Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonu, Pirəkəşkül kəndində, Sumqayıtçay üzərində inşa edilmiş kustar körpü fəlakətli durum yaradıb.
Bu barədə Musavat.com-a ərazidə kənd təsərrüfatı ilə məşğul olan sahibkar Natiq Ələsgərli məlumat verib.
Onun sözlərinə görə, illər öncə gediş-gəliş yolunun üstündə normativlərə uyğun tikilmiş körpünün yanında kustar üsulla körpü tikilib:
“Pakistanlı və çinlilərdən ibarət olan yol-tikinti şirkətinin nümayəndələri çayın üstünə 3 ədəd 700 diametrli ölçüdə dəmir beton konstruksiyalı borular qoymaqla və onun üstünü çınqıl örtüyü ilə bağlamaqla kustar, normativlərə cavab verməyən körpüdən istifadə etməyə başlayıblar. Adını belə qoyublar ki, şirkətlərinin müvəqqəti texniki yollarıdır və bu yol ağır tonnajlı texnikanın keçirilməsi üçün nəzərdə tutulubdur.
Eyni zamanda həmin şirkət körpünün ətrafında çayın deltasını və onun ətrafını yarasız hala saldılar. Məlum sel daşqını günü həmin qanunsuz, normativlərə zidd olaraq inşa edilmiş körpü Sumqayıtçayın ötürücülük qabiliyyətini kəskin azaltdı. Çayda artan sululuq çox təhlükəli həddə çatmışdı, ətrafındakı kənd təsərrüfatı təyinatlı torpaqlar üçün reak təhlükə saçırdı”.
Sahibkar deyib ki, şirkətin qeyri-qanuni inşa etdiyi körpü rəsmi qurumların müdaxiləsindən sonra sökülüb:
“Qanunsuz inşa edilmiş körpu dağıdıldıqdan sonra çay suyunun axını bərpa edildi, lakin su axını bərpa edildikdə sındırılmış qanunsuz inşa edilmiş körpünün qalıqları çayın deltasını dəmir beton materialları ilə doldurub, eyni zamanda yığılmış sular dağıdıcılıq gücünü daha da artırıb.
Çayın deltasının dolması nəticəsində çay məcrasından çıxıb xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən təsərrüfatlara külli miqdarda ziyan vurub. İllərlə salınan əncir bağı yararsız hala düşdü, mühafizə hasarının böyük hissəsi məhv oldu, suvarma və digər avadanlıqlar yararsız hala düşüb. Nəticədə illərdir ki, dövlət büdcəsindən mənə verilən subsidiya, həmçinin xərclədiyim vəsaitlər hansısa məsuliyyətsiz şəxslərin günahları ucbatından külə döndü”.
Sahibkar ölkə rəhbərliyinə müraciət edərək xahiş edib ki, Sumqayıtçayın məcrasından çıxmasına yol açan hərəkətlərə yol vermiş şəxslər cəzalandırılsın:
“Sumqayıtçay üzərində normativlərə cavab verməyən, qanunsuz korpü inşa etmiş yol tikinti şirkəti və onlara bu səlahiyyəti vermiş vəzifəli şəxslərin dairəsinin müəyyən edilərək cəzalandırılmalarına və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair göstəriş verilsin”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ