Onlayn ictimai-siyasi qəzet
Özü də Nobel mükafatı laureatı olan böyük yazıçı Bernard Şounun bu mükafat haqqında belə bir ifadəsi var, deyir, Nobel mükafatını elə yazıçılara verirlər ki, bu, üzüb sahilə çıxan boğulana xilasedici kəmər atmağa bənzəyir.
Şou bu sözü o mənada deyib ki, artıq böyük şöhrət qazanan, əsərləri milyon tirajlarla çıxan və satılan, bir xaral qonorar alan yazıçılara, üstəlik, Nobel mükafatının da verilməsi əbəs işdir.
Doğru söhbətdir. Amma bu, ədəbiyyat üzrə verilən Nobel mükafatına aiddir. Əslində isə Şounun bu sözünü sülh üzrə Nobel mükafatı alanlara da aid etmək olar. Çünki onların da çoxu məşhur adamlardır, aralarında prezident, baş nazir postu tutmuş xeyli siyasətçi var.
Budur, ABŞ-nin milyarder prezidenti dirəşib ki, bu il sülh üzrə Nobel mükafatı alsın. Trampa bu mükafatın pulu (1 milyon dollar) lazım deyil, adı lazımdır. Yeri gəlsə, o, yüz elə 1 milyonu ona-buna paylayar.
Bu günlərdə qardaş Pakistanın parlamenti seri Nobel mükafatına namizəd göstərib. Düzdür, ABŞ-nin B-2 bombardmançıları Trampın əmriylə Natanz, İsfahan və Fordodakı nüvə obyektlərini bombardman edəndən sonra Pakistanın siyasət adamları parlamentdən Trampın namizədliyini irəli sürmək təşəbbüsünü geri çəkməsini istəyirlər, amma, Aygün xanım demişkən, “yay çıxıbdı oxdan”.
Tramp özü də deyib ki, xeyir yoxdur, mən Hindistanla Pakistanı barışdırsam da, Rusiya və Ukrayna arasında müharibəyə son qoysam da, mənə Nobel mükafatı verməyəcəklər.
Bir tərəfə baxanda ağsaqqal düz deyir, yuxarıda sözügedən bombardmandan sonra şansı azdır. Amma bilmək olmaz. Adamın yadına mərhum deputat Məzdək Hüseynovun Həccə getmək istəyən dostuna dediyi sözlər düşür. O vaxt dostu Məzdək müəllimdən soruşub ki, Həccə getmək istəyirəm, səncə, necə olar?
Məzdək müəllim deyib, get. Adam deyib, axı zamanında içmişəm, gəzmişəm, almışam, vermişəm, hər şey eləmişəm. Məzdək müəllim deyib, dərd eləmə, səndən betərləri də gedir.
İndi onun sözü olmasın, Natanzı bombalatmaq nədir ki... Daha betər qan tökən, amma sülhpərvərliyə görə Nobel mükafatı alanlar var. Məsələn, Qorbaçov.
İndiki cavanlar bilməz, 40 il bundan əvvəl hakimiyyətə gələn alabaş (Sergeyiviçin başında Ermənistanın xəritədəki əksinə oxşayan ala vardı) ilk qırğınını 39 il öncə Almatıda törətmişdi. Sovet ordusu onun əmriylə rus rəhbərin təyinatına qarşı çıxan qazax tələbələri qırmışdı. Sonra onun əmriylə ordu 1989-cu ildə Tiflisdə gürcüləri qırdı. 1990-cı ilin yanvarında Qorbaçovun əmri ilə daha betər qətliam Bakıda törədildi.
Bu qırğına görə bütün SSRİ, eləcə də yaxın ölkələr şoka girmişdi. Biz Qorbaçova “qəssab”, “cəllad”, “qaniçən” kimi fəxri adlar verdik. Amma həmin ilin oktyabrında lənətullaha Nobel sülh mükafatı verdilər. 3 aydan sonra onun əmri ilə sovet hərbçiləri Vilnüsdə yenə günahsız insanları öldürdülər.
Elə vaxt da, ondan sonra da çox adam deyirdi ki, Qorbaçova sülh mükafatını SSRİ-ni ABŞ-yə uduzdurmasına görə veriblər. Belə deyənlər xeyli haqlıydı. Məhz Qorbaçovun sayəsində “soyuq müharibə” başa çatdı, Kreml əlinin dalını yerə qoydu. Düzdür, adı belə oldu ki, Qorbaçov bu mükafata beynəlxalq münasibətlərdə sülh prosesinin təşviqində roluna, sovet cəmiyyətini demokratikləşdirmək və liberallaşdırmaq səylərinə görə layiq görülür, amma sovet cəmiyyəti nə gəzirdi, demokratikləşmə haradaydı? Bircə qiymətlər liberallaşmışdı, 20 qəpiklik yumurta qalxıb toyuğun özündən baha olmuşdu.
Mürtəd dünyada sülhə töhfə vermişdi, əvəzində SSRİ xalqları (ermənilərlə biz, gürcülərlə osetinlər və abxazlar, özbəklərlə Mehseti türkləri, ruslarla çeçenlər, taciklərlə qırğızlar, moldavanlarla ruslar və s.) səngərə girib atışırdı.
Bu baxımdan Tramp da Nobel mükafatı ala bilər. Kimsə çıxıb ona belə bir təsəlli verməlidir: “Dərd eləmə, ser, o mükafatı səndən betərləri də alıb”.
Hələ onun 3-4 ölkəyə bomba atmaq limiti də var. Sadəcə, gərək ağ eləməsin. Yoxsa Putin deyər ki, niçeqo sebe (hətta daha kobud deyə bilər), 3 il yarımdır Kiyevə bomba atıram, mənə niyə Nobel mükafatı vermirlər.
İndi bu ilin oktyabrında Trampa sülh mükafatı versələr, gərək Netanyahuya da versinlər. O da əziyyət çəkir. Xamneyiyə sülh mükafatı lazım deyil, bunkerini vurmasınlar, bəsidir.
Söhbətə yazıçı Bernard Şounun sözü ilə başlamışdıq, böyük şairimiz Məmməd Arazın 65 il öncə yazdığı “Nobel mükafatı” şeirinin son bəndi ilə nöqtə qoyaq. Şeir belə bitir:
“Demirəm dayandır mükafatını,
Deyirəm, çıxarma bunu yadından;
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından!”
P.S. Qan söhbəti tam yerinə düşür.
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ