, kanalın xəbərlər blokunun aparıcısı Yuri Pronko Azərbaycanın və Prezident İlham Əliyevin ünvanına xeyli təriflər söyləyib. O deyib ki, sonuncu dəfə Bakıda bu ilin yanvarında səfərdə olub və əlavə edib ki, “ruslar özlərini orada çox komfortlu hiss edir”. Bakını sevdiyini deyən Pronko Azərbaycan paytaxtında rus dilinin geniş yayıldığını, hətta kinoteatrlarda filmlərin əsasən rus dilində nümayiş etdirildiyini bildirib. O deyib ki, AZAL təyyarəsinin vurulması və Yekaterinburqdakı hadisələrdən sonra yaranan gərginlik onu çox məyus edib. Pronko qeyd edib ki, onun kitabxanasında Heydər Əliyevə həsr edilən kitablar var və sair. Bir sözlə, qatı şovinist və anti-Azərbaycan fəaliyyəti ilə tanınan “Tsarqrad” kanalındakı bu dəyişiklik diqqət cəlb etməyə bilməz.
Bəs Putin Markovu eşidəcəkmi? Rusiya lideri gec də olsa, yanlışını düzəltsə, iki ölkə münasibətlərinin əvvəlki məcraya qayıtması mümkündürmü, yoxsa “Bakı-Moskva qatarı” həmişəlik gedib?
Ramil Məmmədli
“Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli xatırlatdı ki, Azərbaycan vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Onun sözlərinə görə, Rusiya problemin bu səviyyədə uzanmasını istəmirsə, addım ata bilər: “Ancaq hadisədən aylar keçir və Moskvanın mövqeyində dəyişiklik müşahidə olunmur. Ona görə də Azərbaycan beynəlxalq instansiyalarda haqqını bərpa etməyə çalışacaq. Burada söhbət mülki təyyarənin vurulmasından və ona eniş üçün şərait yaradılmamasından gedir. Əgər hərbi təyyarə olsaydı, müharibə aparan ölkənin yanlışını qismən başa düşmək olardı. Təbii ki, rusiyalı mütəxəssislər sərnişin təyyarəsi ilə hərbi təyinatlı hava gəmisinin fərqini asanlıqla ayırd edə bilirlər. Ona görə də bəzi təhlilçilər təyyarənin qəsdən vurulduğu iddialarını irəli sürürlər. Buna baxmayaraq, Rusiya dövləti iki tələbi yerinə yetirməklə həm Azərbaycanla əlaqələri yoluna qoya bilər, həm də iş beynəlxalq məhkəməyə getməz. Burada iki haqlı gözlənti var - zərər çəkənlərə kompensasiya verilməsi və cinayəti törədənlərin həbs olunması. Artıq "qara qutu" da açılıb, vurulduğu təsdiqlənib. Rusiya İstintaq Komitəsi isə işi uzadır ki, yaddan çıxsın".
Hərbi ekspertə görə, hadisə baş verən gün Rusiyanın hava hücumundan müdafiə sistemləri dronları zərərsizləşdirirdisə, sərnişin təyyarəsi olduğunu necə görməyə bilərdi: “Ona görə gülünc versiyadır və Rusiya Azərbaycanı özünə dost, müttəfiq ölkə hesab edirsə, bu istiqamətdə addımlar atmalıdır. Görünən budur ki, Moskvadan verilən rəsmi bəyanatlarda münasibətləri korlamamaq istəyi sezilsə də, hərəkətlərdə bunu görə bilmirik”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə dedi ki, beynəlxalq məhkəməyə müraciət etmək Azərbaycanın haqqıdır. Onun fikrincə, Rusiya indiyə qədər hər hansı addım atmayıbsa, deməli, həm saymazlıq edir, həm özünü təkəbbürlü aparır, həm də təyyarənin vurulması ilə yanaşı münasibətlərdə ciddi siyasi problemlər var: “Hazırda böhranın həlli yolları görünsə də, Kreml geridönüş etmək niyyətində deyil. Əksinə, Rusiyanın media rusları, siyasətçiləri hibrid müharibə aparırlar. Yəni burada təyyarənin vurulmasından savayı məsələlər var. Məncə, Rusiya Azərbaycanın xarici siyasətindən narazı ola bilər. Çünki Ukraynaya qaz nəqli, Suriya prosesində iştirak, Türkiyə ilə güclənən əlaqələr, ABŞ və Qərblə münasibətlərin gedişatı Moskvanın ürəyincə deyil. Kreml Azərbaycanı öz təsir dairəsində görmək istəyir. Ona görə vurulan təyyarəmizlə bağlı hüquqi addımların atılması zərurəti olduğu qədər siyasi problemlər də mövcuddur”.
Hüquq müdafiəçisi hələ də gec olmadığını, Rusiyanın bir jestinin münasibətləri sahmana sala biləcəyini vurğuladı. Onun fikrincə, Moskva Bakıya bərabərhüquqlu tərəfdaş kimi baxmağı nəhayət ki, bacarmalıdır.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ