Onlayn ictimai-siyasi qəzet
Suriyanın yeni hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkəti ilə Tartus limanında çoxfunksiyalı terminalın inkişafı, idarə edilməsi və istismarı üçün 800 milyon dollar dəyərində anlaşma memorandumu imzalayıb.
Musavat.com xəbər verir ki, məlumatı Suriyanın dövlət xəbər agentliyi SANA yayıb.
Qeyd edək ki, Tartus Suriyanın Aralıq dənizi sahilində yerləşən ikinci ən böyük dəniz limanıdır. Bəşər Əsədin dövründə liman Rusiyanın “STG Engineering” şirkəti tərəfindən idarə olunurdu, Suriya hökuməti ilə 2019-cu ildə investisiya müqaviləsi imzalanmışdı. Müqavilə şirkətin limanı 49 il idarə etməsini və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoymasını nəzərdə tuturdu. Tartusda həmçinin Rusiyanın hərbi bazası yerləşirdi. Suriyanın yeni hakimiyyət orqanları investisiya müqaviləsini 2025-ci ilin yanvarında ləğv edib.
Hazırkı Suriya hökuməti ilə Əmirliyin logistika qrupu arasında razılaşma Tartus limanı ərazisində sənaye klasterlərinin və azad iqtisadi zonaların yaradılması üzrə birgə işi də nəzərdə tutur. Dubay hökumətinə məxsus olan DP World dünyanın ən böyük liman operatorlarından biri hesab olunur. Şirkət Dubay azad iqtisadi zonasının yaradıcısıdır.
Memorandumun imzalanması ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək qərarından sonra olub. Amerika administrasiyasının rəhbəri Səudiyyə Ərəbistanına səfəri zamanı müvafiq bəyanatla çıxış edib. Onun sözlərinə görə, sanksiyaların ləğvi ilə bağlı qərar Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrdən sonra verilib. Tramp Ər-Riyadda Suriya prezidenti Əhməd əl-Şaraa ilə də qısa görüş keçirib.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ