Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) anti-Azərbaycan mövqeyinin davamlı xarakter alması və ölkəmizə qarşı əsassız qərarların qəbulu münasibətləri qırılma həddinədək gətirib və burada birmənalı şəkildə məsuliyyət Strasburqun adına yazılmalıdır. Son günlər ölkəmizin ədalətli mövqeyinin bütün paytaxt və təşkilatlarda qəbul olunması, dövlət başçımıza böyük etimad Avropa Şurasına da sirayət etməkdədir.
Məlum olduğu kimi, sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. Avropa Şurasının Baş katibi Ermənistanla Azərbaycan arasında əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident təbriklərə görə minnətdarlığını bildirib.
Rəsmi məlumata görə, söhbət zamanı Vaşinqton görüşündə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunulub. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edilib.
Lakin bu, həmin Avropa Şurasıdır ki, onun Parlament Assambleyası səsvermə hüququmuza sanksiya qoyub. Buna da “etnik təmizləmə”, “artsaxa hücum” kimi absurd ittihamlarla siyasi don geyindirib. Üstəlik, ötən həftə AŞ PA-nın plenar iclasında müxalifətdən deputat Hayk Mamidjanyan Azərbaycana qarşı əsassız çıxışlar edib. O, təşkilat rəhbərliyinə və üzv ölkələrin nümayəndələrinə müraciət edib. Hayk Mamidjanyan Bakıda saxlanıldığı iddia olunan “erməni əsirlərə” baş çəkməyi xahiş edib. Aydın məsələdir ki, ermənilərin Avropa tribunalarında, xüsusən də Azərbaycanın təmsilçiliyinin dayandırıldığı AŞ PA-da səsləndirdikləri iddiaların heç bir hüquqi əsası yoxdur. Sadəcə, məntiqə söykənən suallar var: AŞ Baş katibi Azərbaycan və Ermənistanı sülh razılaşmasına görə təbrik edirsə, qurumun ölkəmizə qarşı qərəzli münasibətinə nə üçün son qoyulmur? Bizim səsvermə mandatımız niyə bərpa olunmur?
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Şurasının Baş katibi Alen Bersenin Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında baş tutan görüşü Cənubi Qafqazda yeni siyasi reallıqların beynəlxalq miqyasda tanınması baxımından mühüm əhəmiyyət kəsb edir: “Görüşün məzmunu və tərəflərin verdiyi mesajlar göstərir ki, Avropa Şurası da artıq regionda sülhün və sabitliyin yalnız Azərbaycanın prinsipial mövqeyi və iradəsi sayəsində mümkün olduğunu qəbul edir. Alen Bersenin Prezident İlham Əliyevi Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunmuş nailiyyətlərə görə təbrik etməsi əslində Avropa institutlarının son illərdə Azərbaycana qarşı irəli sürdüyü əsassız iddiaların və birtərəfli yanaşmaların iflas etdiyini göstərir”.
E.Mirzəbəyli vurğuladı ki, Vaşinqtonda ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması, iki ölkə arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanması və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsi regionda yeni siyasi səhifənin başlanğıcıdır: “Bu sənəd ilk dəfə olaraq Qafqazda real və davamlı sülhün əsasını qoyur, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik monopoliyasına son qoyur. Ən əsası isə bu prosesdə Azərbaycan öz suveren iradəsini və müstəqil diplomatik xəttini qorumaqla beynəlxalq hüququn real icrasını təmin etmiş olur. Lakin burada paradoksal məqam ondan ibarətdir ki, məhz həmin Avropa Şurasının Baş katibi sülh razılaşmasını təqdir etsə də, təşkilatın Parlament Assambleyası Azərbaycanı əsassız və siyasi motivli yanaşmalarını davam etdirir”.
Millət vəkili bir məqama xüsusi diqqət çəkərək dedi ki, Avropa Şurasının bəzi institutları hələ də köhnə geosiyasi stereotiplərin və erməni lobbisinin təsirindən tam qurtula bilməyib: “Əslində AŞ PA-nın belə qərarları nə beynəlxalq hüquqa, nə də Avropa dəyərlərinə sığır. Bu, Azərbaycana qarşı qərəzin və ikili standartların təsdiqidir. Əgər Avropa Şurası doğrudan da regionda sülhü dəstəkləyirsə, əgər baş katib səmimi şəkildə Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırsa, o zaman sual yaranır: niyə təşkilatın özündə Azərbaycan nümayəndələrinin hüquqları bərpa olunmur? Nəyə görə Avropa tribunasını Ermənistandakı revanşist dairələrin, Hayk Mamidjanyan kimi populist siyasətçilərin yalanları və manipulyasiyaları üçün açıq saxlayırlar? Ötən həftə AŞPA-nın plenar iclasında həmin deputatın səsləndirdiyi ittihamlar, ”erməni əsirləri" ilə bağlı dezinformasiyalar bir daha göstərdi ki, bu tribuna real faktların deyil, siyasi təxribatların səsləndirildiyi platformaya çevrilib".
E.Mirzəbəyli rəsmi Bakının mövqeyinin aydın və şəffaf olmasına diqqət çəkdi: “Azərbaycan artıq sübut edib ki, beynəlxalq hüququn prinsiplərinə əməl edən, ərazi bütövlüyünü bərpa etmiş, multilateral diplomatiyada öz sözünü deyən dövlətdir. Bu ölkə Avropanın enerji təhlükəsizliyinin təminatçısı, miqrasiya və kommunikasiya siyasətində mühüm tərəfdaş kimi strateji rola malikdir. Belə bir dövlətin səs hüququndan məhrum edilməsi yalnız Avropa Şurasının öz nüfuzuna zərbə vurur. Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, Avropanın dəyərlər sisteminin içində yaranmış ziddiyyətin göstəricisidir”. Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycanın mövqeyi və addımları göstərir ki, sülh prosesi regionun daxilində, qonşu xalqların birgə iradəsi əsasında mümkün olub: “Vaşinqton Bəyannaməsi, Brüssel və Moskva formatları, Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın konstruktiv və məsuliyyətli siyasətinin nəticəsidir. Avropa institutlarının isə bu reallığı qəbul edib, qərəzli münasibətə son verməsi, siyasi manipulyasiyaları kənara qoyması vaxtıdır. Azərbaycanın səsvermə mandatının bərpası təkcə ədalətin bərpası deyil, həm də Avropa Şurasının sülh və demokratiya prinsiplərinə sadiqliyinin sınağı olacaq”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AŞ rəhbərliyinin Azərbaycan Prezidenti ilə görüşə maraq göstərməsini səbəbsiz saymır: “Avropa Şurasının Baş katibi Alen Bersenin Nyu-Yorkda Prezident İlham Əliyevlə görüşü ondan xəbər verir ki, təşkilat Azərbaycanla dialoqun bərpa edilməsini və Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının iclaslarına qatılmasını istəyir. Ancaq bunun üçün Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa edilməlidir. Bu baş verməyincə, Azərbaycan nümayəndə heyətinin AŞ PA-nın iclaslarına qatılması mümkün deyil”.
E.Şahinoğlu təkcə erməni deputatların deyil, Ermənistan rəhbərliyinin də AŞ PA tribunasında etdiyi çıxışı xatırlatdı: “Ermənistanın baş naziri Nikol Paşinyan AŞ PA-da son çıxışında Azərbaycanla sülh danışıqları barədə məlumat verdi. Paşinyan çıxışında Azərbaycan əleyhinə fikir bildirməməyə çalışırdı. Misal üçün, avropalı deputatlardan biri ona ermənilərin Qarabağa qaydışı barədə təxribatçı sual verdi. Yəqin avropalı deputat suala cavab olaraq gözləyirdi ki, Paşinyan Azərbaycanı ittiham edəcək. O isə ermənilərin Qarabağa qayıdışınım əleyhinə olduğunu söylədi və bunu məntiqini izah etdi. Buna baxmayaraq, AŞ PA-da təmsil olunan Ermənistan nümayəndə heyəti içərisində radikal müxalifətin nümayəndələri də var. Onlar isə Azərbaycan nümayəndə heyətinin AŞ PA-da yoxluğundan istifadə edərək ölkəmiz əleyhinə təxribatçı fikirlər söylədilər”. Analitik əlavə etdi ki, bu mənada Azərbaycan nümayəndə heyətinin AŞ PA-da yoxluğu erməni radikallara təxribatçı fikirlərini səsləndirmək üçün fürsət yaradıb: “Buna görə də Bakı ilə Strasburq arasında dialoqun davam etdirilməsinə və Azərbaycan nümayəndə heyətinin AŞ PA-da səsvermə hüququnun geri qaytarılmasına ehtiyac var. Bunun üçün Azərbaycanda müxtəlif sahələrdə islahatların genişləndirilməsi akualdır. Bu, ilk növbədə bizim özümüzə lazımdır”.
Beləliklə, indi söz AŞ PA-nındır. Bir məqamı unutmamaq lazımdır ki, Nyu-Yorkda Azərbaycan Prezidenti ilə keçirilən görüşlər istisnasız olaraq qarşı tərəfin müraciəti əsasında baş tutub. Bu mənada AŞ Baş katibinin də cənab İlham Əliyevlə görüş üçün şəxsən müraciət etdiyi şübhəsizdir. Əgər görüş müraciəti edilibsə, normal atmosferdə keçən danışıqlarda Azərbaycanın ədalətli mövqeyi qəbul olunubsa, həmçinin dövlət başçımızın təklif etdiyi sülh təşəbbüsünün irəli aparılmasından məmnunluq ifadə olunub və təbriklər səslənibsə, deməli, AŞ PA-dakılar da bu rəyi nəzərə almalı, ən azı baş katibin mövqeyinə hörmətlə yanaşıb, qərəzə, ikili standartlara son verməlidirlər. Hətta Nikol Paşinyan da bu gün ölkəsindəki radikalların mövqeyini qəbul etmədiyi halda, AŞ PA deputatlarının anti-Azərbaycan ritorikası anormallıqdır. İndiki situasiyada Strasburqun Bakı ilə barışıq yolunda olduğu haqda nikbin yanaşma sərgiləyənlər də tapıla bilər. Maraqlıdır, Azərbaycan Prezidenti ilə görüşən Alen Berse avropalı deputatların qərəzli mövqeyini dayandıracaqmı?..
E.PAŞASOY,
“Yeni Müsavat”
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ